Axır ki, bu həfətəsonu AFFA-nın təşkilatçılığı ilə yarışlara start veriləcək. Təəssüf ki, ancaq U-14 Liqasına kimi. U-15, U-16 və U-17 liqalarında isə yarışlar sentyabrın son həftəsi başlamalıdı. Halbuki, keçən il mövsüm tədris ilinin başlaması ilə üst-üstə düşmüşdü. Gecikmənin əsas səbəbi U-15 və U-16 millilrimizlə bağldı. Belə ki, bu ildən etibarən sözügedən millilərin liqalarda iştirakı nəzərdə tutulub. U-15 millimiz U-16 Liqasında, U-16 millimiz isə Gənclər Liqasında çıxış etməlidi. Bu haqda başqa yazıda geniş məlumat verəcəyik. Hələliksə, startı səbirsizliklə gözlənilən U-15, U-16 və U-17 liqaları haqqında.
45 komanda hara və necə yoxa çıxdı?
Başlayaq balacalardan. Yəni, U-15 Liqasından. Bu liqada iştirak edəcək komandalar ötən mövsüm U-14 Liqasında yarışırdılar. Komandalar zonalar üzrə bölünmüşdülər. Hər zonadan reqlamentə uyğun olaraq müəyyən sayda komanda final mərhələsinə vəsiqə qazandı. 16 komandanın iştirak etdiyi final mərhələsində isə qalib və mükafatçılar müəyyən olundu. U-14 Liqasında keçən il iştirak edən 57 komandadan bu il U-15 Liqasına cəmi 12-i çıxıb. Başqa sözlə, 21 faiz. Hesablama aparsaq bu, mindən çox futbolçunun yoxa çıxması deməkdir. Eynilə 2017/18-ci illər mövsümündə olduğu kimi. Bu barədə AFFA-nın martda keçirilən hesabat-seçki konfransından sonra “Yoxa çıxan uşaqlar" sərlövhəli geniş araşdırma yazı hazırlamış, itkinin 80 faiz olmasının səbəblərini göstərmişdik. Yenidən bu mövzuya qayıdacağıq.
Bayaq vurğuladığımız kimi, bu il U-15 Liqasında aprelə kimi mövcud olan 57 komandadan cəmi 12-i qatılacaq. Onlardan 8-i liqalara məcburən komanda çıxaran Premyer Liqa təmsilçiləridir. 2 komanda - İsgəndər Cavadov BFA və “Xilə" yeni yaradılıb. Qalan 4 komanda isə bunlardır: “Gəncə" TİM, “Mil-Muğan", “Neftçi" İK İB və “Zaqatala". Fikir verdinizsə, cənub bölgəsindən 1 komanda belə bu çempionatda iştirak etməyəcək. Yəqin ki, Salyandan o tərəfə 2004-cü il təvəllüdlü uşaqlar yoxdur. Ya da 2004-cü ildə dünyaya gələnlərin hamısı qız uşaqlarıdı. Təbii ki, bunlar ironik fikirlərdir. Maraq üçün deyək ki, ötən il Cənub zonasında 2004-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş 8 komanda mübarizə aparırdı. Eyni sözləri Şimal bölgəsinə də aid etmək olar. 8 komandanın hamısı ləğv edilib.
Digər zonalara gəlincə. Mərkəz zonasında 8 komandadan yalnız 1-i - “Mil Muğan" bu il U-15 Liqasında çıxış edəcək. Şimal, Qərb-Qarabağ zonasının 13 komandasında isə yalnız “Zaqatala" qalıb. Bildiyim qədər əslində, bu komanda da çempionata qatılmamalı idi. “Zaqatala" rəhbərliyi U-15 komandasını çempionata buraxmaqda maraqlı deyildi. Sadəcə, valideynlərin inadkarlığından və onların çəkiləcək xərcləri öhdələrinə götürmələrindən sonra “Zaqatala"nın U-15 komandası çempionata qatıldı. Bu mövzuya da qayıdacağıq.
Keçək futbolumuzun beşiyi sayılan Qərb bölgəsinə. Qərb-Gəncə zonasında çıxış edən və o bölgədə demək olar ki, bütün rayonları təmsil edən 10 komandadan yalnız 1-i yaşayır. O da Gəncə TİM-dir. “Kəpəz" yox ha! Təsəvvür edin ki, Mingəçevir, Gəncə, Tovuz, Qazax, Şəmkir kimi futbolu həmişə olan rayonlardan heç bir komanda U-15 Liqasında iştirak etməyəcək. Budur uşaq futbolunun inkişafı?
