"Neftçi" və "Turan Tovuz"un sabiq futbolçusu: "Hər şey sıfırdan başlayacaq" - MÜSAHİBƏ

13:13 - 26 Aprel 2023

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Neftçi" və "Turan Tovuz" klubları arasında cavab qarşılaşması keçiriləcək. Müxtəlif illərdə hər iki komandanın formasını geyinmiş Eltay Aslanov Sportal.az saytına müsahibə verib. Veteran futbolçu tərəflərin final şanslarını dəyərləndirib.

- "Turan Tovuz" ilk görüşdə "Neftçi" üzərində qələbə qazana bilmişdi. Cavab qarşılaşması öncəsi bu, tovuzlulara nə qədər üstünlük qazandırır?

- "Turan Tovuz"un az da olsa, sanki finalın bir addımlığındadır. Ən azından belə hiss olunur. Nəzərə alaq ki, onlar matça qalib ruhda çıxacaqlar. Hər halda, qarşıda gərgin 90 və ya 120 dəqiqə var. Ancaq unutmayaq ki, hər şey sıfırdan başlayacaq və rəqib də "Neftçi"dir. 

- İlk matçdakı məğlubiyyətə rəğmən cütün favoriti yenə də "Neftçi" göstərilir. Bununla razısan?

- "Neftçi" Azərbaycanın ən titullu klublarından biridir. Reallıq onu göstərir ki, "Neftçi" cütün favoritidir. Ancaq favorit hər zaman qalib olmur. Hər halda, gözləyək, oyunun necə alınacağını görəcəyik.

- "Turan Tovuz"un "Neftçi"yə qarşı hansı futbolu oynayacağını ehtimal edirsən?

- Hər məşqçinin özünəməxsus oyun üslubu var. Qarşıdakı komandanı nəzərə alaraq, öz taktikasını qururlar. Düşünmürəm ki, "Turan Tovuz" "Neftçi"yə qarşı açıq futbol oynasın.

- Ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündəki qələbəyə baxmayaraq, "Turan Tovuz" çempionatda 8 turdur qalib gələ bilmir. Bu, komandada inamsızlıq yarada bilər?

- Qalib gələ bilmirlər deyə, komandada inamsızlıq yaranması üçün heç bir səbəb görmürəm. Ayxan Abbasov çox mehriban komanda formalaşdırıb. Bunu da meydanda apardıqları mübarizədən görmək mümkündür.  

- "Neftçi" - "Turan Tovuz" görüşünün qalibini müəyyən etmək üçün əlavə vaxta ehtiyac duyulsa, fiziki sarıdan hansı tərəf əziyyət çəkmiş olacaq?

- Hansı komanda daha çox hücum edəcəksə, həmin tərəf də bir az tez yorulacaq. 

- Bir müddət əvvəl azarkeşlər çempionatdakı uğursuz nəticələrə görə komandadan, baş məşqçidən narazı idi. "Neftçi" ilə görüşdə komandanın azarkeşlərə daha çox ehtiyacı olacaq...
- Tovuzda hamı "Turan Tovuz" üçün birləşib. Narazılıq həmişə olur. Olacaq da. Ancaq həmin azarkeşlər artıq güc birlikdədir şüarı ilə bu gün Bakıya dəstək olmağa gələcək. 

- Hər iki komandada oynamısan. "Neftçi"yə, yoxsa "Turan Tovuz"a azarkeşlik edəcəksən?
- Öncə hər iki komandaya uğurlar arzulayıram. Təbii ki, "Turan Tovuz"a azarkeşlik edəcəm. Bu matç hər iki komanda üçün daha faydalı və önəmlidir. Titul hər bir komandaya lazımdır.

Mirbağırağa

Xəbər xətti