"Keşlə" Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Neftçi"yə 1:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
"Qarabağ"la oyundan sonra psixoliji vəziyyətimiz yaxşı deyildi. Həftə ərzində futbolçuları toparlamağa çalışdıq. Oyuna istədiyimiz kimi başladıq. İlk dəqiqələrdən topa daha çox sahib olmaq üçün əlimizdən gələni etdik. Bu da qol imkanlarına gətirib çıxardı. Rəhman Hacıyevin topu dirəkdən döndü. Futbolçular üzərlərinə düşən işi görməyə çalışdılar. "Neftçi"nin usta futbolçuları səhnəyə çıxdı. Biz də rəqib qədər qol ikmanları yaratdıq. Təəssüf ki, bunları qola çevirə bilmədik. Oyunumuzda irəliləyiş var. Artıq nəticə qazanmağın vaxtıdır.
- Komanda daxilində hər hansı anlaşılmazlıq hiss olunur?
- Nizam-intizam baxımından problem yoxdur. Futbolçu gərgin ola bilər. Heç bir oyunçu əvəzlənməyi sevmir. Bəzi futbolçular əvəzlənəndə birbaşa soyunub-geyinmə otağına gedir. Bunun intizamı pozacağına inanmıram. Bizim cərimələrimiz var. Şəhriyar Əliyev bizim təcrübəli futbolçumuzdur. Çalışacağıq ki, futbolçunu itirməyək, onu qazanaq.
- Komandanınız müdafiəsinin bu vəziyyətdə olmağının səbəbi nədir?
- Biz də istəmərik ki, belə olsun. Çalışırıq ki, komanda şəklində müdafiə olunaq. Futbolçular bütün bunları videotəhlillərdə görür. Çalışırıq kompakt oynayaq. Bəzən rəqibin usta futbolçusu elə vəziyyətdə bizə qol vurur ki, orada ustalıq öz səviyyəsini deyir. Amma müdafiədə belə səhvlər buraxmamalıyıq. Mən komanda şəklində hücum, komanda şəklində müdafiə futbolunun tərəfdarıyam. Boşluqlar var. Çalışacağıq ki, əlimizdə olan materialdan maksimum yararlanaq.
- Son 4 oyunda komandanız 11 qol buraxıb. İstefa vermək barədə düşünmürsüz?
- Əlbəttə ki, bu durum ürəkaçan deyil. İstefa ilə bağlı məsələ rəhbərliyə aiddir. Bəlkədə istefaya göndəriləcəyim yazıla bilər. Amma klub rəhbərliyinin mənə belə bir göstərişi olmayıb. Mən peşəkaram, öz işimi görürəm. Başa düşürük ki, biz heyət olaraq "Neftçi"dən də, "Qarabağ"dan da zəifik. Amma bu, o demək deyil ki, uduzmalıyıq. İstənilən halda mən məğlubiyyəti qəbul etmirəm. Rəhbərlik nə qərar versə, mən hörmətlə yanaşacağam.
saytlarin hazirlanmasi