İnkişaf arzuları ətrafında gəzişmələr...

18:50 - 30 Mart 2022

Şimali Makedoniyanın DÇ-2022 seçmə mərhələsində İtaliyanı məğlub etməsi bizimçün son günlərin dəbli mövzusudur. Fikir verirsinizmi, futbol ictimaiyyətimiz məsələylə bağlı “gördüüüz, demişdim axı”, “belə də olmalıydı”, “bizdə heç nə düz deyil” – tipli, əsasən deyingənlik motivində fikirlər səsləndirirlər.

Çox az sayda ciddi təhlilə söykənən, çıxış yolları təklif edən açıqlamalara rast gəlmək olur.

Futbol mentalitetimizi bu əyri trayektoriyanı düzəltməkdən başlayaraq zənginləşdirə bilərik. Daha çox təhlil beyinli ideyalara tribuna verilməli, onlar öndə olmalıdır – futbol elitası nə cürsə formalaşmalıdırsa, ən optimal yollarından biri elə budur..

***

Şimali Makedoniya futbolunda məşqçi və futbolçu qismində tanınmış adlar Azərbaycanda çalışıb. Onların fikirləriylə tanış olanlar fərqi görər. Artıq Şimali Makedoniyanın DÇ-nin astanasınadək irəliləmək, İtaliya kimi nəhəngi məğlub etmək kimi ciddi presedenti var. Var idi, indi daha çox var...

Ən yaxşı mütəxəssisləri, ən uğurlu sistemləri, ən çox maliyyəni ayırsan və hətta şəffaflıq olsa belə... İnkişafın onurğası, sütunu fikir axınıdır. Fikir olmayan yerdə proses sağlam olmayacaq.

Bizdə fikir axını dedi-qodudan, deyinməkdən, iş yeri dilənməkdən, neqativ çiləməkdən ibarətdir.  Danışan, deyinən çox, iş görüb nümunə qoyan isə həddən artıq azdır.

***

Azərbaycan futbolu adına ən böyük presedent “Qarabağ”dır. “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə düşməsi də bu sıraya aid edilə bilər. Lakin müntəzəmlik, sistemlilik olmadı...

“Qarabağ” modelini, Qurbanovun yanaşma tərzini ümumi Azərbaycan futboluna tətbiq etməyin zamanı çoxdan yetişib. Futbolumuzun milli səviyyəsində uğuru heç vaxt olmayıb. Ən ciddi nəticəmiz 1996-cı ildə İsveçrə üzərində qalibiyyət və Portuqaliya ilə heç-heçə... Hansısa dövr yoxdur ki, indi pis dediyimiz zamanla o vaxtkını müqayisə edək. Odur ki, məhəlli kin qusmalarından qurtulmaq, böyük düşünmək – işə düşüncəni əlavə etmək, fikir yükünə meydan vermək gərəkdir. Müstəqillik əldə edəndən indiyədək əsasən uduzuruq, hər uduzanda da eyni zurnalardan eyni səslər. Sabah da uduzacağıq və zurnalar “zırt” deyib duracaq...

Futbol camiəsinə peşəkarlığı heç nəyə qurban verməyən adlar qaytarılmalıdır. AFFA-nın məsuliyyətində olan bu siyasət gec-tez aktivləşdirilməlidir, başqa yol yoxdur. Deyingən kütləyə barrikada, iş və mənfəət üçün tənqidçi olmayan azlığa isə meydan veriməlidir. Bu, AFFA-dan umulmur, qurumun funksionallıq borcudur...

***

Azərbaycanda futbola qazanc mənbəyi kimi baxışı ləğv etmək gərəkdir. Azərbaycanlı futbolçu iddialı klublarda oynamaqçün çalışmalıdır. Bununçün daxildəki siyasətdə köklü tənzimləmələrə ehtiyac var. Gürcüstanın xaricdə futbolçu sayı bizimkindən beş dəfə çoxdur. Bu nəyin sayəsində baş verib? – Sırf uğurlu menecment və ənənə...

Gürcüstanın “Qarabağ” kimi ciddi presedenti yoxdur. Ancaq Avropaya futbolçu ixrac edə bilir. Deməli, biz “Qarabağ” kartından yararlı, sistematik siyasətlə yararlanıb ənənənin əsasını qoya bilərik.

Qardaş ölkə Türkiyənin əsas  liqası Avropaya tramplin baxımından favoritlərdəndir. İndiyədək bu  imkandan yararlanmışıq? Əksinə, biz xaricdə olan bir-iki sınıq-salxaq futbolçu adımızı da geri cəmləməkdəyik...

***

AGİN-in “Qarabağ”la sıx görüşmələri xoşdur. Güman ki, dövlət qurumu bəhs edilən siyasəti dərk edib və ilk addımları atmaq qərarındadır. Artıq “atlılar”la uşaq futbolunun inkişafı proqramı üzərində danışıqlar başlayıb. Əlbəttə, ölkə futbolunun ən uğurlu mexanizminə etibar etməklə ilk addımları atmaq doğru seçimdir və ardı gəlməlidir.

Bədağızlıq, neqativbazlıqdan qurtulmaq həm futbolumuza xeyir verər, həm bu mərəzə düçar olmuşlara – ən azı mənfi enerjidən xilas olarlar...

Gec də olsa, başlamaq lazımdır...

Elçin Cəlilov, Futbolpress.az

Xəbər xətti