“Qarabağ”ın aşağı yaş qrupları üzrə texniki direktoru Tacəddin Doğan klubun rəsmi saytına müsahibə verib.
Sportal.az xəbər verir ki, mütəxəssis Ağdam seçimlərinin yekunlarından və gələcək planlardan söz açıb.
- Niyə məhz Ağdam?
- Ağdamı seçməyimiz təsadüf deyildi. Klubumuz bu rayonu təmsil edir. Bu bölgə bizim üçün doğma və əzizdir. Həm də Azərbaycan ordusunun şanlı qələbəsindən sonra seçimlərə Ağdamdan başlamağa qərar verdik. Seçimlərə 200 uşaq qatıldı. Düzdür, say baxımından az oldu, amma keyfiyyət gözlədiyimizdən də yaxşı idi.
- Seçimlər sizi qane etdi?
- Bu yola çıxarkən öncə fikrimiz bu idi: Azərbaycan gənclərinə inanmalıyıq. Bölgələrdən ölkə futboluna çox futbolçu bəxş edilib. Biz də fikirləşirik ki, bu torpaqlardan yenə istedadlar tapa bilərik. Ona görə də bu seçimlərə başladıq. 200-ə yaxın uşağa baxdıq və 15 nəfəri seçdik. Amma bu, o demək deyil ki, 15 nəfərin hamısı Bakıya gəlib, komandamıza qatılacaq. Bizim hazırkı komandalarımızda keyfiyyətli futbolçular var. Biz seçimlərdə daha keyfiyyətli uşaqları komandalara götürəcəyik. Adlarını açıqlamaq istəmirəm, amma Ağdamda gördüyümüz 2-3 uşaqda futbolçu olmamaq üçün heç bir səbəb yoxdur. Həmin uşaqlar dünyaya istedadlı gəliblər. Biz o uşaqları öncə “Qarabağ”, daha sonra Azərbaycan futboluna qazandırmaq istəyirik. 10-11 yaşlı uşaqların öncə valideynlərə ehtiyacı var. Onların valideynləri ilə danışmışıq. Əgər Bakıya gəlib, həyat qura biləcəklərsə, biz öz komandalarımıza götürəcəyik. Əgər gələ bilməsələr, biz o uşaqlarla müqavilə imzalayıb, həmin bölgələrdəki klublara icarəyə verəcəyik. Onları daim diqqətdə saxlayacağıq. Hazırda dəqiq qərar verməmişik. Valideynlər fikirlərini söylədikdən sonra qərar verəcəyik. Seçimlər davam edəcək. Ürəyində futbol sevgisi olan hər uşağa baxıb, komandamıza qazandırmağa çalışacağıq.
- “Azərbaycanda futbolçu küçələrdən çıxır” fikri var. Burada olduğunuz müddətdə bu fikirlə razısız?
- Uşaqlar var, bunu görmək mümkündür. Öncə uşağa oynamağa yer lazımdır. Daha sonra onun oynamaq üçün şəraiti olmalıdır. Bir insan dünyaya istedadsız gəlibsə, onu futbolçu etmək mümkünsüzdür. Əgər istedadlı uşaqlar varsa, onları yönləndirmək mümkündür. Bundan sonra bizim işimiz bölgələrdə uşaqların futbol oynaması üçün şərait yaratmaq olacaq. Onlara yol açmalı, komandalarımıza götürməliyik.
- Sizcə, uşaqların sonrakı inkişafına mane olan amillər hansılardır?
- Buna məşqçi, valideyn və uşaq gözü ilə baxmaq lazımdır. Rəhbərliyə uşağın öncə sağlamlığı və təhsili vacibdir. Biz valideynlərlə bu məsələləri müzakirə edirik. Onlar bizimlə eyni düşünürsə, bir addım önə keçirik. Təhsil və digər məsələlərdən sonra uşağın futbolçu olmasına kömək edirik. Valideynlərə bəzən başa salmağa çalışırıq ki, həyat yalnız futboldan ibarət deyil. Quzanlıdan uşağı götürüb, Bakıya apara bilərik, amma 4 il sonra həmin uşağın necə oynayacağını kimsə bilmir. Uşaq futbolla yanaşı, təhsilini də davam etdirməlidir. Bu problemləri də addım-addım həll etməyə çalışırıq. Uşaqlar futbolu sevdikləri üçün iş və ya məktəb barədə düşünmürlər. Amma valideynlər və biz bu barədə ciddi fikirləşirik.
