"Xırda" futbolda böyük uğurumuz - YAZI

00:32 - 16 İyun 2022

Minifutbol millimizin Avropa çempionu adını qazanması futbolumuz adına çox böyük hadisə oldu. Futbolçularımız mümkünsüzü bacardılar! Hamı fəxrlə millimizin çempionluğundan danışır. Amma bəzi insanların bu idman növündən məlumatları çox azdır. Hətta minifutbolu futzalla səhv salanlar da var.

 

Bu günə kimi futbolun, futzalın kölgəsində qalan bu idman növünə əslində, ölkəmizdə maraq böyükdür. Minifutbolu futzalın böyük, futbolun isə kiçik qardaşı hesab etmək olar. Formatına görə futzala daha çox bənzəyir. Futzalda hər komandadan meydanda 5 oyunçu olduğu halda, minifutbolda bu say bir nəfər çoxdu. Oyunlar uğunluğu 48, eni isə 26 metr olan meydanlarda keçirilir. Bu, beynəlxalq normadı. Amma Azərbaycanda əksər meydanlar bir qədər kiçikdir - 42x24 metr. Özündə həm də futbolun elementlərini saxlayan minifutbolun futzal və futboldan ən böyük fərqi sırf həvəskar status danışamısıdı. Buna baxmayaraq, burada keçmiş peşəkar futbolçuların, futzalçıların oynamasına icazə verilir.

 

 

Minifutbol "gənc" idman növüdür. Beynəlxalq aləmdə cəmi 14 yaşı var. Dünya Minifutbol Federasiyası (WMF) 2008-ci ildə yaradılıb. Prezidenti çexiyalı Filipp Judadı. Avropa Minifutbol Federasiyası (EMF) isə 2012-ci ildə təsis edilib. Prezidenti Borislav Aleksandrovdu. 34 üzvü olan EMF WMF-nın üzvüdü. WMF-nin prezidenti Filip Judanın 2017-ci ildə ölkəmizə səfər etməsindən və burada bəzi görüşlər keçirməsindən sonra  2018-ci ildə Azərbaycan Minifutbol Federasiyası təsis edilib. Elxan Əsədov AMF-nin sədri seçilib. Hazırda bu postda Azər Hüseynovdu. Təsis olunduqdan az sonra EMF-nın tamhüquqlu üzvü seçilən Azərbaycan 2018-ci ildə ilk dəfə Avropa çempionatında çıxış edib. Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avropa çempionatında Çexiya, Macarıstan, Serbiya və Türkiyə ilə bir qrupda mübarizə aparan millimiz təəssüf ki, bütün oyunlarda məğlub olub. Bunun da əsas səbəbi komandamızın turnirə hazırlıqsız getməsi idi.

 

Ümumiyyətlə, minifutbol üzrə Avropa çempionatı 2010-cu ildən təşkil olunur. 2016-cı ilə kimi hər il keçirilən ilk 6 turnirdə Rumıniya hegemonluq edib - 6 çempionat, 6 çempionluq. 2016-cı ildə qitənin ən güclüsü Qazaxıstan, 2017-ci ildə Rusiya, 2018-ci ildə isə Çexiya olub. 2019-cu ildə Avropa Minifutbol Federasiyası Avropa çempionatının 2 ildən bir keçirilməsi barədə qərar qəbul edib. 2020-ci ildəki çempionat Slovakiyada təşkil olunmalı idi. Lakin pandemiya ilə əlaqədar turnir 1 il sonraya ertələnib. Amma yenə də baş tutmayıb. Bu dəfə səbəb Slovakiyaya gediş-gəlişlə bağlı problemlər olub. Nəhayət, bu il axır ki çempionatı keçirmək mümkün olub. Gerisi məlumdur.

