"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:
- Çempionat oyunu ilə bugünkü çıxış arasında fərq var idi. Ötən matçda daha aqressiv idik. Kubok oyunları həmişə həyəcanlı olur. Bunun cavab görüşü də var. İtkilərə baxmayaraq, daha inamlı oyun gözləyirdim. Hücumda bir balaca istədiyimizi edə bilmədik. Bu da yorğunluqla bağlıdır. 12-13 nəfərdən ibarət heyətdir. Artıq əzələlər də tab gətirmir. Çalışdıq top buraxmayaq, imkan daxilində qol vuraq. Çalışacağıq ki, cavab görüşündə qələbə qazanaq.
- İki cəbhədə mübarizə aparmaq çətin deyil?
- Kubok oyunu varsa, mübarizəmizi aparırıq. Bu heyətlə iki cəbhədə yarışmaq çox çətindir. Bu, bizi hər iki cəbhədən məhrum edə bilər. Mənim düşündüyüm çempionat oyunlarıdır. İki yeni futbolçu da komandaya cəlb olunacaq. Komandaya yeni nəfəs lazımdır. Çempionat oyunu mənim üçün daha önəmlidir.
- Daha bir itkiniz oldu...
- Ruslan Qurbanovun zədəsi ciddidir. Sezarda vəziyyət normaldır.
- Köməkçiniz Mehman Babayevin dünən məşqdən sonra saxlanılması xəbəri nə dərəcədə doğrudur?
- Bu barədə məlumatım yoxdur. Bilmədiyim şey haqda deyəcəyim heç nə yoxdur. Nə olacaqsa, siz bizdən tez biləcəksiniz.
saytlarin hazirlanmasi