"Doqquzuncu pillədə qalmaq pis nəticə deyil, sonuncu olmaq istəmirik" - MÜSAHİBƏ

14:35 - 22 Dekabr 2024

"Kəpəz"in kapitanı Yeqor Xvalko Sportal.az saytına müsahibə verib.

- "Kəpəz" ilin son oyununda "Sumqayıt"la 0:0 hesablı bərabərə qaldı. Səncə, bu görüşdə qələbə qazana bilərdiniz?

Bu oyuna yaxşı hazırlaşmışdıq. İlin son görüşü idi. Məncə, "Sumqayıt"a qarşı keyfiyyətli futbol nümayiş etdirdik. Qol epizodlarımız da az deyildi. Onlardan yararlanmaq da mümkün idi. Sadəcə ilk yarıda qol epizodlarından istifadə etmək alınmadı. Təəssüf. Hər halda, xalla ayrıldıq.

- "Kəpəz"in bu görüşdə qol epizodu rəqibi ilə müqayisədə daha çox oldu. Komandanız iki xalı itirdi, yoxsa bir xal qazandı?

Dediyim kimi, biz ilk yarıda ikinci hissədən daha yaxşı görünürdük. İkinci hissədə isə məncə, "Sumqayıt" daha yaxşı idi. Qalib də gələ bilərdik, uduzmaq təhlükəsi də var idi. Bu mənada, hesab ədalətlidir. Şəxsən mən gördüklərimə görə belə düşünürəm.

- Komandanız 2024-cü ili 9-cu pillədə başa vurdu. Yəqin ki, ili sonuncu bitirməməyin özü də, sizə motivasiya verəcək?

- Təbii ki, sonuncu olmağı istəmirik. Bu mənada, ən azından 9-cu pillədə qalmaq pis deyil. Qışdan sonra da mübarizəmizə davam edəcəyik. Uğurlu nəticələr üçün oynayacağıq.

- Mövsümün ilk yarısı "Kəpəz" üçün necə alındı? Səncə, daha uğurlu çıxış edə bilərdiz, yoxsa maksimumunuz bu idi?

Mövsümün bu hissəsini iki mərhələyə ayıra bilərik. Məncə, sezona pis başladıq. Hamı da bunu yaxşı xatırlayıram. Elə oyunlar oldu ki, xal qazanmalı idik. Amma alınmadı. Hər halda, qarşıda mövsümün ikinci hissəsi var və biz daha da artırmalıyıq. 

- Qışdan sonra səncə nəyi necə dəyişmək olar? "Kəpəz"in Premyer Liqada qalacağına inanırsan? Bunun üçün əsas rəqibiniz "Səbail" olacaq?

Düşünürəm ki, yeni transferlər, məqsədyönlü gücləndirmələr olacaq. Hər şey öz əlimizdədir. Rəqiblərimizə dayanıb baxmamaq üçün xal qazanmalıyıq. Bunun baş verəcəyinə də çox inanıram. Komandamız sona qədər mübarizə aparacaq.

- Maraqlıdır, sənə Azərbaycan və ya Avropa klublarından təkliflər var, yoxsa "Kəpəz"i tərk etmək barədə düşünmürsən? Hər halda, klubun yeni stadionu inşa edilir və orada oynamaq istəyəcəksən?

Xeyr, heç bir klubdan təklifim yoxdur. Görək də hər şey necə olacaq. İndidən gələcəyi bu qədər qabaqlamaq istəmirəm. Təbii ki, "Kəpəz"in yeni stadionunda oynamaq istəyirəm. Amma təkrar edirəm, hələ ona qədər uzun müddət var. İndi mövsümün ikinci yarısındakı oyunlarımıza fokuslanacam.

Mirbağırağa
 

Xəbər xətti