Elvin Cəfərquliyev: "Avropa Liqasında məsələ böyük ölçüdə həll olunub"

12:56 - 20 Dekabr 2024

"Qarabağ" ötən gün Premyer Liqanın 3-cü turundan təxirə salınmış oyunda səfərdə "Şamaxı"nı məğlub edib - 1:0.

Qarşılaşmadan sonra Ağdam təmsilçisinin sol cinah müdafiəçisi Elvin Cəfərquliyev Sportal.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı fikirlərini bölüşərdin...

- Çox ağır qarşılaşma oldu. Son dəqiqələrdə fərqləndik. Ümumiyyətlə, "Şamaxı"ya qarşı oyunlarımız hər zaman çətin keçir. Burada həm hava, həm də stadionun süni örtüklü olması amili də var. Rəqib də çox kompakt oynayırdı. Şükürlər olsun ki, vacib olan qolu vurub qələbə qazandıq.

- 3 gün sonra "Araz-Naxçıvan"la qarşılaşacaqsız. Fiziki cəhətdən toparlanmaq çətin olmayacaq?

- Əlbəttə, çətindir. Lakin buna öyrəşmişik. Bir neçə ildir ki, bu proqramla oynayırıq. Diqqətimizi "Araz-Naxçıvan"la oyuna yönəltmişik. İlin son matçıdır, istəyirik ki, qələbə qazanaq.

- Avropa Liqasında son iki oyununuz qalıb. Nəyə ümid edirsiz?

- Öncədən söz verim ki, oyunları qələbə ilə başa vuracağıq, bunu deyə bilmərəm. Böyük ölçüdə məsələ artıq həll olunub. Lakin əlimizdən gələni edəcəyik ki, həmin qarşılaşmalardan qələbə ilə ayrılaq.

- İlin ən yaxşı yerli futbolçusu adına namizədlərdən birisən. Fikirlərin maraqlıdır. Bəs sən kimi bu ada layiq görürsən?

- Özümü layiq görməzdim, Bu, bəlkə də düz olmaz (gülür). Kim mənə səs verəcək, dəstək olacaqsa, onlara təşəkkürümü bildirirəm. Layiq olan qazansın.

Elçin Əlixan 

Xəbər xətti