Arzularımızın gerçəkləşmədiyi rəngarəng Sevilyadan reportaj - FOTOLAR

15:28 - 1 Dekabr 2019

İstiqamət İspaniyanın cənubundə yerləşən, Əndəlüsiya vilayətinin mərkəzi olan Sevilya şəhərinədir.

 

Azərbaycanı ardıcıl 6-cı dəfə avrokubokların qruplarında təmsil edən “Qarabağ” növbəti mərhələ şansını qorumaq üçün İspaniyada “Sevilya”ya uduzmamalı idi.

 

Oyundan 2 gün öncə şəhərdə qarşılaşmanın ab-havası hiss edilmirdi. Matçın afişasına nəinki şəhərin küçələrində, heç “Ramon Sançes Pisxuan”ın yanında da rast gəlmədik. Küçələrdə daha çox film və tamaşaların afişası yerləşdirilmişdi.

 

Sakit həyat tərzi sürən şəhər sakinləri bahalı maşınlardan istifadə etmir. Sevilyada velosiped və mopedlərə daha çox rast gəlmək mümkündür. Bu nəqliyyat vasitələri üçün xüsusi zolaqlar var. Velosiped və mopedləri ucuz qiymətə kirayələyib, şəhəri gəzə bilərsiniz. Hətta onların təhlükəsizliyi üçün hər yolda işıqfor quraşdırılıb. Yaşlı nəslin nümayəndələri də velosipeddən istifadə edir, sağlam həyat sürür.

 

 

Yerli qadınlara diqqətlə fikir versəniz, zinət əşyaları və makiyaja önəm vermədiklərini görərsiniz. Kobud deyillər, ancaq üzünüzə baxıb, gülümsəməzlər. Azərbaycanlı qadınlardan fərqləndirən cəhətləri küçədə tam sərbəst, sevgililəri ilə rahat gəzmələridir.

 

 

 

 

Sevilyada Asiya və Afrika qitələrindən gəlmələr çoxluq təşkil edir. Onlar daha çox səyyar satışla məşğul olurlar.

 

 

Gecə 22:00-dan etibarən market və mağazalar bağlı olur. Hətta günorta saatlarında mağazalardakı işçilər 2-3 saatlıq fasiləyə çıxır. Saat 20:00-dan sonra isə spirtli içkilərin satışı böyük marketlərdə qadağan edilib.

 

Sevilyanı gəzdikcə qədim şəhər olduğuna canlı şahid olursan. 800 il ərəblərin hakimiyyəti altında olan şəhərin öz ruhu, rəngi var. Qonaqpərvər olduqlarını vurğulamaq lazımdır.

 

 

Şəhərə “İspaniya” meydanına görə vurulmamaq mümkün deyil. Meydanda süni göl və üzərində körpülər salınıb. Turistləri özünə cəlb edən bir yerdir. Sevilya həm də 100-dən çox operanın yaranmasına ilham verib. Gəzdikcə aşiq olursan.

 

 

Quadalquivir çayının kənarında şəhərin daha bir simvolu olan “Torre Del Oro” (“Qızıl qüllə”) qalası yerləşir. 13-cü əsrdə inşa edilən qalanın inşasında samandan istifadə edildiyi üçün günəş şüaları dəyərkən qızıl kimi parıldayır.

 

 

Məşhur ispaniyalı yazıçı Migel de Servantes bu qalada həbsdə yatıb və “Don Kixot” əsərini bu zindanda qələmə alıb. Amerikanı kəşf etmək üçün səyahətə çıxan Krisofor Kolumbun yolu bu qaladan düşüb.

 

 

Oyun günü axşam şəhərdə canlanma yarandı. Klubun stadiondakı fan-şopunda alıcıların sayı xeyli artmışdı. Qiymətlər avropalı fanatlar üçün münasib idi. “Sevilya”nın forması 70 avro dəyərindədir. 

 

 

Stadion tam dolmasa da, azarkeşlər əla atmosfer yaratmışdı. Oyunda azsaylı azərbaycanlı fanatlar da var idi. Tələbələr Sevilyaya Madriddən gəlmişdi.

 

 

Qarşılaşma isə gözlənildiyi kimi meydan sahiblərinin xeyrinə tamamlandı. Oyunun 16-cı dəqiqəsində yerli azarkeşlərin ayaq üstə 1 dəqiqəlik alqışı diqqətdən qaçmadı. 2007-ci ilin avqustun 25-də “Xetafe” ilə oyunun 31-ci dəqiqəsində əndəlüsiyalıların futbolçusu Antonio Puerta ürək çatışmazlığından yerdə qalmışdı. Lakin sonradan ayağa qalxan və oyunu tərk edən sol cinah müdafiəçisi paltardəyişmə otağında da huşunu itirmişdi. Puerta xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmamışdı. 2 gün xəstəxanada qalan ispaniyalı oyunçu 22 yaşında həyatla vidalaşmalı oldu. “Sevilya” 16 nömrəli futbolkanı geyinmiş yetirməsinin şərəfinə matçların 16-cı dəqiqəsində onun şəklini stadiondakı ekranlarda nümayiş etdirir və azarkeşlər ayağa qalxıb, alqışlayır.

