İlqar Qurbanov sabiq "Xəzər Lənkəran"lı ilə görüşdü, "Ludoqorets"in skautinq sistemi ilə tanış oldu

19:58 - 8 Fevral 2024

AFFA-da skaut vəzifəsində çalışan İlqar Qurbanov ilboyu müxtəlif seminarlara qatılır, Avropa klublarının iş prinsipləri ilə yaxından tanış olur. Onun maraq dairəsində olan yaınız skautinq deyil, həm də klub idarəçiliyi, uşaq futbolu və bu işin tərkib hissəsi olan futbolun digər sahələridi. 

Bolqarıstanın "Ludoqorets" klubunun fəaliyyəti ilə də yaxından maraqlanan İlqar Qurbanov azərbaycanlı futbolsevərlərə yaxşı tanış olan İvan Tsvetkovla görüşüb. Sportal.az saytına açıqlama verən Qurbanov görüşün detalları barədə danışıb: 

"İl ərzində müxtəlif seminarlara qatılıram, futbolun incəliklərini öyrənirəm. Əgər futbolçu olmuşamsa, bu o demək deyil ki, idarəçilikdə hər şeyi bilirəm. Daim öyrənmək, daim inkişaf etmək lazımdır. 

İvan Tsvetkovla görüşümə gəlincə, "Xəzər Lənkəran"ın sabiq forvardı hal-hazırda "Ludoqorets"də skaut vəzifəsində çalışır. Bir maraqlı faktı deyim ki, "Ludoqorets"də skautlar mövqelər üzrə futbolçulara baxırlar. Məsələn, Tsvetkov yalnız hücumçuları izləyir. Bunun üçün hətta 3-4 ay Braziliyada, Portuqaliyada qalır. Bu müddət ərzində futbolçuları canlı izləyir, onların ailələri ilə görüşür. İvan sonuncu dəfə Braziliyada olmuşdu. 4 ay ərzində 2 hücumçuya baxmışdı. Yəni, onun işi sırf hücumçulardı, digər mövqelər üzrə oyunçuları izləmir".

Xəbər xətti