Ernest Heminqueyin "Qoca və dəniz" povestini yəqin ki, çoxlarınız oxumusuz. Hələ məktəb vaxtları tanış olduğumuz əsərdə Santyaqo adlı qoca balıqçının Kubanın sahillərindən çox uzaqlarda nəhəng bir marlin balığı ilə mübarizə aparmasından bəhs olunur.
İnsan hansı yaşda olursa olsun, yaşamaq eşqi, həyat uğrunda mübarizə aparmaq istəyi onu tərk eləmir. Hər işdə belədir. Heminqueyin qəhrəmanı qoca balıqçı da uzun müddət uğurlu ov eləyə bilmir, hər gün yeni bir ümidlə okeana çıxır, sonra kor-koranə evə qayıdır. İşinin peşəkarı olan Santyaqo nəhayət günlərin birində nəhəng bir balıq tutur, onu ovlamaq üçün inanılmaz mübarizə aparır...
Millimizə yeni baş məşqçi təyin olunan Fernando Santuşu Ernest Heminqueyin qəhrəmanına bənzətmək olar. 70 yaşlı Santuş da öz işinin peşəkarıdı. Portuqaliya millisini Avropa çempionu eləyib. Amma Santyaqo kimi onun da son vaxtlar əli gətirmir. Əvvəlcə Polşada işləyə bilmədi, sonra "Beşiktaş"dan qovuldu.
Son illər ovları uğursuz olan bu qocanı indi də bizimkilər gətiriblər ki, böyük okeanda kiçik qayığa bənzəyən Azərbaycan yığmasıyla nəhəng balıqlar tutsun. Olana bənzəmir, amma yenə də AFFA prezidenti Rövşən Nəcəf ümidlidir. Yəqin qocanın təcrübəsinə bel bağlayır. Amma nə yalan deyim, mənə elə gəlir ki, Nəcəf onun adına aldanıb. Yəqin düşünüb ki, bu işdə ağsaqqal nəsihəti faydasız olmaz...
Santuşun Azərbaycan millisinə gəlişi ulduz futbolçuların pul dalınca Ərəbistana yollanmasına bənzəyir. Maraq yalnız pul qazanmaqdır. Fernando Santuş da məşqçi kimi qazandığını qazanıb. Azərbaycan millisi ilə nə uğur əldə edə bilər ki...
Onun qarşısına qoyulan tapşırıq AVRO-2028-də uğurlu çıxış etməkdir. Əslində, uğurlu çıxış dedikdə konkret nəyin nəzərdə tutulduğuna da bir aydınlıq gətirilsə, yaxşı olar. Əgər söhbət AÇ-nin final mərhələsinə vəsiqə qazanmaqdan gedirsə, məncə, biz də millinin başını buraxaq, Santuş da. Əgər qrupda 3-cü və ya 4-cü yeri tutmaq hədəflənibsə, Santuşa baş qoşmağa nə ehtiyac var idi ki...
Rövşən Nəcəf kimi intellektual adamın "Qoca və dəniz"i oxuduğuna zərrə qədər şübhə etmirəm. Yəqin dəfələrlə oxuyub, yəqin bizdən daha dərin mənalar çıxarıb bu əsərdən. Ola bilər ki, işinin peşəkarı olan qocalara rəğbəti də məhz oradan, o vaxtdan yaranıb. Bəlkə fikirləşib ki, Heminquey Santyaqo obrazını yaradıbsa, o da Santuşu uğursuzluqlarla barışmayıb mübarizə aparan qoca görkəmində kəşf eləyə bilər.
Amma Santyaqo ilə Santuş arasındakı fərq ondadır ki, qoca balıqçı tükənmədiyini göstərmək istəyən, özünü təsdiqləmək eşqi ilə alışıb yanan biriydi. Santuşun isə bir məşqçi kimi belə əzmdə olduğunu demək çətindir. Görən, Rövşən Nəcəf bunu nəzərə alıbmı?
Həmid
saytlarin hazirlanmasi