Van Persi getdi hücumçu yetişdirməyə, Vəli Qasımov isə... - YAZI

21:05 - 6 Mart 2020

Ötən il karyerasını bitirən Niderland futbolunun canlı əfsanəsi Robin van Persi doğma klubu “Feyenoord”da hücumçularla işləyən məşqçi təyin edilib. Klubun saytı bu barədə yazır: “Rəhbərliyimiz onun Robert Bojenik kimi gənc hücumçuların inkişafında böyük rol oynayacağını düşünür”.

 

Yuxarıda gördüyünüz kimi, van Persiyə etibar edilən vəzifəni xüsusi qeyd etmişəm. Səbəb isə odur ki... Bəli, biz qapıçılarla işləyən məşqçiləri bütün klublarda görə bilirik. Amma sırf hücumçu ilə işləyən məşqçi institutu müasir futbolda çox geniş yayılmasa da, hər halda az da deyil. Bəs, belə bir təcrübə Azərbaycanda varmı?

 

Araşdırmalarım zamanı öyrənə bildim ki, yoxdur, olmayıb da. Halbuki futbolumuzda bütün dövrlərdə problemli mövqe məhz hücum olub. Son 10 ildə sırf Azərbaycan futbolunun yetirməsi olan mərkəz hücumçularının siyahısına da nəzər saldım. Buna siyahı adlandırmaq nə dərəcədə düzgündür, bilmirəm. Orada milli komanda səviyyəsinə kimi yüksələn cəmi iki tanınan ad oldu – Rauf Əliyevlə Mahir Emreli. Yüngül təsəllimiz isə odur ki, AFFA Rusiya futbol məktəbinin üzvü Ramil Şeydayevlə Almaniyada yetişən perspektivli Renat Dadaşovu milliyə cəlb edə bildi. Yoxsa bu gün-sabah hücumda kimi oynadardıq?

 

Ümumiyyətlə, bizdə problemli məsələlərdən biri futbolçularla fərdi qaydada işləyən məşqçilərin olmamasıdır. Mənzərəni tam açmaq üçün kiçik izah: Azərbaycanda bütün baş məşqçilər komandalarının məşq prosesinə, oyunçulara nəzarət edir, texniki-taktiki məsələləri həll edir. Amma klublarda gənc oyunçularla ayrıca işləyən məşqçi yox səviyyəsindədir. Daha doğrusu, bir tək “Qarabağ”da belə bir iş görüldüyünü eşitmişəm (Borçe Xristov). Amma o da bir mövqe deyil, hücum, yarımmüdafiə və müdafiə da daxil olmaqla üç mövqedə oynayan gənclərlə fərdi olaraq çalışır. Bir çox halda isə gənclərlə Rəşad Sadıqov şəxsən məşğul olur.

 

Əlbəttə, hücumçulardan danışırıqsa, bizdə da konkret bu mövqe üzrə məşqçi vəzifəsinə ehtiyac var. Çünki geridə qalan dövr hücumçu yetişdirməkdə böyük çətinliklər yaşadığımızı göstərib. Bu məsələni yoluna qoymaq üçün yerli, lazım olarsa, xarici mütəxəssislərin təcrübəsindən istifadə etmək mümkündür. Məsələn, ən güclü hücumçularımızdan olmuş Vəli Qasımov. O, bu gün Avropa turnirlərinin ulduz səfiri kimi futbolumuza faydası olmayan simvolik vəzifə daşıyır. Faktiki futbol fəaliyyəti yoxdur. Amma Qasımovun klublarımızdan birində hücumçularla işləyən məşqçi kimi çalışmasının yalnız faydası dəyə bilərdi...

 

Niderland dünya futboluna Rober van Persinin də timsalında neçə-neçə böyük hücumçular bəxş edib və şübhə yoxdur ki, bundan sonra da edəcək. Bütün bunlara baxmayaraq, digər ölkələrdə olduğu kimi, onlar da hücumçu yetişdirmək üçün ayrıca məşqçi tuturlar.

 

Niderland futbolu ilə inkişafdan qalan Azərbaycan futbolu arasındakı böyük fərqi həm də bundadır. Və ona görə də sabah onlarda yeni van Persi olacaq, amma bizdə ikinci Vəli Qasımov olmayacaq (bu gedişlə).

 

Bilməyənlər üçün: Vəli Qasımov 1992-ci ildə 16 qolla Rusiyanın ilk milli çempionatının bombardiri olub.

 

Aydın Bağırov / qol.az.

Xəbər xətti