Sənan Qurbanov: "Vəziyyətdən çıxmaq üçün palçıq qarışdırmalıyıq"

18:05 - 27 Noyabr 2021

“Birinci hissədəki çıxışımıza təəccübləndim, futbolçulara yaraşmayan ssenari var idi”.

 

Sportal.az xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Sabah”la keçirilən oyun barədə danışarkən deyib.

 

“Bank Respublika Arena”da oynanılan paytaxt derbisində qonaq komanda 1:2 hesabı ilə məğlub olub. Qurbanov qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Rəqibin ilk yarıda qol epizodları var idi. Fasilədən sonra ciddi tapşırıq verdik ki, sadəcə, qaçsınlar. Bir qol vursaq da, məğlubiyyətdən xilas ola bilmədik. Qaçmamaq bizə problem yaratdı. Çalışacağıq ki, səbəbini tapaq. Deməzdim ki, futbolçular qəsdən belə etdilər. Səbəbi mənə də müəmmalıdır. Buna video-analizlərdən sonra qərar verəcəyik”.

 

Çalışdırıcı əlavə edib ki, vəziyyətdən çıxmaq üçün döyüşkən olmalıdırlar: “Vəziyyətdən çıxmaq üçün yalnız palçıq qarışdırmalıyıq. Çünki son pillələrdə gedirik. Sonradan futbol oynamağa başladıq. Bəlkə də, komandada lider yoxdur. Sadəcə, ilk 45 dəqiqədə futbolçularımızın qaçmamalarına təəccübləndik. Bununla özümü kənara çəkib futbolçuların üzərinə yıxmaq fikrində deyiləm. Günah varsa, hamınındır. Hazırda uduzan tərəf mənəm və bütün məsuliyyət də üzərimizə düşür”. (Report)

Xəbər xətti