"Hamını inandırıblar ki, avtoqol etmişəm, amma qolu Juninyo vurmuşdu" - MÜSAHİBƏ

18:18 - 9 İyun 2024

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev Sportal.az saytına müsahibə verib.

- "Araz-Naxçıvan" mövsümü 8-ci pillədə başa vurdu. Səncə, daha yaxşı yerlərdə ola bilərdiz? Nə mane oldu ki, mövsümə başladığınız kimi də davam edəsiz?

- Təəssüf ki, 8-ci pillədə olduq. İstəyərdik ki, başladığımız kimi, yəni çempionatın əvvəlində necə ilk pillələrdəydik, sezonu da elə bitirək. Əfsuslar olsun ki, hər şey istədiyimiz kimi olmadı. Ağır il oldu. “Araz-Naxçıvan” uzun fasilədən sonra Premyer Liqada çıxış etdi. Allah qoysa, gələn mövsümlərdə daha da iddilı olub, avrokuboklara gedən klublar sırasına düşərik.

- "Araz-Naxçıvan"ın yeni müqavilə imzaladığı futbolçulardan biri də sən oldun. Gözləyirdin ki, klub sənə yeni müqavilə təklif edəcək, yoxsa artıq yeni komanda axtarmağa başlamışdın?

- Düzünü deyim, mövsümün axırında komanda axtarmağı planlaşdırmırdım. Çünki təklifim var idi. Başqa klublarla danışığım olmamışdı, fikrim də yox idi. "Araz-Naxçıvan” rəhbərliliyi, məşqçilər korpusu ilə münasibətimi bilirlər. Bu klub mənim üçün doğmadır. Onlarla işimi konkretləşməmişdən əvvəl, heç vaxt başqa yerə keçməyi düşünmürdüm. Danışıqlar uğurlu keçdi və yeni mövsümdə də bu komanda üçün oynayacam.

- Artıq baş məşqçi Elmar Baxşıyevdir, yeni sezon üçün "Araz-Naxçıvan"ın iddialı olacağını düşünürsən? Səncə, bunu etməyə gücünüz çatacaq?

- Hər bir futbolçu, məşqçi, klub rəhbəri istəyər ki, komandası yüksək yerlər üçün mübarizə aparsın. Biz də əlimizdən gələni edəcəyik ki, futbol ictimaiyyəti iddialı “Araz-Naxçıvan” görsün. Başa çatan mövsüm ağır il oldu, yaxşı təcrübə idi. Bununla da təcrübə topladıq. Yaxşı hazırlaşacağıq ki, liqaya yaxşı start verək və mövsümü yaxşı bitirək.

- Mövsümün son görüşündə "Qarabağ"la oynadız və 2:2 bərabərə qaldınız. Bu mövsüm onları bir dəfə də udmuşdunuz. Hamı "Qarabağ"a qarşı çətinlik çəkdiyi vaxtda demək olar ki, onlar sizin üçün uyğun rəqibdir?

- "Qarabağ" haqda nəsə demək artıqdır. Onların adı gələndə, bu hamı üçün artıq motivasiyadır. Hər bir komanda bu rəqibə qarşı fərqli əzm, istəklə çıxır. Bu mövsüm belə alındı. İstəyərdim ki, bundan sonra "Qarabağ" üçün başağrısı olaq. Çempionat nə qədər gərgin, çətin olsa, bir o qədər maraqlıdır. Bu mövsüm son tura qədər hansı komandanın hansı yerə tutacağı bilinmirdi. Təki, hər mövsüm belə sezon olsun.

- Bu görüşdə daha çox müzakirələrə səbəb olan və danışılan sənin avtoqolun idi. Hətta bəziləri bildirdi ki, sanki özün bilərəkdən avtoqol elədin. Bu məsələ haqda nə deyəcəksən?

- Mənim üçün də çox maraqlı şərhlər var idi. Meydandan kənardakıları necə inandırmışdılarsa, hamı mənim qol vurduğuma əmin idi. Özüm də şoka düşmüşdüm. Təəccübləndim. Qolu da mənim adıma yazdılar. Hər şey dinamikada baş verir. Ötürmə veriləndə, Juninyo arxamda idi, daha doğrusu solumda. Topu sol tərəfə çıxardırdım, Juninyo dizini uzatdı və top qapıya daxil oldu. Təkrarda hər şey yaxşı görünürdü. Sevinməyindən də bəlli idi ki, qolu Juninyo vurub. Amma avtoqolu adıma yazdılar. Şərhlərdə isə gülməli şeylər yazırlar. Lakin hər şey bəllidir, qolu vuran Juninyodur, mən yox. Hamını inandırıblar ki, avtoqol etmişəm. Amma avtoqolla əlaqəsi yoxdur.

Mirbağırağa

Xəbər xətti