İtaliyadakı azərbaycanlı: "Əsas hədəfim A seriyasında və Azərbaycan millisində oynamaqdır" - MÜSAHİBƏ

16:49 - 4 May 2024

Karyerasını İtaliyada davam etdirən azərbaycanlı futbolçu Raul Yaqubzadə Sportal.az saytına müsahibə verib. 2000-ci il təvəllüdlü futbolçu hazırda D seriyasında mübarizə aparan "Nuova Florida"nın formasını geyinir, amma o, müqavilə ilə həmin liqada çıxış edən “İmoleze”yə məxsusdur. Yaqubzadə İtaliyadakı vəziyyətindən və A seriyasında oynamaq perspektivindən söhbət açıb.

- İtaliyada işlərin necə gedir?

İşlərim yaxşı gedir. Bizim liqada son tur mayın 5-də keçiriləcək. "Nuova Florida" üçün olduqca vacib görüşdür. Həmin oyunda qələbə qazanmaq istəyirik. Ciddi hazırlaşırıq. Komanda liqada qalıb, sadəcə son turda da qələbə qazanmaq istəyirik.

- Bu mövsüm D seriyasındakı performansını necə dəyərləndirirsən?

D seriyasında ilk ilim idi. Düzü, indiyə qədər aşağı yaş qruplarının liqasında oynamışdım. Mənim üçün də əla təcrübə oldu. Bir az əvvəlki oynadığım liqalarla D seriyası arasında fərq var. Burada daha çox fiziki futbola üstünlük verirlir. Amma bir az vaxtdan sonra adaptasiya oldum.

- Müqavilə ilə İtaliya D seriyasında mübarizə aparan "İmoleze"yə məxsussan. Ora qayıtmağı fikirləşirsən?

"İmoleze"yə mayın sonunda qayıdacam. Hara gedəcəyimi, ya orada qalacağımı hələ ki, bilmirəm. Bu mövsümün sonunda "İmoleze" ilə müqaviləm başa çatacaq. Necə olacağını görəcəyik. İndidən bir söz deyə bilmərəm.

- "Nuova Florida"da oynamaq sənə nə qazandırdı?

"Nuova Florida"da oynamaq mənim üçün təcrübə oldu. Çünki bu komandada B seriyasının və C seriyasının futbolçuları oynayır. D seriyası yaxşı liqadır. Çünki B seriyasında oynayan klubların futbolçuları icarə əsasında burada oynayır. Mənim komandamda da bu tip futbolçular var. Həqiqətən də onlarla eyni komandada oynamaq, bu liqada çıxış etmək mənə böyük təcrübə qaldı. Onlarla məşq etmək də mənim üçün çox böyük təcrübədir.

- İtaliyada oynasan da, yığma komandaya dəvət edilmirsən. Səncə, İtaliya D seriyasında oynamaqla, Azərbaycanın U-19 və U-21 yığmasına dəvət edilmək mümkündür?

- Mən burada oynayıb, Avropa futbolunda qalmaq istəyirəm. Əsas hədəfim A seriyasında və Azərbaycan millisində oynamaqdır. Gələcəkdə öz ölkəmizin millisində çıxış etmək üçün əlimdən gələni etməyə hazıram. İnanıram ki, yığma komandadan da dəvət olacaq. 

Mirbağırağa

Xəbər xətti