Ölkə kubokunu qazanmış məşqçi: "Neftçi" - "Qəbələ" finalı gözlənilir"

14:17 - 18 Aprel 2023

"Ölkə kubokunun yarımfinal mərhələsində gərgin oyunlar olacaq. Çünki kubok oyunlarında motivasiya tam fərqli olur. Dörd komandanın hamısı səhv etməməyə çalışacaq. Burada keyfiyyət öz sözünü deyəcək. Seçilən taktikalar da önəmli rol oynayacaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında azərbaycanlı məşqçi Sənan Qurbanov deyib.

"Qəbələ" və "Keşlə"nin(indiki "Şamaxı") baş məşqçisi kimi ölkə kubokunu qazanmış Qurbanov finala hansı komandaların daha iddialı olduğunu bildirib:

"Neftçi"ni Tovuzda çox gərgin oyun gözləyir. Burada süni ot örtüyünün də təsiri var. Ayxan Abbasovun kubokdakı təcrübəsini də qeyd etmək lazımdır. Bununla yanaşı, komanda son turlarda inamsız çıxış edir deyə, buna son qoymağa çalışacaqlar. "Neftçi"yə çətinlik yaradacaqlar. Heyət baxımından "Neftçi" və "Qəbələ" rəqiblərindən üstündür. Amma bayaq dediyim kimi, kubokda motivasiya başqa cürdür. Yarımfinal matçları daha da maraqlıdır. Çünki finala çıxacaq komandaların adı bəlli olur. Hazırkı duruma görə "Neftçi" - "Qəbələ" finalı gözlənilir. Amma "Sabah"ı turnirdən uzaqlaşdıran “Səbail” var. Ayxan Abbasov isə kubok təcrübəsinə sahibdir. Adam nəsə deməyə çətinlik çəkir. Kağız üzərində "Neftçi" və "Qəbələ" favoritdir. Ancaq gözləyək, görək necə olur".

Mirbağırağa

Xəbər xətti