- Ağdam seçimlərindən sonra klubun seçimlərinə ciddi maraq yaranıb. Seçimlər daha hansı bölgələrdə keçiriləcək?
- İstəyirik ki, Azərbaycanda baxmadığımız yer qalmasın. Hər daşın altına baxacağıq. Mən Ağdamda çox həyəcanlandım. Orada bir uşağı Mingəçevirdən anası gətirmişdi. Digəri isə Ağdamda yaşayırdı. Onları komandamıza qəbul etdikdən sonra çox sevindilər. Azərbaycanda bu baxımdan kömək istəyən çox insan var. “Qarabağ” böyük klubdur və rəhbərliyin dəstəyi ilə insanlara yardım olmağa çalışır. Bu layihəmizi daha da inkişaf etdirməli, istedadları üzə çıxarmalıyıq. Biz futbolçu olmaq arzusunda olan hər uşağa baxacağıq. Uşaqlara əlimizdən gələn köməklik edəcəyik. Apreldə seçimlər edəcəyimiz yeri müəyyənləşdirməliyik. Öncə futbol komandalarının olmadığı yerlərə baxmağı planlaşdırırıq. Bunu deyə bilərəm ki, əlimizin dəymədiyi yer qalmayacaq. Mayda Bakıda böyük seçim edəcəyik. Bunun planlarına artıq start vermişik. Yeni Qara Qarayev, Maksim Medvedev, Əfran İsmayılov, Rauf Əliyev tapmaq üçün bu yola çıxmışıq. Bu futbolçular bu torpaqlarda yaşayırlarsa, deməli, yenə belə adlar çıxa bilər. Şəki, Qax, cənub bölgəsi və Gəncə ətrafında da seçimlər etməyi planlaşdırırıq.
- Akademiyanın hansı planları var?
- Plansız akademiya olmaz. AFFA-dan da bizi dəfələrlə görüşə çağırırlar. Kənardan bizə tez-tez deyirlər ki, futbolçu çıxmır, uşaq yetişmir. Amma mən fərqli fikirdəyəm. Azərbaycanda uşaq var. Onları yetişdirmək üçün şəraiti yaxşı etmək lazımdır. Səhvlərimizi tapıb, yola çıxmalıyıq. Mən rəhbərliyimizə təşəkkür edirəm. “Qarabağ” böyük klubdur. Komandanın hədəfləri və iddiası həmişə böyükdür. Klubun Avropa kuboklarında daim oynamaq hədəfi var və biz bu yolda komandaya yeni futbolçular bəxş etməliyik. Hər kəs həyatda futbolçu ola bilməz. Bəzən valideynlər uşaqları və bizi başa düşmürlər. Çox hallarda valideynlərə yaxşılıq edirik. Mən şəxsən öz oğluma demişəm ki, səndən futbolçu olmaz. Başqa peşə tapa bilər, amma futbol onluq deyil. Bəzən bu sözlərimizi valideynlər düzgün qəbul etmirlər. Əslində, biz yaxşılıq edirik və onların zamanlarını boş yerə itirməmələri üçün bunu deyirik. İnsanda Allah vergisi də olmalıdır. Biz “Qarabağ” akdemiyası olaraq, kiminsə haqqını yeməyəcəyik, hər uşağa qapımız açıqdır.
- Rəhbərliyə planlarınızı təqdim etmisiniz?
- Müqaviləmiz 2 il müddətinə uzadılıb. 2005-2006 təvəllüdlü uşaqlardan ibarət komanda hazırlamışıq. Bu kollektiv növbəti mövsüm 2004-cü il təvəllüdlü uşaqların mübarizə apardığı liqada çıxış edəcək. O uşaqları seçib, rəhbərliyə təqdim etmişik. Bu komanda ilə kifayətlənməyəcəyik. Uşaqlara da demişik ki, məqsədimiz ölkə futboluna oyunçu bəxş etməkdir. Bu səbəbdən də axtarışlarımız davam edir. “Qarabağ” akademiyasında U-12, U-13, U-14 kollektivlərini də komplektləşdirib, yuxarı komandalara dəstək verməyə çalışacağıq.
saytlarin hazirlanmasi