Roberto Bordin: "Onun komandadan geri qaldığını necə görürsünüz ki?"

19:25 - 24 Noyabr 2019

Azərbaycan Premyer Liqasında XII turun “Neftçi” – “Qəbələ” oyunundan sonra təşkil olunan mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəsis qələbəni şərh edib:

 

- Komandanın oyunundan razı qaldım. Futbolçular matça düzgün yanaşdılar. Son məğlubiyyətdən nəticə çıxarmışdıq. Qələbə çox vacib idi. Amma yaxşı oyun bundan daha önəmli idi. İlk dəqiqələrdən yaxşı çıxış etdik və layiqli qələbə qazandıq. Futbolçularımı təbrik edirəm.

 

- Baqali Dabonun olmamasının səbəbi nə idi?
- Zədəlidir. Bu səbəbdən heyətə salınmamışdı.

 

- Hesaba baxsaq, rahat qələbə qazandığınızı deyə bilərikmi?
- Futbolda asan qələbə olmur. Qələbə qazanmaq üçün döyüşmək lazımdır. Futbolçular bunun öhdəsindən gəldilər.

 

- Vangelis Platellas ilk vaxtlar davamlı olaraq start heyətdə yer alırdı. İndi isə daha çox ehtiyatda qalır. Buna səbəb nədi?
- Bu, məşqçi heyətinin seçimidir. Həftəboyu məşqlərə baxıb, buna uyğun heyəti müəyyənləşdiririk. Platellas oynayan vaxtlarda da, başqa bir futbolçu ehtiyatda qalırdı. Onun qol vurmasına görə çox sevinirəm. Oyuna sonradan daxil olanda komandaya fayda verməyə çalışır. Bu gün əziyyətinin bəhrəsini gördü.

 

- Voyislav Stankoviçi Mbodjla əvəzləməyiniz nə ilə bağlı idi?
- Bu gün meydana sonradan çıxan hər üç futbolçu oyuna yaxşı qoşuldu. Stankoviçdə yorğunluq görünürdü. Buna görə də onu əvəzlədik.

 

- Donald Geryenin tam formada olmadığı görünür, sanki ümumi ansambldan geri qalır. Onun əvvəlki kimi oynaması üçün nə qədər zaman lazımdı?
- Onun komandadan geri qaldığını necə görürsüz ki?

 

- "Qarabağ”dakı Geryeyə bənzəmir...
- Normal haldır. Komanda ilə təlim-məşq toplanışında olmayıb. Bu səbəbdən fiziki forması pik həddə olmaya bilər. Bunun üzərində işləyirik ki, formasını bərpa etsin.

Xəbər xətti