"Azərbaycan Kubokunun qalibi olmaq mənim üçün böyük sevinc idi. Finalda cəzalı olduğumdan iştirak edə bilmədim və qıraqdan baxmaq insana daha ağır gəlir. Finala çıxana qədər hər matçda komandama kömək eləmişəm". Bu fikirləri keçən mövsüm "Keşlə"nin heyətində Azərbaycan Kubokunun qalibi olan Vüsal İsgəndərli deyib.
Hələ Tərlan Əhmədovun baş məşqçiliyi dövründə yetrməsi olduğu "Zirə"dən "Keşlə"yə keçən 26 yaşlı cinah yarımmüdafiəçi keçən mövsüm elə də inamlı təsir bağışlamadı, meydanda əvvəlki tək liderlik oyun keyfiyyətlərini göstərə bilmədi. Ancaq Vüsal bununla razılaşmır: "Özümdə elə bir eniş hiss eləmədim. Daha əvvəlki mövsümlə qol, assist göstəricilərim demək olar eyni idi. İnşallah, yeni mövsümdə ən güclü Vüsal İsgəndərli olmaq üçün əlimdən gələni edəcəm. Məni bu kluba çağıran, dəstək olan Tərlan Əhmədova "çox sağ ol" deyirəm. Üzərimdə haqqı çoxdu. O, üzərimdə daim böyük haqq olduğunu bildiyim məşqçilərdəndi. Tərlan müəllim məni milli komandaya qədər yüksəldən məşqçi olub. Ayxan Abbasov isə məni "Zirə"də əsas komandaya gətirən, oynadan, Azərbaycan futboluna tanıdan məşqçi olub. Daha sonra çox böyük əziyyət çəkib mənim üçün. Hər iki məşqçinin haqqı çoxdu üzərimdə".
Məlumdu ki, Vüsala artıq "Keşlə"nin sabiq futbolçusu deməliyik. Çünki o, klubdan ayrıldığını "İnstagram" hesabında açıqlayıb. Elə baş məşqçi Sənan Qurbanov da saytımıza açıqlamasında bununla bağlı məlumat vermişdi. Maraqlıdı ki, hadisələrin belə gedişatında həlledici məqam nə oldu? Vüsalı dinləyək: "Həlledici məqam ölkə xaricində çıxış etməyim oldu. Klub ilə heç bir pul söhbəti olmadı. Sadəcə, halallıq alıb getdim".
İsgəndərli ilk dəfə legioner həyatı yaşayaraq karyerasını davam etdirəcəyi gözlənilən ölkədən yekun cavab gözləyir: "Bu, Türkiyə klubudu, ilkin razılıq var. Hələ ad açıqlaya bilmərəm. Keçid 3 günə rəsmi olacaq. Bəli, Azərbaycandan da maraq, hətta təklif də var idi. Ancaq inşallah, legioner həyatı yaşamaq, özümü xaricdə sınamaq istəyirəm". (Sport24.az)
saytlarin hazirlanmasi