"Şahdağ-Qusar"ın kapitanı Rahid Əmirquliyev Sportal.az saytına müsahibə verib. O, komandasının Azərbaycan kubokunun ikinci təsnifat mərhələsində "Araz-Naxçıvan"a 0:4 hesablı məğlubiyyətini şərh edib.
- "Araz-Naxçıvan"a qarşı matç necə alındı? Bu oyunda uğurlu nəticə qazana bilərdiniz, yoxsa çox çətin görünürdü?
- Matç bizim üçün çox çətin keçdi. "Araz-Naxçıvan" həqiqətən güclü komandadır. Bu mövsüm avrokuboklara düşmək üçün oynayır. Premyer Liqa və İkinci Liqa klubları arasında əsl fərq göründü. Uğurlu nəticə qazanmaq üçün şansımız demək olar ki, yox idi. Düzdür, şans həmişə var. Amma oyun onu göstərdi ki, rəqibi udmaq şansımız yox idi. Səviyyə fərqi var idi. Rəqib layiqli qələbə qazandı.
- Premyer Liqa klubuna qarşı oynadınız. Yəqin ki, özünüz üçün də yaxşı təcrübə oldu? "Şahdağ" İkinci Liqada liderdir və hədəf yəqin yüksək liqaya çıxmaqdır?
- Biz İkinci Liqada çıxış edirik. Hədəfimiz Birinci Liqaya yüksəlməkdir. Premyer Liqa klubları ilə oynamaq təcrübədir. İkinci Liqada elə oyunçular var ki, Premyer Liqada oynamayıblar. Onlar üçün belə matçlar lazımdır, vacibdir. Premyer Liqa səviyyəsini görmək üçün əlverişli matç oldu. İnanıram ki, bu oyun xeyrimizə olacaq.
- Premyer Liqa klubuna qarşı uzun müddət sonra ilk dəfə idi oynayırdın. Səncə, illər keçəndən sonra fərq? Yəni indi Premyer Liqa klubları indi daha güclü görünür?
- Bir ildən də çoxdur Premyer Liqa klubuna qarşı oynamırdım. Bir oyunla nəsə demək düzgün deyil. Premyer Liqa klubları indi güclənib, yoxsa əvvəl güclü idi söhbətini etməyim doğru deyil. Sadəcə onu deyim ki, Premyer Liqa və İkinci Liqa klubu arasında fərq çox böyükdür. Bu oyunda da göründü.
- Adətən bəzi veteranlar deyir ki, "bir az məşq etsəm Premyer Liqada oynayaram". Bu fikirlə razısan?
- Söz gəlişi deyirlər. Məncə, belə deyil. Premyer Liqada oynamaq asan məsələ deyil. Kənardan görünür ki, çıxıb oynamaq olar. Amma elə deyil. Çox çətindir. Kim deyirsə ki, bir az məşq edib oynayaram, ona inanmıram. Özümə gəlincə, əlbəttə indiki vəziyyətdə Premyer Liqada oynaya bilmərəm. Bəlkə də karyeramı bitirməsəydim, davam etsəydim, hardasa 20-30 faiz oynayardım. Amma əvvəlki kimi olmazdı.
- "Şahdağ-Qusar"ı qarşıdakı neçə ildə Premyer Liqada görə bilərik? Hər cür şərait yaradılıb komandaya?
- Hədəfimiz Birinci Liqaya yüksəlməkdir. Əlimizdən gələni edəcəyik ki, çempion olaraq yuxarı liqaya vəsiqə qazanaq. Rəhbərliyimiz bizim üçün hər cür şərait yaradıb. Bircə qalıb, meydanda sübut edib çempion olmaq. Permyer Liqa məsələsinə gəlincə, onu yalan deyərəm. Onu heç kim deyə bilməz. Addım-addım getməliyik. İndiki hədəfimiz Birinci Liqaya çıxmaqdır. Onu reallaşdıraq, daha sonra o biri hədəflərə baxmaq lazımdır. İndiki vəziyyətdə hədəf Birinci Liqadır.
Mirbağırağa