Sonuncu dəfə Premyer Liqamızda komanda sayı düz 5 il əvvəl ikirəqəmli olub. 2015/16-cı illər mövsümündə çempionatda 10 komanda iştirak edirdi.
Həmin il reqlamentə görə turnir cədvəlində son 2 pillənin sahibi "Rəvan" və "Xəzər Lənkəran" 1-ci Diviziona düşdü. "Xəzər Lənkəran" elə həmin il fəaliyyətini dayandırdı. "Rəvan" isə növbəti mövsüm bir müddət "aşağı"da var-gəl etdikdən sonra çempionatdan qovuldu. Səbəb oyun alğı-satqısı idi. Yenə də həmin reqlamentə görə bu komandaları 1-ci Divizionda ilk 2 pillənin sahibi olan "Neftçala" və "Qaradağ-Lökbatan" əvəzləməli idi. Amma lisenziya şərtlərini həll edə bilmədilər və beləliklə başladı. Onsuz da tənəzzüldə olan Azərbaycan futbolunun qara günlərini nəzərdə tuturuq.
O vaxtdan AFFA və PFL rəhbərliyi demək olar ki, hər il Preymer Liqada komanda sayının yenidən əvvəlki saya çatdırılacağını, 1-ci Divizionda çempion komandanın elitaya yüksələcəyini və s. vəd edir. Əvəzində nə görürük? Geridə qalan 5 ildə çempionat 8 komanda ilə keçirildi, Divizionda komanda sayı 5 il əvvəllə müqayisədə 9 vahid aşağı düşdü. Hələ bu harasıdır? 2 il əvvəl bütöv bir çempionat - əvəzedicilərin birinciliyi ləğv edildi. Səbəbsə, Divizionda oynatmağa komanda olmaması idi və bu üzdən futbol idarəçilərimiz əvəzediciləri Diviziona calamaq məcburiyyətində qaldılar.
Ötən ilin əvvəlində PFL rəhbərliyi indiki mövsüm üçün Premyer Liqada 10 komanda olacağını söz vermişdi. Rəsmi açıqlanmasa da, "Turan Tovuz" və "Kəpəz" "yuxarı" qalxmalı idilər. Lakin pandemiya imkan vermədi. Bu il də eyni fikirləri yenidən eşidirik. Məsələn, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov dəfələrlə 2021/22-ci illər mövsümündə Premyer Liqada 10 komandanın olması üçün çalışdıqlarını bildirib. Nəticəni zaman göstərəcək.
Neçə komanda olsun?
Əksəriyyət komanda sayının 12-ə qaldırılmasının tərəfdarıdır. Amma bu, o qədər də real deyil. Yaxınlarda E.Məmmədov mətbuata açıqlamasında hazırkı vəziyyətdə 10 komandanın daha məqsədəuyğun olduğunu bildirmişdi. Məmmədovun sözlərində həqiqət var. Məsələ burasındadır ki, say artımını reallaşdırmaq göründüyü qədər də asan deyil. Hər şey maliyyənin başındadır. Məlumdur ki, Premyer Liqa klublarının əksəriyyəti, 1-ci Diviziondakı klubların isə 4-ü isə birbaşa AFFA-nın “əlinə baxır”. Belədə, bu komandaları saxlamaq üçün xeyli vəsait xərcləmiş olur. Digər tərəfdən Diviziondan elitaya 4 komandanın qalxacağı təqdirdə "Qaradağ Lökbatan"ı nəzərə almasaq, burada müstəqil klub qalmayacaq və çempionat əvəzedicilərin ümidinə buraxılacaq. Hansılar ki, onların da sayı çox deyil. Cəmi 5 komanda. Deməli, Diviziona Region Liqasından yeni komandalar cəlb olunmalıdır ki, onlar da adət etdiyimiz kimi AFFA-nın "cibindən" asılı olacaqlar.
Futbolun yenidən inkişafına nə qədər pul lazımdır?