 

Yeri gəlmişkən, Avropa çempionu olan millimiz 2023-cü ilin yanvarında BƏƏ-nin Ras-əl-Hayma şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək. Reqlamentə görə, Avropa çempionatında 1/4 finala yüksələn millilər avtomatik olaraq dünya çempionatın vəsiqə qazanırlar. Maraq üçün qeyd edək ki, bu günə kimi minifutbol üzrə 3 dünya çempionatı keçirilib. 2015-ci ildə 12 millinin iştirakı ilə ABŞ-da təşkil olunan ilk birincilikdə Meksikanı 5:3 hesabı ilə məğlub edən meydan sahibləri minifutbol üzrə ilk dünya çempionu adını qazanıblar. Braziliya və Rumıniya 3-cü olublar. 2017-ci ildə Tunisdəki çempionatda iştirakçı sayı artırılıb - 24 komanda. Bu dəfə finalda Meksikanı 3:0 hesabı ilə məğlub edən Çexiya millisi dünyanın ən güclüsü adını qazanıb. Bürünc medallar isə İspaniyanı 5 cavabsız qolla məğlub edən Seneqala qismət olub. Nəhayət, 2019-cu ildəki Avstraliyada keçirilən dünya çempionatı haqqında bir-iki kəlmə. Çempionatda komanda sayı 32-ə qaldırılıb. Ardıcıl 3-cü dəfə finala yüksələn Meksika bu cəhddə çempion ola bilib. Meksika millisi Braziliyanı 4:0 hesabı ilə məğlub edib. 3-cü yer uğrunda keçirilən Macarıstan - Rumıniya oyununda hesab açılmayıb və penaltilər seriyasında rumınlar 3:1 hesabı ilə qalib gəliblər. Bu, bizim Avropa çempionatında məğlub etdiyimiz rumınlardı. Ümumiyyətlə, Rumıniya millisi dünyanın ən güclü millilərindən biri hesab edilir. Avropa çempionatında qələbə, rumınları yenməyimiz dünya çempionatında da uğurlu nəticəyə ümid etməyimizə zəmin yaradır. Maraq doğuracaq bir məqama da toxunaq: EMF Beynəlxalq Olimpiya Komitəsi ilə sıx əlaqədədir və gələcəkdə minifutbolun olimpiya idman növü kimi tanınması üçün səylər göstərir. Əgər bu baş verərsə, minifutbol millimizin Olimpiya Oyunlarında iştirak etməsi də mümkündü. Necə deyərlər, iştah diş altındadır.

 

 

Komandamızın Avropa çempionluğunu qazanması çoxlarına sürpriz oldu. Uğuru sürpriz kimi qəbul etmək olarmı? Fikrimcə, xeyr. Birincisi, komandamız çempionata yaxşı hazırlaşmışdı. Bu haqda bir qədər sonra. İkincisi, minifutbolu Azərbaycanda böyük futboldan fərqi olaraq daha yaxşı oynayırlar. Buna futzal millimizin uğurları da sübutdu. Üçüncüsü, millimizin heyəti müxtəlif vaxtlarda futbol və futzal üzrə premyer liqalarda, milli komandalarda çıxış etmiş təcrübəli futbolçulardan təşkil olunmuşdu. Məsələn, Vitali Borisov futzal millimizin üzvü olub. Bəxtiyar Soltanov futbol üzrə milli komandalarımızda çıxış edib. Davud Kərimi uzun müddət Premyer Liqa klublarının şərəfini qoruyub və s.

 

Avropa çempionatının reqlamentinə görə millilərdə keçmiş peşəkarların iştirakına icazə verilir. Məsələn, öz ölkəsinin futzal millisində oynamayan, amma daxili çempionatda çıxış edən futzalçılar. Futzal çempionatında çıxış edən EKOL-un üzvü Samir Həmzəyevi, "Neftçi"nin futzalçısı Seymur Məmmədovu misal gətirə bilərik. Həmçinin, milli çıxışını 2 il əvvəl başa vuranlar çempionatda iştirak edə bilərlər. Məhz bu üzdən baş məşqçi Elşad Quliyevin arsenalında təcrübəlilərin və peşəkarların yer alması qələbədə böyük rol oynadı.

