"Büdcəmiz azalıb, toplanışa gedə bilmirik" - Sənan Qurbanov gileyləndi

15:05 - 28 İyun 2021

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanovun müsahibəsi:

 

- “Qarabağ”a yoxlama oyununda 0:7 hesabıyla uduzduz. Belə məğlubiyyətə səbəb nə idi?
- Belə deyim də, son on günü komandaya fiziki yükləmələr verirdik, həm də meydana cavan oyunçularla da çıxmışdıq. Açığı, bu məğlubiyyətə don geyindirmək istəmirəm. “Qarabağ” kimi güclü rəqiblə qarşılaşıb, özümüzü yoxlamaq istəyirdik. Bu da faciəvi alındı. Fiziki yükləmələrdən sonra komandada yorğunluq hiss olunurdu. Güclü rəqibə qarşı oynadıq. Komandamızın vəziyyətini görmək istəyirdik. Plan üzrə işlədik. Ancaq oyun pis alındı. Faciəvi oldu, belə gözləmirdik. Meydanda təslim olduq. Yorğunluq o həddə çatdı ki, tam təslim olduq. Heyətdə yeni və cavan futbolçular var idi.

 

- Komandada baxışda olan Fakundo Melivilo ilə bağlı qərarınızı vermisizmi?
- Yəqin ki, bizimlə davam etməyəcək.

 

- Bəyənmədiz?
- Hə, bəyənmədik. Oyunda da yaxşı çıxış etmədi. Ümumilikdə, uzun müddət idi oynamırdı. Komandadan geri qalırdı.

 

- AFFA “Keşlə”nin büdcəsini azaldıbmı? Aparıcı futbolçular komandanı tərk edib. Onların yerini doldurmaq lazımdır və bunu nə dərəcədə alındıracaqsız?
- Büdcəmiz azalıb. Müəyyən bir büdcə ayrıldı və biz də razılaşdıq. Çalışdıq ki, buna uyğun transferlər edək. “Pelitser”dən iki futbolçu gətirdik, onlara ümidimiz var. Getdikcə inkişaf etməlidirlər. Futbol belədir, gələnlər də olur, gedənlər də. Çalışacağıq ki, bu heyətlə mübariz bir komanda yaradaq.

 

- Komandanın zəif nöqtələrindən biri də “çərçivə”dir. Qapıçısı axtarışlarınız varmı, yoxsa Stanislav Namaşkoya güvənəcəksiz?
- Yox, büdcəmiz artıq bəllidir. Son olaraq Amil Yunanovu heyətimizə qatdıq və transfer pəncərəsi bizim üçün bağlandı. Bu heyətlə davam edəcəyik.

 

- Qarşıda sizi Rusiyanın “Soçi” komandası ilə Konfrans Liqası matçı gözləyir. Bu heyət yaxşı nəticə üçün kifayətdir?
- Başa düşürəm, sizinlə razıyam. Ancaq başqa çıxış yolumuz yoxdur. Son oyun da göstərdi ki, daha çox çalışmalıyıq. Vaxtımız da azdır. Çalışacağıq ki, bu oyunçularla nəsə edək.

 

- “Keşlə” yeni yaradılan turnirdə Azərbaycanı təmsil edəcək. Bunun məsuliyyətini bilirsiz. Komanda bir neçə il əvvəl də Avropa Liqasına vəsiqə qazanmış, sonra da Malta komandasına uduzmuşdu.
- Yadımdadır. Gəlin etiraf edək ki, “Soçi” güclü komandadır. Rusiya çempionatında mövsümü 5-ci sırada bitiriblər. Mübarizə aparacağıq və turu keçmək üçün hər şey edəcəyik. Amma ki, bir çərçivə var. Hazırda durum elədir ki, istədiyimiz transferi edə bilmirik.

