"Qəbələ" və "Keşlə" (indiki "Şamaxı") komandalarında baş məşqçi kimi ölkə kubokunu qazanmış Sənan Qurbanov bu gün keçiriləcək final oyunu haqda fikirlərini bildirib.
Sportal.az saytına açıqlama verən Qurbanov mövsümün "Qəbələ" üçün daha uğurlu keçdiyini deyib:
"Hər iki komandanın oyuna ciddi hazırlaşdığı hiss olunur. Maraqlı və gərgin final görüşünün şahidi olacağıq. Həm “Neftçi”, həm də “Qəbələ” titulu qazanmaq istəyir. “Neftçi” bu mövsüm qeyri-stabil çıxışı ilə yadda qalıb. Amma onlar hər zaman çempionluq üçün mübarizə aparan komandadır. Çempionatda alınmadı deyə, "Neftçi" kuboku qazanmağa çalışacaq. Eyni sözləri “Qəbələ” haqda da deyə bilərik. Mövsümü onlar üçün uğurlu hesab etmək olar. Dördüncü yerlə avrokuboklara vəsiqəni təmin etdilər. Lakin titulu qazanmaq başqa hissdir. Kuboku qazanmaq üçün onlar da ən yaxşısını edəcək".
Onun sözlərinə görə, finalda favorit yoxdur: "Neftçi" doğma divarlar arasında oynayacaq. Doğrudur, "Qəbələ"nin də bu stadionda yaddaqalan, maraqlı oyunları olub. Bura avrokubok matçlarını daxil etmək lazımdır. Bugünkü matçda favorit önə çıxarmaq çətindir. Hər iki komanda yaxşı futbolçulara sahibdir. Sürətli və dinamik matç keçəcək. Bəlkə də, qolları ilk dəqiqələrdə görə bilərik. Psixoloji hazırlıq və inanmaq çox önəmlidir. Hansı komanda daha rahat, düzgün hazırlaşacaqsa, titulu götürəcək".
Mirbağırağa