Rəşad Sadıqovun başladığı iş yarımçıq qaldı... QEYD

18:10 - 1 Fevral 2019

AFFA-nın aşağı yaş qrupları üzrə millilərlə bağlı yürütdüyü siyasət son illər iyrənc xarakter almışdı. “Karusel” mexanizmi ilə fəaliyyət göstərən millilərdə eyni məşqçilər bir-birini əvəzləməklə məşğul idi. Heç bir ciddi uğur olmasa da, yığma komandalara qıraqdan heç kimi yaxın buraxmırdılar. Bu tendensiyaya Rəşad Sadıqovun millilərə gəlişi ilə son qoyuldu. Köhnələrin hamısı yola salındı, nəhayət, aşağı yaş qrupları üzrə millilərdə də yeni adlar görə bildik.

 

Ümumiyyətlə, Rəşad Sadıqovun bütün yaş qruplarını nəzarətə götürməsiylə aşağıda əməlli canlanma yarandı. U-16, U-18, U-20 yığmalarının yaradılması ilə bağlı əhəmiyyətli qərar verildi. U-21 millisində daha çox 18-19 yaşlı uşaqlara güvənən Sadıqov növbəti tsikl üçün bünövrə qoydu. U-17 mərhələ keçə bilməsə də, U-19 elit-raunda adladı. Seleksiya işləri daha ciddi xarakter aldı. Bir sözlə, heç olmasa, bir ümid yarandı gələcəyə. Lakin onun gedişi ilə sanki uçuş zolağından havaya qalxmağa hazırlaşan təyyarəyə qanad açmağa imkan vermədilər. Bütün məşqçilər qovuldu, yeni yaradılmış millilər ləğv edildi. Elə bil, lazımsız bir əşya kimi atdılar kənara hər şeyi...

 

Məşqçilər göndərildi, bunun nə üçün edildiyini anladıq. Bəs, yeni yaradılmış millilər niyə ləğv edildi? Axı, futbolun içində olanlar bu millilərin mövcüd olmasının nə qədər əhəmiyyətli olduğunu bilir. Misal üçün, elit-raunddan sonra U-19 yığmasının futbolçuları həmin millidə çıxışını başa vuracaq. İndiki halda onlardan yalnız 2-3 nəfəri U-21 yığmasına düşmək gücündədi. Bu isə o deməkdir ki, bu uşaqların böyük əksəriyyəti təxminən 3 il milli komandadan kənar qalacaq. Onların vaxtı çatanda isə U-21-in baş məşqçisi gərək yenidən o uşaqları bir yerə yığsın və onlarla seçmə tsikldə mübarizə aparsın. U-20 olduğu halda həmin uşaqlar bu 3 ili bir yerdə keçirib, toplanışlarda, turnirlərdə, yoldaşlıq oyunlarında iştirak etmək imkanı qazanacaqdılar.

 

Görünən odur ki, futboldan çox vəzifə, nüfuz savaşına bənzəyir yaşananlar. Bu hadisədə adamı ən çox məyus eləyən odur ki, Məşqçilər Komitəsində əyləşən ağsaqqallarımız səsini çıxarıb, buna etirazlarını bildirməyə cürət eləmirlər. Axı, kim də olmasa, onlar yaxşı anlamalıydılar yeni yaradılmış millilərin mahiyyətini.  Amma necə deyərlər, həqiqəti bilməklə həqiqəti demək arasında məsafə elə də yaxın deyil.   

 

Mehman Əşrəfov

  

Xəbər xətti