 

Bayaq komandamızın turnirə yaxşı hazırlaşmağını vurğulamışdım. Bu haqda da bir qədər ətraflı. Baş məşqçi Elşad Quliyev millini daxili çempionatda çıxış edən "Zəfər"in bazasında formalaşdırmışdı. Millinin əksər üzvləri, məhz "Zəfər"in üzvləridir. Slovakiyaya aparılmış heyət digər komandaların futbolçuları ilə gücləşdirilmişdi. Davud Kərimi "Bizon Energi"dən, Asif Zeynalov "Qərbi Azərbaycan"dan, Elvin Əlizadə ilə Mirmehdi Rzayev "Beerbaşa"dan düşərgəyə çığırılmışdı. Hətta bayaq vurğuladığım kimi, "Zəfər"in baş məşqçisi, futzal millimizin sabiq üzvü Vitali Borisov da heyətdə idi. Əlbəttə, bu cür təcrübəli heyətlə uğur qazanmamaq günah olardı. Günaha batmadıq!

 

Bir qədər də minifutbol üzrə öz çempionatımızdan danışaq. 2018-ci ildə AMF təsis olunduqdan sonra "Azfar" Şirkətlər Qrupunun təşkilatçılığı ilə 32 komandanın iştirakı ilə "Alfa Liqa" adı altında ilk minifutbol çempionatı keçirilib. Keçmiş futzalçı Rəcəb Fərəczadənin çalışdırdığı "Peçat dönər" minifutbol üzrə ilk Azərbaycan çempionu olub. 2019-cu ildə "Uğur", 2020-ci ildə isə "Beerbaşa" birinciliyin qalibi adını qazanıb. "Beerbaşa"nın baş məşqçisi hamımızın yaxşı tanıdığı, futzal millimizin kapitanı Rizvan Fərzəliyevdi. Pandemiyaya görə ötən il fasilə yaranıb. Bu ilki çempionat isə başa çatmaq üzrədir. İyunun 25-də keçirilməsi nəzərdə tutulan finalda millinin özəyini təşkil edən "Zəfər"lə "Beerbaşa" qarşılaşacaq. Qalib komanda ölkəmizi miniifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək. Finalın maraqlı olacağına zəmanət veririk!

 

Daha bir neçə turnir var ki, maraq baxımından minifutbol çempionatından heç də geri qalmır. Onlardan biri MFL-di. Digəri isə "Fire Liqa" idi ki, milli komandaya görə minifutbol çempionatı ilə birləşdirildi və hazırda çempionat "Alfa Fire Liqa" adı ilə davam edir.

 

Bu da son deyil. Minifutbol üzrə şirkətlər arasında, banklar arasında turnirlər, çempionatlar keçirilir. Hətta hansısa bölgələrin çempionatları da təşkil olunur. Maraq da kifayət qədər böyükdür. Məsələn, Borçalı çempionatı. Oyunlarda azarkeş əlindən tərpənmək olmur. Yaxud Masallının Mollaoba kənd minifutbol çempionatı. Mərhum Əliabbas Quluzadənin xatirəsinə həsr olunmuş və 2-ci dəfə təşkil olunan birinciliyə azarkeş marağı futbol üzrə Premyer Liqamızda keçirilən bəzi oyunlara olan maraqdan qat-qat çoxdu.

 

"Azərbaycanda futbol "ölüb", futbolçu yetişmir"! Futbolumuzun hazırkı durumunda, milli komandamızın uğursuzluğu fonunda bənzər fikirlərlə mətbuatda, sosial şəbəkələrlə tez-tez rastlaşırıq. Xeyr, Azərbaycanda futbol ölməyib, futbolçu da yetişir! Bunu əvvəl futzal üzrə "Araz-Naxçıvan", futzal millimiz, sonra "Qarabağ" sübut etmişdi. Sübut etmişdilər ki, Avropada da, dünyada da uğur qazanmaq mümkündür. Bu dəfə minifutbol millimiz bu cür fikirlərin yanlış olduğunu isbat etdi. Özü də legionerlərsiz, öz azərbaycanlılarımızla. Azərbaycanda futbol ölməyib, yaşayır, futbolçu da yetişir. Sadəcə, idarəetmədə, futbola yanaşmada yanlışlıqlar var. Nə qədər ki, bu yanlışlıqlar düzəlməyəcək...

 

İlqar TAĞIYEV, 525-ci qəzet

Xəbər xətti