"Qarabağ"ın futbolçusu İlqar Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turunda AZAL-la oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Sevinirik ki, qələbə qazandıq. Çox maraqlı, yüksək templi oyun keçdi. Yaxşı mübarizə apardıq, amma bir çox qol vəziyyətlərindən yararlana bilmədik. İkinci hissədə qələbə topunu vurmağı bacardıq. Çempionatın sonlarına yaxınlaşırıq. Xal itirmək bizim üçün böyük itki olar. Hər oyuna ciddi hazırlaşırıq. Daha güvənli, səbrli, ağıllı oynayırıq.
- Bu gün əsas rəqibiniz “Qəbələ” səfərdə “Neftçi” ilə qarşılaşacaq. Bu oyunda hansı hesabı gözləyirsən?
- Əlbəttə, istəyərəm ki, bizə sərf edən nəticə olsun. Amma biz öz oyunumuza diqqət etsək, üstünlük sona qədər bizdə olar.
- İlk hissədə sanki komandada aqressiya çatmırdı, təhlükəli epizodlar yarada bilmirdiniz. Səncə, səbəbi nədir?
- Bir çox imkanlarımız oldu. Qol vura bilməyəndə də səbrli olmalısan. Çünki əks halda, öz qapında qol görə bilərsən. İkinci hissə tempi artırdıq və qələbə qolunu vurduq.
- Sənin mövqendə oynayan, çox vaxt ehtiyatda qalan komanda yoldaşın Arif Daşdəmirov yığmaya çağırıldı, ancaq sən dəvət olunmadın. Təəssüf hissi keçirirsən?
- Xeyr. Bu sualı hər zaman verirlər mənə. Mən bu barədə bir şey deyə bilmərəm. Milli komandada oynamaq təbii ki, istəyərəm. Artıq 7 ildir ki, yığmadan kənarda qalmışam.
- Bəlkə, sən də Robert Prosineçkinin fəlsəfəsinə uyğun gəlmirsən?
- Bilmirəm bu fəlsəfə nədir. İnşallah, biz də o fəlsəfəyə uyğun gələrik (gülür).