Tərlan Əhmədov: "Milliyə məndən də təcrübəli baş məşqçi lazımdır"

17:21 - 24 Noyabr 2019

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 12-ci turunda səfərdə "Zirə"yə 1:3 hesabı ilə uduzduqları oyundan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

 

- "Zirə" layiqli qələbə qazandı. İlk dəqiqələrdə iki kobud səhvlə hesab 0:2 oldu. 3 uşaq səhvindən qol buraxdıq. Hansısa arxayınlıq var idimi, onu deyə bilmərəm. Görünən odu ki, komanda oyuna tam köklənə bilməyib. Bu baş verməli idi. Çünki 7 tur idi uduzmurduq. Bu bizə böyük dərs oldu.

 

- Penalti epizodu ilə bağlı fikriniz nədi?
- Söz vermişəm ki, hakimlik haqda danışmayacam. Əgər uduzmuşuqsa, penaltimizi verməyibsə, qapımıza penalti veribsə... Bizim futbolçuları hər dəfə əvəzləmə zamanı məcbur edirlər ki, yaxın yerdən çıx. Artıq qərar verilib. Məğlub olmuşuq, yalnız oyunumuz barədə düşünürəm. Hakim səhv edə bilər. Bəzi şeylər qarşılıqlı olmalıdı. Bizə məcbur edilənlər, rəqibə də olmalıdı.

 

- Kamara çox zəif çıxışı ilə yadda qaldı...
- Düz vurğuladınız. Milliyə gedən futbolçularımız zəif təsir bağışladı. Kamara, Vüsal və Tural çox aşağı səviyyədə oynadı. Bəlkə də, yorğunluq var idi. Turalın problemi məni çox narahat edir. Hər dəfə milliyə gedib-gələndə bu problemi yaşayırıq.

 

- Sezarın qırmızı vərəqəsi adi epizod idi, yoxsa aqressivliyin nəticəsi?
- Belə hərəkətləri nə hakim, nə də biz bağışlamırıq. Daxili kodeksə uyğun addım atılacaq.

 

- Millinin baş məşqçisi postuna sizin də adınız hallanır. Təklif olarsa, cavabınız nə olar?
- Adımın hallanması xoşdur, amma “Keşlə” ilə müqaviləm var. Başladığım işi sona qədər davam etdirməliyəm. Düşünürəm ki, milliyə daha təcrübəli məşqçi lazımdır. Biz millini dirçəltməyə çalışmalıyıq. Bunun üçün də çox nüanslar lazımdır. İllərlə görüləsi məsələdir. Şəxsən mən yerli və təcrübəli mütəxəssis istərdim.

 

- Bundan sonra “Sumqayıt” və “Qarabağ”la oyunlarınız var.
- Son turlarda məğlub olmurduq. Həddən artıq həyəcanlı idim. Dünənki toplantıda da futbolçulara da xəbərdarlıq edirdim. Sınma nöqtəsi ola bilərdi. Uduzsaq da, irəli ümidlə baxmalıyıq. Məğlubiyyət varsa, gələcəkdə qalibiyyət də olacaq. Sadəcə, düzgün nəticə çıxarmalıyıq.

Xəbər xətti