"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Sportal.az saytına müsahibə verib
- “Zirə” ilə oyundan sonra halınız pis olmuşdu. Hazırda Şahin Diniyevin durumu necədi?
- İndi hər şey qaydasındadı.Xroniki xətsəlikdi, olan şeydi. Birdən-birə təzyiqim qalxdı. Həyəcandan oldu. Təzyiq məndə yox idi.
- Çoxdan idi qələbə qazanmırdız, bəlkə, buna görə həyəcanlanmışdız?
- Oyunumuz var idi, amma uda bilmiridkik. Hamısı yığılır qalır, biz də canlı varlığıq. Komanda üçün məsuliyyət daşıyırıq. Həmin hissləri yaşamalı idik. Çoxdan idi ki, udmurduq. Məşqçi işi asan deyil. Azarkeşlərin önündə qələbə qazanmaq gözəl hissdi. Azarkeş həyəcanlandığı kimi, biz də həyəcan keçiririk.
- “Kəpəz”də futbolçular çox qol şanslarını qaçırır. Bu meydanın bərbad durumuna görə belədi, yoxsa oyunçularda ustalıq səviyyəsi çatmır?
- Hər iki amili qeyd edərdim. Hamı meydandan şikayətlənir. Bu fikirlərlə mən də razıyam və dəstəkləyirəm ki, meydanın durumu bərbad gündədi. Amma ən böyük ziyan elə “Kəpəz”ə dəyir. Yaradıcı futbolçularımız portuqaliyalı və braziliyalı oyunçulardı. Onlar driblinqlə və topla oynamağı sevirlər. Fikir verin, Dario Frederiko Gəncədə necə oynayır və səfərdə hansı oyunu sərgiləyir. İlk dəfədir ki, bu stadiondan şikayətlənirəm. Hamı danışırdı, mən isə sakit dayanırdım. Belə meydanda yaradıcı futbol oynamaq mümkün deyil. Biz oyuna bir gün qalmış Gəncəyə gəlirik. Bəzən rəqiblərimiz Gəncəyə bizdən daha tez gəlir.
- Son qələbədən sonra 4-cü pillə üçün ürəyinizdə ümid işığı yandı?
- Mən bunu 2 tur əvvəl də demişdim ki, avrokubok şansımız bitməyib. Şans hər zaman var. Əsl peşəkar idmançı son saniyəyə qədər mübarizə aparmalıdı. 90 dəqiqə bitib və əlavə vaxt oynayırıq. Sona qədər mübarizə aparacağıq.
- Növbəti tur “Sumqayıt”ı qəbul edəcəksiz...
- Çempionatda bütün rəqiblər bir-biri ilə mübarizə apara bilir. “Sumqayıt” təcrübəli və gənc futbolçuların vəhdət təşkil etdiyi komandadı. “Sumqayıt”a qarşı ehtiyatlı oynamalıyıq. Minalı ərzaidəyik və atdığımızhər addıma diqqət yetirməliyik. Hər işdə bir neçə variant olur. Amma bizim bir variantımız var: qələbə. Başqa şansımız qalmayıb. Rəqibi aşağılamaq istəmirəm, amma başqa yolumuz yoxdu.
- “Sumqayıt” 3 oyundur ki, qalib gəlmir.
- Onlar kimi biz də “qara zolağ”a düşmüşdük. “Qarabağ” və “Qəbələ” də bu halla üzləşib. Yaxşı komandalar bu vəziyyətdən tez çıxırlar. Ustalıq səviyyəsi aşağı olan klublarda isə bu proses bir az gec olur. “Sumqayıt” da başa düşür ki, bu, onlar üçün son şansdır. Azarkeşlər üçün maraqlı bir oyun olacaq.
- Gəncə şəhər stadionunun ot örtüyünün dəyişilməsi haqda artıq qərar verildi...
- Bəli, Rövnəq Abdullayev bu haqda qərar verdi. Hamı sevinə bilər. Stadionun ot örtüyü yenilənəcək. Yüksək səviyyədə olacaq.
- "Qəbələ" ilə oyunda qırmızı vərəqə alaraq meydandan qovulan Nicat Qurbanovla bağlı nə qərar verdiniz?
- 2 oyunçu dava edib və hər ikisi cəzalanıb. Daha sonra isə Nika Kvekveskirinin 3 oyunluq cəzasını ləğv etdilər. Mən də istərdim ki, sona 6 tur qalmış Nicat Qurbanovun da 4 oyunluq cəzasını 1-2 oyun yüngülləşdirərdilər. Amma Nicat da çox günahkardı. Amma çox istərdim ki, heç olmasa, 1 oyun cəzası azalardı.