Əcnəbilər istedadlarımızı oğurlayır, biz isə baxırıq - YAZI

14:47 - 14 May 2020

Azərbaycanda futbol təsərrüfatına dövlətin dəstəyi, başqa heç bir idman növünə göstərilən dəstəklə müqayisəyə gəlməz.

 

Futbola milyonlarla manat vəsait ayrılır. Amma futbol təsərrüfatında bərbad durum illərdir dəyişmir.

 

Bu qədər vəsaitin müqabilində Azərbaycanda ortabab səviyyəli bircə futbolçu da yetişmir. Ancaq elə idman növü var ki, orda istedadlar, sanki bulağın gözündən qaynayaraq çıxır.

 

Şahmatı nəzərdə tuturam. Amma təəssüf ki, bu “bulağ”ın gözünü daha da açmaq yox, onu tutmaq üçün çalışırıq. Şahmata ayrılan vəsait, bəlkə də, bir futbolunun illik məvacibindən də azdır.

 

Şahmat olduqca vacib idman növüdür. Futboldan fərqli olaraq, şahmat, hətta peşəkar idmançılar yetişdirməsə də, intellektual vətəndaş verir cəmiyyətə.

 

Bu gün Azərbaycanda uşaqlar, sanki anadan şahmatçı kimi doğulurlar. Qalır, onları cilalamaq, təqdim etmək. Amma bu məsələdə tam xaos. Azərbaycanın şahmat məşqçiləri şəraitsizlikdən, maliyyə çatışmazlığı ucbatından xaricə üz tuturlar.

 

Əcnəbilər zəka sahiblərimizi, ağıllı beyinlərimizi oğurlayırlar, biz də sakitcə baxırıq. Maliyyə vəsaitinin şahmata yox, futbola yönəldilməsi bir problemdirsə, şahmat təsərrüfatına rəhbərlik edənlərin də idarəçiliyi başqa bir dərddir.

 

Yığmamızın sabiq üzvü, tanınmış qrossmeyster Azər Mirzəyevin “Futbol+” qəzetinə verdiyi müsahibədən bəzi seçmələrə diqqət edək:

 

“Ən vacib daxili turnirin – kişilər arasında Respublika çempionatının mükafat fondu cəmisi 4000 manatdır”.

 

Mükafata baxın ey. Bu məbləğ ehtiyatda qalan azərbaycanlı futbolçunun aylıq məvacibindən 3 dəfə azdır. Bu məbləği hansısa bir futbolçu bir qələbə üçün alır. Amma şahmatda 4 min manat bütün mükafatçılar arasında bölünür. Ədalətsizlik deyil? İnanmıram ki, hansısa azərbaycanlı futbolçu ölkəmizi dünyada Şəhriyar Məmmədyarovdan çox tanıtsın, təbliğ etsin. Ümumiyyətlə, dünyada müasir Azərbaycan futbolunun heç bir nümayəndəsi tanınmır. Amma Şəhriyar Məmmədyarov məşqçilər korpusunu maliyyələşdirmək üçün vəsait tapa bilmir. Bir futbolçunun aylıq məvacibi bəs edər bunun üçün.

 

Yenə də Azər bəyi dinləyək: “Günay Məmmədzadə dünya kubokuna vəsiqə qazanıb. O, bu yarışa əcnəbi məşqçi ilə hazırlaşmaq üçün təlim-məşq toplanışının təşkil edilməsi ilə bağlı federasiyaya müraciət edib. Elman Rüstəmov 6-7 ay öncə kömək edəcəklərinə söz versə də, ortada real heç nə yoxdur”.

 

Günay Məmmədzadə istənilən xarici ölkəyə müraciət etsə, onun kimi istedada böyük ürəklə qucaq açarlar, istədiyi məbləği də verərlər.

 

Araz Mirzəyevin ürək dağlayan fikirlərini oxuyaq: “Bu azmış kimi, federasiya Günay Məmmədzadənin özünün tapdığı sponsora da mane olub. Bir təlim-məşq toplanışına 4-5 min dollar tələb olunur. Mahir Məmmədov ( bu o Mahir Məmmədovdur ki, AFFA İcraiyyə Komitəsində də oturur, Şahmat Federasiyasında da vitse-prezident postunu tutur) isə Arkadi Naydiçlə aylıq 8 min avrodan 5 illik müqavilə bağlayıb. Naydiş də ildə cəmisi bir turnirdə oynayır”.

 

Öz istedadlarımıza pul xərcləmək istəməyənlər qoca Naydiçə 5 il ərzində 480 min avro ödəyəcəklər.

 

Ardını oxuyaq: “Cənab Prezidentin şahmatın inkişafı üçün ayırdığı 1 milyon manatdan digər vitse-prezident Faiq Həsənov özünə 100 min manat mükafat yazıb”.

 

Və Azər müəllim haray çəkir: “Vəziyyət ürəkaçan deyil. Qısa müddətdə təkcə Türkiyəyə 30-dan çox məşqçi gedib. Gənc və perspektivli şahmatçılar da vətəni tərk edirlər”.

 

Futbola ayrılan vəsait dayandırılmalı, o pul perspektivi olan digər idman növlərinə, o cümlədən şahmatın inkişafına yönəldilməlidir. Amma vəsaiti belə idarəçilərə etibar etmək olmaz. Elə olacaqsa, Mahir Məmmədov əlavə 5-10 Naydiç gətirəcək Azərbaycana, Faiq Həsənov da özünə yazdığı mükafatın məbləğini artıracaq.

 

Hələliksə, vaxt gedir. Əcnəbilər istedadlarımızı oğurlayır, biz isə baxırıq.

 

Natiq Muxtarlı (sportinfo.az)

Xəbər xətti