"Klub rəhbərliyi Premyer Liqaya yüksəlmək üçün hər şeyi etməyə hazır idi"

19:32 - 23 May 2024

"Mən komandaya bir az gec qoşuldum. Planlar böyük idi, yüksək liqaya çıxmaq istəyirdik. İmişli kimi rayonu və ən azından fanatları üçün çox məyusedici vəziyyətdir. Hər oyuna 5-6 min adam gəlirdi. Hətta 8 min adamın gəldiyi də olurdu. Könül istərdi ki, "İmişli" Premyer Liqaya yüksəlsin. Rəhbərlik, futbolçular, hamımız inanırdıq, ümidlər böyük, gələcək üçün isə planlar böyük idi. "İmişli" yaxşı komandadır. Futbolçuların hamısı Premyer Liqada oynamış, sözünü demiş oyunçulardır. Bəzi nüanslar var ki, Premyer Liqaya çıxa bilməməyimizə təsir etdi. Meydança amilini də bura əlavə edərdim. Bizdəkilərin çoxu topla oynayan oyunçulardır. Komanda yeni qurulanda itirlən xalların böyük rolu oldu. Çox xallar itirilmişdi, sonradan komanda oynamağa, qalib gəlməyə başladı, amma çempionluq olmadı".

Bu sözləri Sportal.az saytına açıqlamasında "İmişli"nin təcrübəli futbolçusu Elvin Yunuszadə deyib.

Azərbaycan milli komandasının sabiq üzvü mövsümü dördüncü pillədə başa vuran "İmişli"nin yeni mövsüm Premyer Liqa olmaması haqda danışıb. O, bildirib ki, klubda hamı AFFA İcraiyyə Komitəsinin iclasında 2024/2025 mövsümü üçün Premyer Liqada komanda sayının artırılacağına inanırmış:

"Klub rəhbərliyi Premyer Liqaya yüksəlmək üçün hər şeyi etməyə hazır idi. Stadion, məşq meydançası, baza da var idi. Çatışmazlıqları da təmir edib, yaxşı vəziyyətə gətirmək olardı. Bildiyim qədərilə rəhbərlik bunların hamısını edəcəkdi, planlar böyük idi. Hətta klubun prezidenti bəzi məsələlərə görə Argentinaya da yollanmışdı. Mən Gəncədə olanda nə məşq meydançası, nə oyun meydançası, nə də baza var idi. Paltarımızı konteynerlərin içərisində dəyişirdik, amma zamanla hər şey düzəldi. Halbuki komanda sayının artırılacağını hamımız gözləyirdik. Bu, həm yerli futbolçular üçün yaxşı olacaqdı. Hansısa komandalar zəif kimi görünə bilərdi. Lakin əsas odur ki, yerli futbolçular daha çox oynamaq şansı qazanacaqdı, digər komandaların da oyun sayı artacaqdı. Lakin belə alınmadı. Hamımız məyusuq, çox pis olduq. Bir il əziyyət çəkildi. Düzdür, çempion olmadıq. İstənilən halda, komanda sayı artsaydı, daha yaxşı idi".

Yunuszadə, şəxsi performansı barədə də danışıb: "Futbolçu karyerası elədir ki, eniş də olur, yüksəliş də. "İmişli"yə getdim ki, formada qalım. Meydana çıxdıqdan sonra görürəm ki, Premyer Liqada da oynamaq olar. Əsas odur ki, məşq edib, formada olasan. Sadəcə futbolçu karyerasında bəzən "qara zolaq" da yaşanır. Ümid edirəm ki, bəzi şeylər dəyişər. Yeri gəlmişkən, düzü, heç istəməzdim ki, "Qəbələ" birinci liqaya düşsün. Bu klub Premyer Liqaya daha böyük rəng qatır. Düzdür, bu mövsüm sonuncu pilləni tutdular. Amma "Qəbələ"nin çox yaxşı səviyyədə olan bazası var".

Mirbağırağa

Xəbər xətti