Gürcüstanlı futbolçular Avropanın bir çox ölkələrinin çempionatlarında çıxış edir. Qonşu ölkədəki inkişafın səbəblərini öyrənmək üçün futbol eksperti Aslan Kərimovla əlaqə saxladıq.
Sportal.az saytına danışan Aslan bəy bunun bir çox səbəblərinin olduğunu dedi. Onun sözlərinə görə, əsas amil Gürcüstanda meydançaların olması və rəqabətədavamlı çempionatın keçirilməsidir:
"Hər bir akademiyanın məşq etmək üçün meydançası var. Bu baxımdan onlar bizdən qat-qat üstündür. Bizdə Premyer Liqa klublarının belə akademiyaları bərbad vəziyyətdədir. Bir meydançanı dörd yerə bölüb məşq edirlər. Bu, məsələnin bir tərəfidir. Amma maddi baxımdan deyə bilmərəm ki, onlar klublara külli miqdarda pul ayırırlar. Onlar futbolçuların satışından pul qazanırlar. Əsas liqada oynayan oyunçulardan yox, daha çox uşaqların satışından pul qazanırlar. 17-18 yaşlı futbolçulara əsas liqada oynamaq imkanı verirlər. "Lokomotiv", "Dila Qori", "Samtredia" kimi komandanı var. Xviça Kvaratsxeliyanın necə satılması ilə bağlı atası Badri Kvaratsxeliya ilə söhbətim olub. Xviça hələ tanınmayan vaxtlarda "Rustavi"də çıxış edib. Oradan Moskva "Lokomotiv"inə gedəndə klubuna xeyli pul qazandırdı. Yüksək liqa klubları gənc oyunçulara oynamaq şansı verirlər. Nəticədə oyun praktikası olanda onları sata bilirlər. Bu, menecment tərəfidir.
Bundan əlavə çempionatlarındakı bütün istedadlı uşaqları oğurlayıb Tbilisi "Dinamo"suna gətirmirlər. Aşağı yaş qruplarında rəqabət demək olar ki, eynidir. Bircə "Dinamo" Tbilisidə olan oyunçuları komandaya cəlb edə bilir. Amma regionlarda hər şey öz qaydasındadır. Bizdə məsələn Ağstafada infrastruktur, məşq keçmək üçün şərait yoxdur. Buna görə də oradakı istedadlı uşaqlar başqa yerdə oynamağa məcburdur. Amma Gürcüstanda belə problem yoxdur. İstənilən regionda komanda var və çempionatda iştirak edir. Uşaqlar oynaya, rəqabət apara bilirlər. İmkan olduqca aşağı yaş qruplarındaolan uşaqları ölkə xaricindəki akademiyalara göndərirlər. Biz tanıdıqlarımızı deyirik. Amma xeyli uşaq olub ki, xaricə gediblər, talantları bəs etməyib, karyeraları uğurlu alınmayıb".
Aslan Kərimov azərbaycanlı məşqçilərin gürcü həmkarlarından zəif olmadığını bildirdi:
"Mənim fikrimcə, onların məşqçiləri bizdən o qədər də qabaqda deyillər. Bizim məşqçilər ən azından gürcülərlə eyni səviyyədədirlər. Buna yüz faiz əminəm. Onların bizdən öndə olduğu ən önəmli şey akademiyaların infrastrukturudur. İnfrastruktur deyəndə cah-cəlallı olduğunu nəzərdə tutmuram. Kifayət qədər meydançaları, topları, formaları, butsları var. Bunun üçün böyük məbləğdə pula ehtiyac yoxdur. Meydança amili çox vacib faktordur. Bizdə istedadlı uşaqların hamısını bir yerə yığırlar. Gürcüstanda isə rəqabətədavamlı çempionat var. Bu da futbolçuların inkişafına çox kömək edir. Bütün bunlarla yanaşı onların menecerləri bizimkilərdən yaxşı işləyir. İstənilən yerlə əlaqələri yaxşıdır. Çünki, vaxtilə kifayət qədər gürcü futbolçu Almaniya, İngiltərə çempionatında çıxış edib. Onları tanıyırlar. Gürcülər üçün İtaliyaya gənc oyunçu göndərmək çox asandır. Xviçanın karyerası uğurlu alındı. Amma İtaliyaya gedib oynamayan çox futbolçuları da olub. Gürcüstanın U-17 millisində İtaliyada oynayan mərkəz müdafiəçisi var. Hələ karyerasının necə olacağı bilinmir. Amma Kaxa Kaladzenin bir sözü kifayət edir. Çünki, onu tanıyırlar. Düşünürlər ki, Gürcüstandan Kaladze kimi oyunçular çıxa bilər. Onların menecerləri, seleksiyaçıları daha aktiv işləyirlər. Bizdə menecerlər daha çox əsas komandalarla işləyir. Çünki, əsas gəlirləri buradandır. Onlar üçün hansısa uşağı satmaq asan məsələ deyil".
Elçin Əlixan
saytlarin hazirlanmasi