 

- Özünüz də etiraf edirsiz ki, rəqib güclüdür. Ola biləcək böyükhesablı məğlubiyyət sizin komandadakı işinizə necə təsir edəcək?
- “Qarabağ”la oyun bizim üçün siqnal oldu. Futbolçulara da demişdik ki, “Soçi” “Qarabağ”la eyni səviyyədədir. Təslim olmaq olmaz. Dünya futbolunda kiçik komandaların yaxşı nəticə qazandığını görmüşük. Sadəcə çalışmaq lazımdır. Əlbəttə, əlimizi sallayıb getsək, böyükhesablı məğlubiyyət ola bilər. Büdcə baxımından zəif ola bilərik, ancaq pul hər şeyi həll etmir. Çalışacağıq ki, yaxşı nəticə əldə edək.

 

- Konfrans Liqasını qırağa qoyaq, bəs Premyer Liqada mübarizə necə olacaq?
- Neynəmək olar? Hazırda vəziyyət belədir – büdcəmiz düşüb. Toplanış üçün ölkə xaricinə də gedə bilmədik. Nə etmək olar?

 

- “Keşlə” ilə yeni müqavilə imzalayanda büdcənin azalacağını bilib razılaşmışdız, yoxsa sonradan azalmalar oldu?
- Yerli futbolçularımızı saxladıq və üç transfer etdik. Bunları bilirdim. Məncə, çempionat üçün yetərli heyətimiz var. Yeni transferlərə ümidimiz böyükdür. Ümid edirik ki, onlar da artıracaq. Məcavibləri yüksək olmasa da, inkişaf edə bilərlər. Düşünürəm ki, bunlar alınsa, irəli gedə bilərik.

 

- Şimali Makedoniyanın “Pelister” klubundan iki futbolçu – Omar Qudiabi və Aldair Netonu transfer etdiz. Bu futbolçular “Keşlə” səviyyəsindədirmi, yoxsa büdcəyə uyğun olaraq, məcburi edilmiş transferlərdir?
- Yox, belə deyim də, müəyyən bir məbləğə uyğun futbolçulara baxırdıq. Omar və Neto onlar arasında ən yaxşılar idi. İlk yoxlama oyunlarında da çox pis təsir bağışlamadılar. Bizi cəlb etdilər ki, heyətə qatdıq. Zamana ehtiyacımız var.

 

- “Soçi” ilə oyunlarda şansları faizlə necə dəyərləndirərdiz?
- Belə bir arenada bizim üçün futbol oynamaq təcrübədir. Həm məşqçilər, həm futbolçular üçün yaxşıdır. Heç vaxt eyni səviyyədə qalmaq istəməmişəm, hər zaman artırmaq istəyirəm. Bizim üçün şansdır ki, onlara qarşı oyunda özümüzü sınayaq. Qorxmuruq, heyətimizdə də yaxşı futbolçular var. Niyə də onlara qarşı şansımız olmasın?


- “Qəbələ” ilə ölkə kubokunu qazandıqdan sonra Premyer Liqanın yeni mövsümündə uğursuz olduz və işinizdən ayrıldız. İndi də “Keşlə” ilə kuboku qazanmısız və yeni mövsümə az qalıb. İlk yoxlama oyununda da böyükhesablı məğlubiyyət aldız. “Qəbələ”dəki ssenarinin yenidən təkrarlanacağı haqda fikirlər gəlirmi ağlınza?
- Açığı, istənilən halda adamın ağlına gəlir. Uzun illər “Qəbələ”də çalışmışam. Roman Qriqorçukdan sonra baş məşqçi postuna gəldim və büdcə də azaldı. Kuboku qazansaq da, komandada geriləmə var idi. Mən bu klubdan ayrılsam da, yenə də komandada geriləmə oldu. İstər-istəməz büdcə çox şeyi həll edir.

 

- Son olaraq, Sezar Meza Kollinin “Neftçi”yə keçidində əsas faktor maliyyə məsələləri idi?
- Sezara istədiyi pulu versəydik, transfer edə bilməzdik. Onun komandada qalmasını istəyərdik, ancaq büdcə məsələlərinə görə qaldıq. “Keşlə”nin ona daha əvvəl verdiyi pulu yenə verə bilmirdik. Buna görə düzgün planlama aparmaq lazım idi. Biz də ona verilən pula iki yeni futbolçu aldıq (komanda.az).

Xəbər xətti