Bir neçə kəlmə də Paytaxt zonası haqqında. U-14 Liqasında bu zonada 10 komanda yarışırdı. Onlardan “Qəbələ" və “Sumqayıt" Bakı təmsilçiləri deyillər. Qalan 8 komandadan “Mançester Yunayted"in yoxa çıxması diqqət çəkir. Bir neçə il əvvəl AFFA “Bakcell"ə birgə layihə kimi bu komandanı yaratmışdı. Klubların nəzdindəki akademiyalardakı perspektivli uşaqlar “Mançester Yunayted"ə gətirilmişdilər. Əslində, yaxşı layihə idi. Təəssüf ki, “Baksell" maliyyələşdirmədən imtina edincə, komanda dağıldı. Maraqlı burasıdır ki, sonradan həmin uşaqların demək olar ki, heç biri klublarına qaytarılmadılar. Hamısı “Səbail"ə aparıldı. Yəni, AFFA-nın komandasına. Daha maraqlı olan məqam ondan ibarətdir ki, heç kim buna etiraz belə etmədi. Yoxsa...
U-15 Liqası ilə bağlı yeganə sevindirici məqam İsgəndər Cavadov BFA və “Xilə" ilə bağlıdır. Əlbəttə, bu komandalar haqqında bir müddət sonra geniş məlumat verəcəyik. Yeri gəlmişkən, bu yaş qrupunda yarışların 2 dövrədə keçiriləcəyi gözlənilir. Bu isə hər komanda üçün 26 oyun deməkdir. Avropa ölkələrində keçirilən liqalardan təxminən 2 dəfə az!
İştirakçılar: 8 Premyer Liqa klubunun təmsilçiləri + Gəncə TİM, “Mil-Muğan" (İmişli), “Neftçi" İK İB, İsgəndər Cavadov BFA, “Xilə" (Şağan), “Zaqatala".
1000 manatın badına gedən komanda
Ötən il U-15 Liqasında yarışan komandalar bu il U-16 Liqasında mübarizə aparacaqlar. Amma hamısı yox. Məsələn, ölən ilki iddialı “Kəpəz" artıq yoxdur. Onu Gəncənin digər təmsilçisi Gəncə TİM əvəzləyəcək. Digər “rəhmətlik" Sumqayıtı təmsil edən İOEUGİM-dir. Bu komandanın ləğv olunması barədə bir qədər ətraflı. Veteran futbolçumuz Baba Əsgərovun çalışdırdığı İOEUGİM-nin dağılmasının əsas səbəbi maliyyədir. Ötən il Gənclər və İdman Baş İdarəsinin Sumqayıt filialının dəstəyi və dost-tanışın köməyi ilə U-15 Liqasına komanda buraxan Baba müəllim bu il çarəsizlikdən kənara çəkilməli oldu. Məlumdur ki, liqalarda iştirak edən komandaları saxlamaq, onları səfərə göndərmək, oyunları qəbul etmək üçün müəyyən xərc tələbə olunur. Bildiyim qədər, baş idarə komandanın səfər xərclərini üzərinə götürmüşdü. Qalırdı inventar və meydan məsələsi. Xatırlayırsınızsa, son birinciliyin gedişində İOEUGİM ev oyunlarını Sumqayıtdakı “İnşaatçılar" stadionunda keçirirdi. Əgər ora stadion demək mümkün idisə. Bərbad durumda olan meydanda oynamaq futbolçular üçün əməlli-başlı əziyyət idi. Təsadüfi deyil ki, belə yerdə komandanın 2 futbolçusunun ayağı sınmışdı. Bəs, nəyə görə baş məşqçi futbolçuları “İnşaatçılar"da oynamağa məcbur edirdi. Axı, bir qədər abırlı durumda olan Mehdi Hüseynzadə adına stadiondan da istifadə etmək olardı. Səbəb maliyyədi. Gənclər və İdman Nazirliyinin tabeliyində olan stadion təsərrüfat hesablı olduğu üçün orada keçirilməli olan 1 oyun üçün 150-200 manat tələb olunur. Gündəlik məşqlərə isə təxminən 50-60 manat. Bu isə aylıq 1000 manata yaxın vəsait deməkdir. Əgər Gənclər və İdman Baş İdarəsi komanda üçün bu pulu ayıra bilmirsə, onda nə etməli? Komandanı dağıtmalı. Çarəsiz Baba Əsgərov da bunu etdi. Sual oluna bilər, İOEUGİM yenə də ev oyunlarını və məşqləri “İnşaatçılar"da keçirə bilərdi. Buna da baş məşqçi razı olmadı. Çünki meydan elə vəziyyətdədir ki, hər bir futbolçu hər an rəqiblə təmasda olmasa belə zədələnə bilər. Komanda buraxıldı, futbolçuların bir hissəsi Bakı təmsilçilərinə üz tutdu. Qalanları isə...