Doğrusu, o qədər də böyük vəsait tələb olunmur. Premyer Liqada 10, 1-ci Divizionda eyni sayda komanda saxlamaq üçün illik 40 milyon manat bəs edir. Elita təmsilçilərinə 3 milyon, Divizion komandalarına isə 500 min manat ayırmaqla dirçəliş yolunda ilk addımı atmaq olar. Yaxınlarda idman mediasında AFFA-nın belə bir planının olması və bu yöndə çalışdığı barədə xəbərlər dərc olunmuşdu. Təbii ki, yazılanlar doğrudursa, buna ancaq sevinmək qalır. Futbolumuzu bataqlıqdan çıxarmağın yeganə yolu dövlət dəstəyidir. İlə 40 milyon Azərbaycan üçün o qədər də böyük vəsait deyil. Amma dövlət nə etsin ki... Son 15 ildə futbolumuzda baş verənlər göstərir ki, dövlət daim futbolumuza dəstək olub. Gəl ki, 2005-2015-ci illəri nəzərdə tutan dövlət proqramının bərbad icrası, hər il SOCAR vasitəsilə AFFA-a ayrılan pulların bir hissəsinin havaya sovrulması və s. bu kimi hallar futbolun inkişafı üçün daha bir addımın atılacağını düşünməyə əsas vermir. Reallığa qayıdaq...
Elitaya hansı komandalar qaldırılacaq?
Bu yöndə idman cameəsində müxtəlif fikirlər səslənsə də, əksəriyyət "Turan Tovuz" və "Kəpəz"in adını çəkir. 1-ci Divizionda son mövsümün çempionu, bu çempionatda da lider olan Tovuz təmsilçisinin şansı daha çoxdur. Üstəlik, yanvarda Tovuzda futbol akademiyasının istifadəyə verilməsi də bunu deməyə əsas verir. "Kəpəz"ə gəlincə, respublikanın ikinci böyük şəhərinin təmsilçisi futbol ənənələrinə, infrastrukturuna, azarkeşlərinə və s. amillərə görə Premyer Liqada oynamağı haqq edir. Amma "Zaqatala"nı da siyahıdan silmək olmaz. Bu komanda da əyalət təmsilçisidir. Üstəlik, Gəncə ilə bağlı sadalananlar Zaqatalada da var. Hər halda son qərar kimin lisenziya şərtlərinə cavab verməsindən asılı olacaq. Daha doğrusu, AFFA-nın istəyindən.
Yeri gəlmişkən, idman mediasında gedən başqa xəbərlər də maraq doğurmaya bilməz. Belə ki, həmkarlarımızın iddiasına görə, növbəti mövsüm elitaya yalnız "Turan Tovuz" yüksələcək və burada "Səbail"i əvəz edəcək. Başqa sözlə, Premyer Liqada komanda sayı artmayacaq. Pessimist olmayaq və ümid edək ki, bu tip xəbərlər həqiqətəuyğun deyil.
Komanda sayı artmasa, nə baş verəcək?
Vəziyyət daha da pisləşəcək. Batmaqda olan futbolumuz uçuruma yuvarlanacaq. Akademiyaların illərlə yetişdirdiyi gənclərin 90-95 faizi məcburən futbolu atmalı olacaqlar. Futbolun səviyyəsi düşəcək, maraq azalacaq. Gözlənilən neqativ hallar bir deyil, iki deyil.
Bəs artsa?
Məşədi İbadın potensial qayınatası Rüstəm bəyin təbirincə desək, "bu, başqa məsələ". Təsəvvür edək ki, növbəti mövsüm Premyer Liqada və 1-ci Divizionda 10 komanda mübarizə aparacaq. Bu halda əvəzedici komandaların çempionatını da 10 komanda olmaqla yenidən bərpa etmək mümkündü. Premyer Liqa təmsilçilərinin nəzdində fəaliyyət göstərən akademiyalarda U-19 komandasanın sayı da avtomatik 10 olacaq. Nəticədə, işsiz məşqçilərin sayı azalacaq, gənc futbolçuların itkisinin qarşısı alınacaq, futbolda kütləvilik artacaq, azarkeş marağı çoxalacaq, bölgələrdə futbol həyatı canlanacaq və s. Bunun nəyi pisdir ki? O halda AFFA niyə bu arzuları gerçəkləşdirməsin? Pandemiya? Axı, koronavirus cəmi 1 ildir ki, günümüzü qara edib. Maliyyə? Axı, dövlətimiz illərlə futbola xeyli vəsait ayırıb. Ümid edək ki, futbolumuzun ağır durumdan çıxmasına yenə yardımçı olacaq. İstək? Doğrudur. Hər şey mümkündür, bir istək yetər!
İlqar Tağıyev / "525-ci qəzet"
saytlarin hazirlanmasi