“Keşlə” Avropa Liqasında “Laçi” səddini keçə bilmədi. Əslində, bu, gözlənilən idi. Albaniya klubu ilə oyundan 10 gün əvvəl komandanın baş məşqçisini dəyişən klub peşəkarlıqdan danışa bilməz.
Bu yol Tərlan Əhmədovun haqqı idi. O, bu komanda ilə “Laçi”ni elə ilk hissədə diz çökdürəcəkdi. Tərlan Əhmədov hələ 2 il əvvəl “Neftçi”ni quyunun dibindən çıxarıb, avrokuboklara daşısa da, haqsız yerə göndərilmişdi. Həmin vaxt “ağ-qaralar” özündən qat-qat zəif “Uypeşt”ə boyun əymişdi. Bu dəfə isə “Keşlə”nin başına gəldi...
AFFA-da piylənən Bernard Lippertin “sağ əli” olmuş Yunis Hüseynov uzun illər məşqçilikdən uzaq qalmışdı. Onun bu missiyadan üzüağ çıxacağı gözlənilmirdi və bu da baş verdi. “Keşlə” matçın böyük hissəsini 10 nəfərlə oynayan “Laçi”ni keçməyə borclu idi.
Oyundan öncə mətbuat konfransında Hüseynov qələbəyə inandığını demişdi: “Premyer Liqanın ilk turunda qələbə qazanmağımız bizim üçün yaxşı stimuldur. İnanıram ki, sabah da yaxşı çıxış edib, qalib gələcəyik. Bu inamı mənə futbolçular verib”.
Ancaq matçdan sonra baş məşqçi futbolçularda inamsızlığın olduğunu deyib, məsuliyyəti oyunçuların boynuna qoydu. Futbolçularda inamsızlıq var idisə, bu, baş məşqçinin günahıdır. Niyə onları oyuna kökləmək mümkün olmadı?
“Keşlə”nin fiaskosunda əsas günahkar məşqçiləri əlcək kimi dəyişən Zaur Axundovdur. Klub rəhbəri Tərlan Əhmədovu mövsümün bitdiyi elan ediləndə göndərsəydi, bir qədər anlaşılan ola bilərdi. Ancaq “Laçi” ilə matça az qalmış verilən qərar biabırçılığın təməli oldu.
AFFA-dan maliyyələşən kluba hər il milyonlar ayrılır. Ancaq ortada ciddi iş yoxdur. Hər mövsüm dəstə-dəstə lazımsız əcnəbilər kluba gətirilir, 6 ay və ya 1 il sonra göndərilirlər. Qazanan isə işbazlar olur, xalqın pulunu beləcə ciblərinə doldururlar. Hər mövsüm yenilənən klub Azərbaycan futboluna lazımdır?
“Keşlə” və “Səbail”ə ayrılan milyonların əvəzində bölgələrdə komanda saxlamaq olmaz? Niyə “Turan”la “Kəpəz” bazara çevrilən divizionda gün keçirməlidirlər?
Azərbaycanda klubların əsas hədəfi avrokuboklara vəsiqə olmamalıdır. Öncə klub kimi formalaşmaq lazımdır. Ayrılan böyük maliyyənin qarşılığında uşaq futbolu inkişaf etdirilməli, onlar üçün yaxşı şərait yaradılmalıdır. İldən-ilə sistemli görülən iş bəhrəsini verəcək. Lakin Zaur Axundov kimi idarəçilərlə Azərbaycan futbolu inkişaf edə bilməz, mümkün deyil.
“Keşlə”də yenilənmə davam edəcək, yeni əcnəbilər gələcək, bəziləri yola salınacaq. Bu da idarəçilərə sərf edən prosesdir, çünki dələduzlar mənfəət götürür.
Mehman
saytlarin hazirlanmasi