"Şamaxı" üçün yeni sponsor?

20:16 - 28 Fevral 2023

Premyer Liqanın sürpriz komandası “Şamaxı”da gözlər yoldadır.

 

Cari mövsümün ən az büdcəli klubu adına sahib olan bölgə təmsilçisi maddi planda axsayır.

 

AFFA-dan asılı olan klublara eyni məbləğdə vəsait ayrılsa da, ötən mövsüm “Keşlə”dən yığılan borcların qaytarılması səbəbindən “şirlər” bu il pul sarıdan korluq çəkir.

 

Məhz bu səbəbdən yayda və qışda komandaya legionerlər cəlb olunmadı. Hazırda komandada top dalınca qaçanların ortalama aylıq maaşı 2-4 min manat aralığındadır. Hətta göstərilən rəqəmlərdən az alanlar da var.

 

“Şamaxı”nın rahatlığı baxımından zərrə qədər də problem yoxdur. Müasir standartlara cavab verən “Şirvan” oteli komanda üzvlərinin ixtiyarındadır. Şamaxı şəhər stadionu da həmçinin. Çatışmayan pullu sponsordur.

 

Son həftələrdə bu yöndə işə başlanıb və ciddi mənada irəliləyişin olduğunu deyə bilərik.

 

Klub rəsmilərindən biri ilə söhbətdə sponsorla danışıqların davam etdiyini öyrənsək də, tanınmış şirkətin adını “qoparmaq” müşkülə çevrildi.

 

Bilinən odur ki, sponsora klub və şərait haqda ümumi məlumatlar verilib və müəyyən mənada razılıq əldə olunub.

 

Şirkətin rəhbərliyi düşünmək və son qərarı vermək üçün vaxt istəyib. Burada söhbət kluba ayrılan vəsaitin məbləğindən və işbirliyindən götürə biləcəyi xeyirdən gedir ki, hazırda bu yöndə işlər davam etdirilir.

 

AFFA prezidenti Rövnəq Abdullayevin ötən həftəsonu Şamaxıya səfər edib yerli komandanın oyununu rayonun icra başçısı Tahir Məmmədovla yanaşı izləməsinin kökündə bu məsələnin dayanması sirr deyil.

 

Qərarın nə vaxt veriləcəyini pul xərcləmək istəyən adamlardan başqa heç kim bilmir. Sövdələşməyə martda da start verilə bilər, mövsümün sonunda da.

 

Dəqiq bilinən odur ki, “Şamaxı”da bu haqda gəzən söhbət hər kəsi ümidləndirib. Bəzi futbolçuların növbəti mövsümdə bölgə təmsilçisinin şərəfini qorumaq həvəsinə düşməsi də bu xəbərə görədir.

 

Sportinfo.az

Xəbər xətti