Sənan Qurbanov: "Bəlkə də kənardan aqressiv görünürdüm"

19:08 - 12 Mart 2022

Azərbaycan Premyer Liqasının 19-cu turunun "Səbail" - "Keşlə" matçından sonra qonaq komandanın baş məşqçisi Sənan Qurbanov mətbuat konfransında çıxış edib. 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis öncə matçla bağlı fikirlərini bildirib:

- Həm bizim, həm də "Səbai" üçün vacib oyun idi. Çünki aşağı sıralarda gedən komandalar bir-birilə oynayırdı. Başa düşürdük ki, çətin olacaq. Özü də rəqib meydançasında oynayırdıq. Şükürlər olsun ki, uşaqlar verilən tapşırıqları yerinə yetirdilər və 3 xalı qazanmaq üçün əllərindən gələni etməyə çalışdılar. Futbolçularımı təbrik edirəm. Buna qədər olan oyunları xatırlatmaq istəyirəm ki, komadamız sona qədər oynayırdı, sadəcə qol imkanlarını dəyərləndirə bilmirdik. Elə ötən həftədəki "Sabah"la oyunu götürək. Son saniyələrdə buraxdığımız qol komandaya psixoloji təsir etmişdi. Çalışdıq ki, komanda toparlansın. Həftələr keçdikcə, işlər daha da çətinləşir. Biz son sıralarda olmaq istəmirik. Rəqiblər də həmçinin. Ona görə də oyunlar daha da aqressivləşir. Hər matç çətindi. Bu oyunu unudub, növbəti matçla hazırlaşmalıyıq.


- Hesab 2:0 xeyrinizə olsa da, aqressiv görünürdünüz. Bu nədən irəli gəlirdi?

- Deməzdim ki, oyundan öncə sırf "Səbail" - "Zirə" oyununu analiz etmişdik. "Neftçi" ilə bəlkə daha çox müdafiə olunmuşdular, amma "Zirə"yə qarşı çox yaxşı futbol oynamışdılar. Oyunlarını analiz etmişdik. Rəqibin meydançasında pressinq etməyə çalışırdıq. Bəzən bu, bizdə alınırdı. Hesabda 2:0 öndə olsaq da, komandanın arxayınlaşmasını istəmirdim. Bəlkə ona görə kənardan aqressiv görünürdüm. 

- Kamal Bayramovu isinməyə göndərsəniz də, sonradan meydana daxil olmadı...
- Bu, Namaşkonun zədəsi ilə bağlı idi. Amma sonradan həkimlər bizə göstərdi ki, Namaşko oyuna davam edə bilər. Ona görə də onu dəyişmədik. 

Elçin Əlixan

Xəbər xətti