"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 11-ci turunda evdə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb
Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis qələbəni şərh edib:
"Bu 3 xal bizə lazım idi. Komandamız möhtəşəm oynadı. Son oyunlarda qol imkanı yaradaraq, fərqlənə bilmirdiksə, bu gün geridə olduğumuz oyunu geri çevirdik".
Təcrübəli çalışdırıcı oyunun sonlarında yaşanan insidentlə əlaqədar futbolçularını müdafiə edib:
"Heç kimin mənim futbolçuma aqressivlik etməyə haqqı yoxdur. Onları heç kim aşağılaya bilməz. Öz futbolçularımın arxasında durmalı idim. İndiyədək elə bir futbolçu olmayıb ki, onunla soyuqluğum olsun. Füzuli Məmmədovla uzunmüddətli səfərə çıxmışıq. Futbolun emosionallığı ondadı ki, futbolçular kimi məşqçilər də belə insident yaşayırlar. Amma bunlar elə meydanda qalır. Füzuli Məmmədovla oyundan sonra görüşməmişəm. Yəqin ki, ya sabah zəng edəcəm, ya da bu gün zəng edib danışacam".
Əhmədov komandanın qışda daha da güclənməyə ehtiyacının olduğunu vurğulayıb: "Hələ siyahı hazırlamamışam. Yeni nəfəs istəyirik. 3 oyunçuya, o cümlədən, 1 hücumçuya ehtiyacımız var. Qarşıda 3 çətin oyunumuz olacaq. Heyətdə dəyişikliklər edəcəyik. Amma indidən bu haqda danışmaq tezdi".
Baş məşqçi Sezar Meza Kollinin çıxışından razılıq ifadə edib: "Hər bir komandada lider futbolçu olmalıdı. Dani Kintana zədələnəndən sonra "Qarabağ" APOEL-ə qarşı oynaya bilmədi. Sezarın liderliyi göz önündədi. Onun komandaya xeyri varsa, niyə də yararlanmayaq? Futbolçuları motivasiya etmək üçün fərqli üsul seçmişdim və bunun bəhrəsini gördük. Meza Kolli bundan da yaxşı çıxış edə bilər. Yarımmüdafiə xəttində Con Kamara və Tural Bayramlı olmasa, hər hansı rotasiyaya əl atacağıq".
saytlarin hazirlanmasi