 

 

İlk hissədə qapısını toxunulmaz saxlayan “Qarabağ” fasilədən sonra hesabda geri düşdü. Oyunun sonlarına yaxın ağdamlılar xeyli fəallaşdı və qol şansları yaratmağa başladı. Epizodların birində Abdullah Zubir yerdə qalsa da, hakim ağ nöqtəni göstərmədi. Bəlkə də, 11 metrlik cərimə zərbəsi təyin edilsəydi, nəticə fərqli ola bilərdi. Çünki “Qarabağ”ın İspaniyada yaxşı xatirəsi var idi, amma bu dəfə olmadı...

 

APOEL-in “Düdelanj”a qalib gəlməsi ilə “Qarabağ”ın qrupda qalacağı dəqiqləşdi.

 

Bataqlıqdakı Azərbaycan futbolunun çiçəyi olan “Qarabağ” üçün şansların böyük qismi Nikosiyada sona çatmışdı.

 

Nə qədər acı olsa da, təmsilçimiz hər iki oyunda üstün olduğu APOEL-lə bacarmadı. Əminliklə deyərdim ki, “Qarabağ” bu mövsüm ən pik səviyyəsini APOEL-lə matçlarda göstərmişdi. Fikrimcə, “Qarabağ”ın qrupdan çıxmamasını faciəyə çevirmək lazım deyil. Ən azından APOEL də “Qarabağ” kimi güclü komandadır. Müqayisə aparsaq, kiprlilərin beynəlxalq arenada uğurları daha çoxdur. Sadəcə, “Qarabağ”ın APOEL-dən üstün oynayıb, nəticə əldə edə bilməməsi azarkeşləri, futbol ictimaiyyətini daha çox üzür.

 

“Qarabağ”a yeni qan lazımdır. Bir neçə transferlə çatışmayan cəhətlər aradan qaldırılmalı və mütləq hücumçu problemi həll edilməlidir.

 

Bu mövsüm “Qarabağ”ın qrupdan çıxa bilməməsinin əsas səbəblərindən biri də heyətin kasad olması oldu. Aparıcı, kreativ futbolçuların zədələnməsindən sonra onlara alternativ tapılmadı və sonda da acı nəticə oldu.

 

Image may contain: 11 people, outdoor

 

Maraqlıdır ki, ictimaiyyət artıq “Qarabağ”ın Avropa Liqasının qrupunda oynamasını böyük uğur kimi qəbul etmir. Komanda qrup mərhələsinə düşən kimi hamı heyətə, rəqiblərə, çempionatımızın bərbad səviyyəsinə baxmadan “Qarabağ”dan, Qurban Qurbanovdan 1/16 finalı tələb edir. Kipr və Lüksemburq çempionatındakı komandaların sayı Azərbaycan Premyer Liqasındakı klublardan daha çoxdur. Bu komandalar ölkə kubokunda mübarizəyə 1/32 final və ya 1/16 finaldan başlayırlar. “Qarabağ” isə 1/4 finalda rəqibini gözləyir. Bunlar hələ ən kiçik müqayisələrdir.

 

Maraqlıdır ki, tələb edənlər bu amillərə fikir vermir, nəticə istəyir. Ancaq biri ortaya çıxıb ölkə çempionatının səviyyəsini aşağı salan, Azərbaycan futbolunu bataqlığa çevirənlərdən hesabat tələb etmir.

 

Avropa Liqasının qrup mərhələsi Azərbaycan futbolu üçün ciddi uğurdur. “Qarabağ” düzgün qurduğu siyasətlə nəticə tələb edilməsinə özü şərait yaradıb. Səviyyəli çempionat, uşaq futbolundakı ciddi problemlər aradan qalxandan sonra klublarımızdan hansısa böyük uğur tələb etmək olar. 

 

Oyundan sonra geri dönərkən təyyarədə “Qarabağ”ın kapitanı Rəşad Sadıqov jurnalistlərin qonağı oldu. 6 saatlıq uçuşda futbolla bağlı müzakirələr oldu, təcrübəli müdafiəçi suallarımızı cavablandırdı, karyerasınının maraqlı xatirələrini bizimlə bölüşdü. Bir sözlə, yolun uzaqlığı, yorğunluğu hiss edilmədi. Uzun söhbətin 19 dəqiqəsini oxucularla təqdim etmək üçün kapitanın razılığını aldıq. Müsahibə hava gəmisində hazır idi, qalmışdı təqdim edilməsi...

 

Ümumi götürsək, sakit, gözəl, dinamik şəhərdən istədiyimiz nəticə ilə ayrıla bilməməyimizə üzüldük. Arzuladığımız xoş günləri görmək üçün növbəti mövsümü gözləməliyik...

 

Mehman Əşrəfov

 

Image may contain: one or more people, sky, cloud and outdoor

Xəbər xətti