Azərbaycan millisinin veteran qapıçısı Nadir Şükürov Sportal.az saytına müsahibə verib. Karyerası ərzində “Kəpəz”, “Ərzurumspor”, “Qarabağ”, MKT-Araz, “Qəbələ” və “Karvan” kimi klubların qapısını qorumuş və hazırda qapıçılar üzrə məşqçi kimi çalışan Şükürov millimizin hazırkı qolkiperləri barədə də danışıb.
- Çoxdandır ki, işsizsiz. Hazırda işsiz qalmağınızı nə ilə əlaqələndirirsiz?
- Bəli, 1,6 ildir ki, işsizəm. Düzü, təklifim var idi. Əsgər Abdullayev "İmişli"yə baş məşqçi təyin olunanda, təklif göndərmişdi. Ona da təşəkkür edirəm. Müəyyən məsələlərlə əlaqədar ora getməyimi məsləhət bilmədim. Amma indi heç bir təklifim yoxdur. Görək də, necə olacaq. Yəqin ki, təklif göndərən komanda olar. Gözləyirəm.
- “Kəpəz” sizin üçün doğma komandadır. Onların bu mövsümkü durumunu necə dəyərləndirirsiz? Sizcə, Premyer Liqada qala biləcəklər?
- Bəli, uzun müddət "Kəpəz"də oynamışam. Özü də Azərbaycan çempionatında nailiyyətlər də qazanmışam, uğurlarımız olub. "Kəpəz" Azərbaycanda adlı-sanlı, köklü komandadır. "Kəpəz"in son pillələrdə getməsi nəinki gəncəli azarkeşlərə, Azərbaycanın digər bölgələrindəki azarkeşlərə də xoş deyil. "Kəpəz" Azərbaycan futbolunun qapısıdır, “Neftçi” ilə yanaşı ilk fundamentlərindəndir. "Kəpəz"in bugünkü durumu Azərbaycanda heç bir futbol mütəxəssislərini qane etmir. Premyer Liqada qalmaq məsələsinə gəldikdə, bunu demək bir az çətindir. Çalışmalıdılar ki, komandanı transferlərlə, şəraitlə yaxşılaşdırıb, liqada saxlasınlar. Biz orada Tərlan Əhmədovla çalışmışıq. Oradan ayrıldığıma görə demirəm..İlqar Nadirinin üstünə də getmirəm. O, özü-özünü sübut edib ki, necə rəhbərdir, necə futbol adamıdır. Bunu deməyə də ehtiyac yoxdur. “Kəpəz”in tez-tez baş məşqçisini yox, klubun rəhbərini dəyişmək lazımdır.
- Ümumiyyətlə, “Kəpəz”in oyunlarını Tovuzda keçirməsini nəticələrinə təsir etdiyini düşünürsən?
- Meydança yox, bir şey yox, belə olması da labüddür. Azərbaycan dövləti tərəfindən Gəncədə yaxşı stadion inşa edilir. Deyilənə görə, maya qədər hazır olacaq. Allah qoysa, "Kəpəz" Premyer Liqada yerini qoruyub-saxlayar. Yeni mövsümdən yeni stadionda yaxşı komanda yox, klub formalaşdırarlar. "Kəpəz" hazırda nəinki klub, heç komanda kimi də deyil. İnanıram ki, yeni mövsümdən "Kəpəz" Premyer Liqada qalsa, yaxşı klub formalaşdıracaqlar. Ev oyunlarını Gəncədən kənarda oynaması isə problem deyil. Biz də Tərlan Əhmədovun vaxtında bir neçə oyunu Qəbələdə keçirdik, uğurlarımız da oldu, uğursuzluqlarımız da. Futbolçu bütün bunların hamısına hazır olmalıdır.
- Bəs, azərbaycanlı qolkiperlərin durumunu necə dəyərləndirirsiz? Diqqətinizi çəkən hansı qapıçı var Premyer Liqada?
- Azərbaycan klublarında yaxşı, istedadlı qapıçılar var. Bu gün bizdə Premyer Liqada 10 komanda oynayır, baxaq görək onların neçəsi legionerdir? Hətta bəzi klublar var ki, iki qapıçısı legionerdir. Bunları nəzərə alsaq, yerli qapıçıların oyun şansının verilməsinə təsir edir. Yetərincə savadlı, yaxşı qapıçı məşqçilərimiz var. AFFA-da da qapıçılar üzrə instruktorlar Üzeyir İbrahimli, Faiq Əzizli kimi savadlı insanlarımız var. Həqiqətən savadlıdırlar, kurslarda çox yaxşı dərslər keçirlər. Yerli qapıçılara da inanmaq lazımdır.
- Millimizin əsas qapıçısı Şahruddin Məhəmmədəliyev idi. Ancaq zədələndi və daha sonra Mehdi Cənnətov əsas qolkiperə çevrildi. Lakin son oyunlarda millimizin qapısı Rza Cəfərova tapşırılmışdı. Sizcə, Cəfərov bir nömrə olacaq millidə?
- Rza Cəfərov İsveçə qarşı dayandı. Pis də dayanmadı. Düzdür, qollar buraxdı. Amma komandamızın uduzmasında Rzanın elə də günahı yox idi. Rzaya da gələcək işlərində uğurlar arzulayıram. Amma ümumi götürəndə, Kamran Ağayevdən sonra millidə Şahruddin Məhəmmədəliyev qapıda yaxşı dayanıb. Arzu edirəm ki, tezliklə formasını bərpa etsin və milliyə kömək etsin. Yusif İmanov da yaxşı, perspektivli qapıçıdır. Öz üzərində işləsə, çalışsa, milli üçün "bir nömrə"yə çevrilə bilər. Aydın Bayramovu da qeyd edərdim. "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov ona şans verir. Mən də, onun performansını yaxşı dəyərləndirirəm. Bayramov da millinin əsas qapıçısı ola bilər. Çox diqqətli və sakit tərzdə oyunlar keçirir, "Zirə"nin uğur qazanmasında payı var.
Mirbağırağa
saytlarin hazirlanmasi