“Qarabağ“a qarşı 1 milyon avroluq iddia qaldırdılar, 5 dəfə az pul aldılar

14:40 - 16 May 2026

FIFA-nın “Qarabağ”a tətbiq etdiyi transfer qadağasını götürməsindən məlumatlısız.

Ali futbol qurumu mayın 8-də qoyduğu “stop“u ləğv edib.

FIFA Premyer Liqa təmsilçisinin növbəti 3 transfer dönəmində oyunçu alışına qadağa qoymuşdu. “Qarabağ” bu problemlə necə üzləşib və onu necə aradan qaldırıb?

Sportal.az xəbər verir ki, Sportinfo.az saytı olayın təfərrüatını araşdırıb və mühüm informasiyalar toplayıb.

“Qarabağ” Julio Romaoya görə bu vəziyyətlə üzləşib.

Belə ki, braziliyalı yarımmüdafiəçini 2022-cü ilin yayında sıralarına qatan “köhlən atlar“dan FİFA-ya şikayət edən “Santa Klara“ olub.

Portuqaliya klubu 2025-ci ilin yayında “Qarabağ“ın Romaonu “Ferentsvaroş“a göndərib, əvəzində Kadi Borgesi geri qaytardığı transfer əməliyyatına görə beynəlxalq quruma öz narazılığını bildirib

“Santa Klara“bu “dəyiş-düyüş“ə görə təzminat tələbi irəli sürüb. Qarşı tərəf “Qarabağ“ın onlara 1 milyon avro ödəməsi gərəkdiyi barədə FİFA-ya məktub ünvanlayıb.

Sənəddə göstərilib ki, 2022-ci ilin iyununda Romanın keçidi ilə bağlı Ağdam təmsilçisi ilə razılığa gələrkən, burada xüsusi bənd yer alıb.

Həmin bəndə əsasən, futbolçunun üçüncü tərəfə satışından əldə edilən gəlirin 20 faizi “Santa Klara“nın hesabına köçürülməlidir.

Bu səbəbdən FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu “qırmızı siyahıya salıb“.

“Qarabağ“ın sorğusundan sonra olayı araşdıran qurum müəyyənləşdirib ki, Romanın “Ferentsvaroş“a yollanması “barter“ anlaşmasıdır. Yəni ki, “köhlən atlar“ onun gedişindən pul qazanmayıb, Kadinin gəlişindən də həmçinin.

Bununla belə, FİFA “Qarabağ“ın “Santa Klara“ya 200 min avro təzminat ödəməsini lazım bilib.

Premyer Liqamızın haırkı vitse-çempionu həmin məbləği qarşı tərəfə köçürüb və beləcə, qadağa avtomatik olaraq aradan qaldırılıb.

Xəbər xətti