Azərbaycan milli komandasının sabiq kapitanı Aslan Kərimov Sportal.az saytına müsahibə verib.
- Millinin İsveçlə oyununu necə dəyərləndirirsiniz?
- Sözsüz ki, millinin oyununu keyfiyyətli dəyərləndirirəm. Tək mən yox, hamı belə düşünür. Tariximizdə ilk dəfədir ki, İsveç yığmasına qol və qollar vururuq və qalib gəlirik. Bu, tarixi qələbədir. Futbolçular ilk dəqiqədən sona qədər mübarizlikləri və rəqibi üstələməkləri ilə seçildilər.
- 3:0 hesablı qələbə sizin üçün təəccüblü oldu?
- Əvvəlki müsahibələrimdə bildirmişdim ki, oyuna pozitiv tərəfdən yanaşıram. Bundan əvvəlki matçlarda da millinin oyunu pis görünmürdü. Mübarizlik, qol imkanları yaratmaq var idi. Komanda səhvlərlə yanaşı, yaxşı cəhətlərlə seçilirdi. Avstriya ilə matçın son dəqiqələrində yaradılan qol imkanı dəyərləndirilsəydi, 1 xal qazanmaq olardı. Təəssüf ki, idman xoşbəxtliyi bizdən üz döndərdi. Bütün bunların fonunda düşünürdüm ki, milli İsveçlə görüşdə yaxşı oyun nümayiş etdirəcək. Təbbi ki, 3:0 hesablı qələbə gözləmirdim. Futbolçularımızın yaxşı oyunu ilə yanaşı İsveç millisinin turnir cədvəlindəki vəziyyəti də onlar üçün demotivasiya idi. Uzun yol gəlmişdilər. Bu qarşılaşmada onların heç bir motivasiyası olmaması bizim lehimizə işlədi. Hesab edirəm ki, isveçlilər daha ciddi oynasaydılar, bu qədər asan qələbə qazana bilməzdik. Bütün bu faktorlar bizim qalib gəlməyimizə səbəb oldu.
- Sizcə, milli komandamız əvvəlki matçlarda niyə belə oyun nümayiş etdirə bilmirdi?
- Milli komandanın potensialı açıq-aşkar bilinəndir. Bizim yaxşı oynamağımızın səbəbi rəqiblərin zəifləməsi və ya onların oyuna motivasiyasız yanaşması ilə bağlıdır. Millətlər Liqasında qrup lideri olan Qazaxıstanı da 3:0 hesabı ilə məğlub etmişdik. Amma vacib olan, rəqibin motivasiyasının yüksək olduğu matçda isə çətinlik çəkdik. Qalibiyyətlərimiz təbii ki, yaxşı oyunun sayəsindədir. Futbolçular oyundan-oyuna motivasiya olurlar. Bir matçdakı yaxşı çıxış növbəti oyun üçün ruh yüksəkliyi gətirir.
- İsveç üzərindəki inamlı qələbə millinin bundan sonrakı oyunlarına necə təsir edəcək?
- Estoniya üzərindəki qələbə, Belçika və Avstriya ilə görüşlərdəki yaxşı oyun təbii ki, öz izini qoyur. Belə oynadıqca futbolçularda özünəinam artır. Dinamikaya baxsaq, görərik ki, komandamız hər oyunda daha yaxşı çıxış edir.
- Qarşıda Belçika ilə matçda var. Bu oyundan gözləntiniz nədir?
- Düşünürəm ki, milli Belçikaya qarşı da yaxşı performans göstərəcək. Amma qələbə qazanmaq mənim üçün böyük sual altındadır. Nə qədər optimist olsam da, qalib gələcəyimizə inanmağım gəlmir. Səfərdə ən yaxşı halda 1 xal qazana bilərik. Belçika qrupda liderliyini təmin edib. Ola bilər ki, rəqib açar oyunçulara istirahət versin. Onların xeyli gənc futbolçusu var. Belə matçlarda həmin oyunçuları yoxlamağa dəyər. Bu cür oyunlar gənclər üçün özlərini göstərməyə platformadır. Məncə, Belçika seçməsi qarışıq heyətlə meydana çıxacaq. Bu da bizim uşaqlar üçün çağırış olacaq. Futbolçular düşünəcək ki, bu matçda da yaxşı oynayaq və nəticə əldə edək. Amma istənilən halda İsveçlə oyundakı kimi olmayacaq. Milli uzun səfər edəcək. Digər tərəfdən bizim oyunçular üçün üç gündən bir oyun keçirmək həddən artıq çətin olur. Komanda meydana yorğun halda çıxacaq. Bir şeyi də qeyd edək ki, milli İsveçlə görüşdə 60-cı dəqiqədən sonra 10 nəfərlə mübarizə apardı və futbolçular ikiqat qaçmaq məcburiyyətində qaldı.
- Millinin seçmə mərhələdəki performansını necə dəyərləndirirsiniz?
- Bu tsikli iki mərhələyə bölmək olar, başlanğıc və sonluq. Təbii ki, startda ard-arda gələn məğlubiyyətlər və Bakıda Estoniya ilə heç-heçə performansımızın o qədər də yaxşı olmamasının göstəricisi idi. Səbəblərini deyə bilmərəm. Çünki, komandanın içində olmadığım üçün hər hansı fikir bildirməyim mümkün deyil. Bunun səbəbləri çox ola bilər. İçəridə hansısa narazılıqlar ola bilər, hansısa oyunçunun psixoloji problemi olduğu halda belə oyunlar olur. Performansa təsir edən bir çox amillər var. Tsiklin ilk yarısında böyükhesablı məğlubiyyətlər oldu. Ona görə də bu mərhələni yaxşı dəyərləndirmək olmaz. Amma seçmə mərhələnin ikinci yarısında gözlə görünəcək qədər artım var. Komanda yaxşı oyun nümayiş etdirdi.
- Sizcə, bu nəticələrdən sonra Canni De Byazi postunda qalmalıdır, yoxsa onunla yollar ayrılmalıdır?
- Bu, çətin sualdır. Belçikanı da məğlub etsə, son oyunlara görə qalmağa layiq ola bilər. Düzdür, nəticə olaraq qrupdan çıxmırıq. Amma İsveç və Belçikanı məğlub edibsə, rəhbərliyi De Byazi haqda düşünməyə vadar edəcək. Hər şey Belçika ilə qarşılaşmadan sonra bilinəcək.
Elçin Əlixan
saytlarin hazirlanmasi