Eyni sözləri “Zaqatala" haqqında da demək olar. Doğrudur, ötən il bu komanda U-15 Liqasında sonuncu yeri tutmuşdu. Amma bu, komandanın dağıdılması ilə nəticələnməməli idi. Zaqatala təmsilçisinin məşq etməyə, komanda qəbul etməyə meydanı olduğu halda yalnız komandanı inventar və yol xərci ilə təmin etmək qalırdı. Görünür, bölgə təmsilçisinin buna ya gücü çatmadı, ya da istəmədi.
Yaxşı ki, bu liqada yeni komandalar da görəcəyik. Özü də onlardan biri bölgə təmsilçisi - Qusarın “Şahdağ" komandasıdır. Digəri isə “Xilə"dir (Şağan). Hər iki komanda iştirak barədə sifarişi son anda verdiyi üçün onlar haqqında geniş məlumat toplamaya bilmədik.
Bu 14 komandaya daha birinin qoşulması mümkündü. Söhbət U-15 millimizdən gedir. Artıq, bu barədə razılıq var. Yalnız sənədləşmə işləri ilə bağlı məsələ qalır. Əgər bu da həllini tapsa, yeni yaradılan U-15 millimiz U-16 Liqasında yarışacaq. Burada bir məqəm toxunmaq yerinə düşər. Məsələ burasındadır ki, U-16 millimizin də Gənclər Liqasında oynaması məsələsi gündəmdədir. Belə olacağı təqdirdə iddialı komandaların heyətlərində ciddi itkilər olacaq. Nəticədə çempionat zəifləyəcək. Analoji hal U-15 Liqasında yaşanacaq. Bu isə başqa söhbətin mövzusur. Ətraflı digər yazımızda məlumat verəcəyik.
İştirakçılar: 8 Premyer Liqa klubunun təmsilçiləri + Gəncə TİM, “Viləş" (Masallı), “Turan-Tovuz", İsgəndər Cavadov BFA, “Neftçi" İK İB, “Şahdağ" (Qusar). U-15 millisinin iştirakı gündəmdədir.
Hanı “Kəpəz", hanı “Turan"?
Nəhayət bir qədər də U-17 Liqası haqqında. Keçən ilki 16 yaşlıların çempionatında cəmi 11 komanda mübarizə aparırdı. Bu il artım var. Birincilikdə 12 komanda yarışacaq. Güman ki, çempionat 3 dövrəli olacaq. İştirakçılara gəlincə, aralarında yoxa çıxanlar var. “Turan-Tovuz" artıq, bu yaş qrupuna komanda buraxmayacaq. Tovuz klubu 17 yaşlıları əsas komandada oynadacaq. “Ağsu"da məhz buna görə U-17 komandasını ləğv edib. “Kəpəz" də yoxdu. Onu Premyer Liqa debütantı “Sabah" əvəzləyəcək. Bu komanda keçən ilki “Vətən"in bazasında formalaşdırılıb. Yoxa çıxanların yerini dolduran komandalardan biri “Mil-Muğan"dı. Ötən ilki U-17 Liqasında da İmişli təmsilçisi var idi və çempionatın aşkar autsayderi idi. Səbəbsə heyətdə əksər futbolçuların 2002-2003-cü il təvəllüdlü olması idi. Bu il həmin heyət öz yaş qruplarında çıxış edəcəklər. Eyni sözləri “Xəzər Lənkəran" haqqında da demək olar. U-17 Liqasında son sıralarda gedən və əsasən 15-16 yaşlı futbolçulardan təşkil olunan “Xəzər Lənkəran"ın bu il daha iddialı olacağı gözlənilir. 12-ci olan və yeni yaradılan “Tufan" isə Bakı təmsilçisidir.
İştirakçılar: 8 Premyer Liqa klubunun təmsilçiləri + “Mil-Muğan" (İmişli), “Neftçi" İK İB, “Xəzər Lənkəran", “Tufan" (Bakı).
Hələlik yarışların reqlamenti, əsasnaməsi, turnir cədvəli, bir sözlə, çox şey məlum deyil. Güman ki, yaxın günlərdə bunların hamısı hazır olacaq və bizdə çempionat barədə geniş təsəvvür yaranacaq. Məlum olan budur ki, liqaların bu ilki vəziyyəti keçən ilki ilə demək olar ki, eynidir. Ümumilikdə 3 çempionatda 40 komanda mübarizə aparacaq ki, bu da keçən mövsümlə müqayisədə 2 komanda çox deməkdir. Buna şükür! Əgər son mövsümdə 38 komandanın 13-ü Abşeron yarımadasından kənardakı şəhər-rayonları təmsil edirdilərsə, bu il onların sayı 12-ə düşüb. Buna isə...
İlqar TAĞIYEV
“Het-trik news” qəzeti