"Keşlə" Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Qarabağ"a 0:6 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- İstənilən halda belə məğlubiyyətdən sonra danışmaq çətindir. Beynimdə o qədər şey var ki, bilmirəm nədən başlayım. Rəqib "Qarabağ" da olsa, belə məğlubiyyət ağırdır. Bu nəticəni gözləmirdim. "Zirə" ilə oyunda siqnallar var idi. Futbolçulara çatdırdıq ki, bunlar "Qarabağ"la oyunda baha başa gələ bilər. "Qarabağ"la "Keşlə" arasında böyük fərq var. 3 milyonluq komanda 25 milyonluq komandaya qarşı oynayırdı. Burada səviyyə fərqi öz sözünü deyir. Danışmışdıq ki, meydanda döyüşkənlik olsun. Balaca boşluq verəndə səviyyəsi yüksək olan futbolçular dərhal səhnəyə çıxır. Toparlanmağa çalışacağıq. Qarşıda oyunlar var.
- Qurban Qurbanov bildirdi ki, "Keşlə" futbolçularında yorğunluq var idi. Siz bu fikirlə razısız?
- "Zirə" ilə oyunda 35-ci dəqiqədən sonra 10 nəfərlə mübarizə apardıq. Futbolçuları bərpa etməyə çalışdıq. Əlbəttə ki, yorğunluq öz sözünü deyir. Futbolda belə hallar olur. Bərpa dönəminə daha çox üstünlük verdik, cəmi bir məşqimiz oldu. Bu gün meydanda istənilən səviyyədə deyildik. Bəzi məqamlarda qol vuran bilərdik bəlkə də. 0:2, 0:3-dən sonra futbolçular psixoloji cəhətdən düşdülər. Bu gün bütün faktorlar rol oynadı. Həm yorğunluq, həm psixoloji cəhət, həm taktiki cəhət. Bütün bunlar böyükhesablı məğlubiyyətə gətirib çıxardı.
- Oyunun sonlarında əsəbi idiz. Qara Qarayevə nəsə deyirdiz. Bunun səbəbi nə idi?
- Belə məğlubiyyət çox ağırdı. Bunlar yaddaşlarda qalır, silinməzdir. "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev topu qəbul edərkən hörmətsizlik etdi. Amma oyundan sonra yaxınlaşıb üzr istədi. İstəmədən belə olduğunu dedi. Biz də futbolçunu başa düşdük. Mən də Qara Qarayevə dedim ki, gənc futbolçudur, başa sal elə hərəkət etməsin. Bizim üçün ağırdı. Gərək rəqibə hörmət etsinlər.
- Kubokun son qalibinin iki oyunda 7 qol buraxmasını necə izah edə bilərsiz?
- Hər dəfə deyirdim ki, biz kubokun son qalibiyik. Artıq bu keçmişdə qalıb. Son qalıb kimi çıxış edə bilmədik. Sırf oyunu götürsək, səviyyə fərqi öz sözünü dedi. Bu, futboldur. Belə hallar olur. "Qarabağ"a uğurlar arzu edirəm. "Marsel"lə oyunda da onlara azarkeşlik edəcəyəm.
saytlarin hazirlanmasi