Sənan Qurbanov: "Əvvəldən belə dəstəyin qarşısında oynasaydıq, daha irəli pillələrdə ola bilərdik"

16:28 - 9 Aprel 2022

"Şamaxı" Azərbaycan Premyer Liqasının XXII turunun oyununda doğma meydanda "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında baş məşqçi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Şamaxıda ilk oyunumuz idi. Stadionda əsl futbol atmosferi var idi. Təəssüf ki, biz qələbə qazana bilmədik. Oyuna yaxşı başlamışdıq. Başşa düşürdük ki, rəqibimiz güclü "Neftçi"dir. İstədiyimiz futbolu oynamağa çalışdıq. Bu, ilk hissədə gözə daha çox çarpdı. Qol da vurduq. Rəqibə öndə pressinq etmək asan deyil. Başa düşürdük ki, güc itkiləri olacaq. İkinci hissədə bir az plan dəyişikliyi oldu. Amma futbolçular sona qədər mübarizə apardılar. "Neftçi"nin usta futbolçuları meydanda özlərini göstərdilər. Bizi daha çox məyus edən odur ki, belə azarkeşin, bu cür dəstəyin qarşısında məğlub olduq. Çalışacağıq ki, növbəti oyunlarda azarkeşləri sevindirək. 

 

- Oyuna baxanda elə hiss olunurdu ki, komanda mövsümün əvvəlindən oyunlarını Şamaxıda keçirsəydi, indi fərqli yerdə ola bilərdi. Siz necə düşünürsüz?

- Çox yaxşı atmosfer var idi. Belə olan halda futbolçulara əlavə motivasiya verməyə ehtiyac olmur. Artıq isinmə hərəkətlərindən qayıdanda futbolçuları gördüm. Azarkeşlər yaxşı motivasiya vermişdi. Əvvəldən belə dəstəyin qarşısında oynasaydıq, daha irəli pillələrdə ola bilərdik.

 

- Zaur Axundov müsahibəsi zamanı bildirdi ki, artıq neçənci oyundur hesabı açırıq, sonra komanda müdafiəyə çəkilir. Bu sizin göstərişinizdir?

- Fikir versəz görərsiz ki, "Neftçi" də müdafiədə çox oldu. "Qarabağ" kimi topa nəzarət edən komandalar da bəzən müdafiədə oturmağa məcbur olurlar. Bunu biz yox, daha çox rəqib məcbur edir. İstəyirik ki, həm hücumda, həm də müdafiədə komanda şəklində oynayaq. 

 

- Komanda avrokuboklara vəsiqə qazanmasa postunuzda qalacaqsız?

- Hazırda bu barədə heç bir danışıq olmayıb. May ayına qədər komandanın başında olacam. Gələcəkdə nələrin olacağını mən də bilmirəm. Komandanın rəhbəri deyibsə, dəyişikliklər olacaq. Hazırda peşəkarcasına öz işimi maksimum görməyə çalışıram. 

 

- "Neftçi" ikinci qolu vurandan sonra sanki komandanız oyundan qopdu. Bu, fiziki yorğunluqla bağlıdır?

- Pik formada deyilik ki, 90 dəqiqə oyuna nəzarət edək. Bunu etiraf etməliyik. Hesab 1:1 olandan sonra bir az psixoliji təsir də oldu. Artıq neçəci oyundur ki, hesabda önə keçirik, sonra qol buraxırıq. Toparlanmağa çalışdıq. Oyunun sonlarında "Neftçi" üzərində basqı yaratmağa başladıq. Neto vursaydı, hesab 2:2 olacaqdı. 

Xəbər xətti