Azərbaycan Kubokunun “Keşlə” – “Sumqayıt” (2:1) final oyunundan sonra təşkil edilən mətbuat konfransında nominal meydan sahiblərinin baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:
- Final hər zaman gərgin olur. Bura qədər uzun yol qət etdik, stresli günlər oldu. Amma futbolçular inandılar. Onlara təşəkkür edirəm. Yaxşı oyunlarımız oldu, bəzən uğursuzluqlar yaşadıq, amma dayanmadıq. Bir-birimizə deyirdik ki, əziyyətimizin bir bəhrəsi olmalıdı. Ən böyük pay sahibi futbolçulardı. Klub prezidentini təbrik edirəm. Titul qazanmaq hər zaman xoşdu. Futbolçular özlərini çempion kimi hiss edir. Bütün “keşlə”ni təbrik edirəm.
- Artıq ikinci kuboku qazandız. Bu qələbə klubdakı gələcək taleyinizə necə təsir edəcək?
- Kubokları qazandığıma görə xoşbəxtəm. Gələcəklə bağlı nəsə müzakirə etməmişik. Vəziyyətə baxacağıq. Oyunlara köklənmişdik və istədiyimizə nail olduq. Gələcəklə bağlı nəsə deyə bilmərik.
- Eyni rəqib üzərində ikinci dəfə qələbə qazanaraq, ikinci kuboku qazandız...
- “Qəbələ” ilə qalib gələndə də çox gərgin oyun olmuşdu. Ayxan Abbasovun komandasının öz oyun üslubu var. Bu il bürünc medalları qazandılar. İnkişaf edən məşqçidi, komandası da göz qarşısındadı. Çox maraqlı oyunlar keçdi. Ayxan müəllimə də, “Sumqayıt”a da avrokubokda uğurlar arzulayıram.
- Çempionatdakı mövqe ilə kubokdakı nəticə tərs mütənasib oldu...
- Komandanı götürəndə işlər qaydasında getmirdi. Futbolçulara fəlsəfəni aşılamaq üçün vaxt lazım oldu. Çempionatda nəticə baxımından istədiyimə nail olmasam da, yaxşı oyunlarımız oldu. Azı 5 matçda qalib gəlməməyimizə çox təəccüblənirdik. Yanaşma, oyun məni qane edirdi. Bu da kuboka yansıdı. Kubok da çempionatın bir hissəsidi.
- Zaur Axundov bildirdi ki, Sənan Qurbanov komandada qalacaq. Heyətlə bağlı planlarınız necədi?
- Müqaviləm bitib. Müzakirələrimiz olacaq. Futbolçulardan da bir neçəsinin müqaviləsi başa çatacaq. Artıq sabahdan bu işlərlə məşğul olacağıq.
- Meza Kolli və Vüsal İsgəndərlinin komandada qalmasını istəyirsiz?
- Hər ikisi istedadlı futbolçudu. Onlara təklif gəlməsi normaldı. İstəyərəm ki, bizimlə qalsınlar. Bu söz-söhbətlər var idi. Futbolçulara təklif gəlməsini normal sayıram. Buna uyğun işimizi qurur, daha çox köklənirdik.
- Konfrans Liqasında mübarizə aparacaqsız. Hədəfiniz nədi?
- Hər kəs istəyər ki, qələbələr qazansın. İlk növbədə komandamızı formalaşdırmalıyıq. Kubokun qalibi olmaq böyük motivasiyadı. yaxın günlərdə heyətlə bağlı işlərə başlayacağıq.
- Kuboklardakı uğurun sirri nədədi? Sırf bunamı köklənirsiz?
- Çempionat oyunları da bizim üçün vacibdi. Bütün bunlar hirs, istək, özünəinamla bağlıdı. Bunun üçün böyük zaman lazımdı. Bütün futbolçulara təşəkkür düşür.