Yeni “Media haqqında” qanun layihəsi artıq Milli Məclisdə müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul olunub.
Məlumdur ki, hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun 1999-cu ildə qəbul olunub və bu günə kimi 79 dəfə dəyişdirilib. Ötən müddət ərzində əlbəttə ki, KİV sahəsində çoxsaylı yeniliklər baş verib, müasir çağırışlar ortaya çıxıb. Qeyd etdiyimiz qanuna isə nə qədər dəyişiklik edilsə belə, müasir çağırışlara cavab vermir. Yeni qanun layihəsinin hazırlanmasını zəruri edən əsas səbəblərdən biri məhz budur. Digər tərəfdən, sənəd layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. Bundan başqa “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə də öz töhfəsini verəcək.
Qanun layihəsində diqqət çəkən məqamlardan biri Media Reyestridir. Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır.
Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən jurnalist vəsiqəsi veriləcək. Yeni layihəyə əsasən, bu, Azərbaycan ərazisində fəaliyyət göstərən xarici jurnalistlərə şamil edilməyəcək. Qanun layihəsi sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətini tənzimləməyəcək. İnternet televiziyaları ilə bağlı da maraqlı nüanslar var. Bu, televiziyaların lisenziya almaq üçün müraciət etməsinin məcburi xarakter daşımamasıdır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.
Qanun layihəsində əksini tapan digər mühüm məqam müəllif hüquqları ilə bağlı məsələdir. İnformasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq. Əminliklə demək olar ki, yenin qanun qüvvəyə mindikdən sonra yaxın gələcəkdə media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması da təmin ediləcək, media subyektlərinin bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri isə aradan qaldırılacaq. Xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcək. Təsadüfi deyil ki, son illərdə onlayn medianın ən böyük problemlərindən biri də məhz xəbər “oğurluğu” sayılırdı. Bu mənada layihədə məsələ ilə bağlı nəzərdə tutulan nüanslar təqdir oluna bilər.Yeni qanun çap mediasının da inkişafını təşfiq edəcək. Cap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmayacaq. Amma çap mediası subyektləri fəaliyyətə başlamazdan əvvəl bu barədə məlumat verəcək ki, bu da yeni bir prosedur deyil. Atıq bu istiqamətdə çoxillik təcrübə mövcuddur. Sadəcə hazırda həmin məlumatların sistemləşdirilməsi, müvafiq yanaşmanın onlayn media subyektlərinə də tətbiq olunması və sistemləşdirilmiş məlumatlar bazasının Media Reyestri adlandırılması nəzərdə tutulub.
Ümumilikdə layihədə nəzərdə tutulan sadalanan yenilikləri nəzərə alsaq belə qənaətə gəlmək olar ki, təklif olunan məsələlər medianın surətli inkişafına xidmət edəcək. Ekspertlər də eyni fikri bölüşürlər. Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli hesab edir ki, Azərbaycanda media plüralizmi, cəmiyyətin mediaya çıxış imkanları alternativ fikirlərlə təmin olunub. Müəyyən boşluqlar da var ki, “Media haqqında” yeni qanun həmin boşluqları aradan qaldıracaq.
Onun sözlərinə görə, qanunda çoxlu yeniliklərin, müsbət məqamların olmasına baxmayaraq, bəziləri oponentliyə, neqativə kökləniblər, bir az da dərinə gedəndə isə məlum olur ki, qanunla tanış deyillər.
Media eksperti bildirib ki, parlamentdəki müzakirələrə qədər “Media haqqında” qanunla bağlı 5 qrup üzrə müzakirələr keçirilib.
“Birinci, qanun layihəsinin ilkin eskizləri çap mediasının nümayəndələri, ikinci mərhələdə elektron media qurumları, onlayn media nümayəndələri ilə müzakirə olunub. Dördüncü müzakirələr media ekspertləri və hüquqşünaslarla aparılıb. Bundan əlavə ayrı-ayrı legitimləşdirilmiş redaksiyalarda da əlahiddə görüşlər keçirilib. Ümumi statistikaya görə, müzakirələrə 800 adam cəlb olunub. Təqribən orta hesabla may-iyun ayından başlayaraq qanunun mərhələlərlə müzakirəsi keçirilib”.
M.Ələsgərli bildirib ki, “Media haqqında” qanun layihəsi KİV qurumlarının öz domen adı, loqotipi ilə reystrdən keçirilməsini nəzərdə tutur. Bu, istənilən KİV orqanının plagiat hücumundan qorunmasına, müəllif hüquqlarının pozulmasının qarşısının alınmasına yönəlir. Əgər köhnə KİV haqqında qanunun 60-cı maddəsində “plagiatlıq yolverilməzdir “və 11-ci maddədə ümumi şəkildə “sui-istifadə yolverilməzdir”-deyə yazılırdısa, yeni qanunda birbaşa onun qorunmasının detalları göstərilib.
Mənbə: "525-ci qəzet"