Yaşamaq, doğrudan, çox gözəl işdi,
Bir az pulun olsun, bir az imkanın.
Dörd yanın şıdırğı alış-verişdi;
Arzu bazarıdı, ümid dükanı.
Dolan bu bazarı, atam balası,
Simiclik eləmə qəpik-quruşa.
Lənkəran limonu, Şəki halvası…
Turşu şirinə qat, şirini turşa.
Ramiz Rövşənin "Qarışqa ömrü" şeirindəki bu misralar Azərbaycan futbolunun indiki halını tam dəqiqliklə təsvir edir. Bazara döndəriblər futbolumuzu. Elə İcraiyyə Komitəsinin tərkibinə baxanda görürsən ki, bir az pulları var, bir az da imkanları. Ona görə də turşu şirinə qatıblar, şirini turşa.
Bu həmin adamlardı ki, AFFA-nın sabiq idarəçisi Elxan Məmmədovu futbolumuzu monopoliyaya almaqda, yalnız dost-tanışlarını irəli çəkməkdə ittiham edirdilər. Zaman göstərdi ki, bunların davası futbolu düzəltmək yox, vəzifə davası idi.
Məmmədov başına öz adamlarını yığırdısa, Rövşən Nəcəf də gələn kimi öz yaxınlarını İK-da yerbəyer elədi. Dəyişən nə oldu ki... Əvvəl Elxan və dostları deyirdiksə, bundan sonra da deyəcəyik Rövşən və dostları. Həsən keçəl, ya da keçəl Həsən!
Elxan Məmmədovu devirmək üçün ortaya atılan Sərxan Hacıyev də layiqincə qiymətləndirildi. Onu icraçı vitse-prezident təyin etdilər. Xəyanətin mükafatı da demək olar buna. Guya, futbolumuz üçün çalışır görüntüsü yaradan Sərxan Hacıyevin AFFA-dakı fəaliyyəti sırf Elxan Məmmədovun federasiyadan tam uzaqlaşdırılmasına hesablanmışdı. Axırda bacardılar. Amma qazanan futbolumuz yox, Sərxan Hacıyev və onun himayədarları oldu.
İndi Rövşən Nəcəf və onun dəstəsi rahat-rahat AFFA-nı da "Neftçi"nin gününə sala bilər. Əsas məsələ taxta qalxmaq idi. Kral yeni olsa da, idarəetmə üsulu köhnədir. Qıraqdan bir futbol adamını belə yaxın buraxmadılar, heç kimi saymadıqlarını göstərdilər.
Qalibləri mühakimə etməzlər. Müharibədə bütün vasitələr keçərlidir. Rövşən Nəcəf və dostları qələbənin dadını çıxartsınlar, bizə daha 16 il gözləmək qalsın.
Həmid
saytlarin hazirlanmasi