"Qarabağ" yayda da Kadini qaytarmaq istəyirdi" birmənalı qarşılanmayan dönüş

19:17 - 7 Fevral 2025

Kadinin "Qarabağ"a qayıdışı azarkeşlər arasında fikirlərin haçalanmasını yaradıb. Bəziləri düşünür ki, Kadiyə ehtiyac çox idi və onun dönüşü yerinə düşüb. Bir qisim isə əvvəlki təcrübəyə əsaslanaraq, "Qarabağ"dan gedənlərin sonradan qayıdıb eyni səviyyədə oynaya bilməməsini qabardır. Reynaldo, Almeyda, hətta Patrik Andradenin özü barədə də bunları demək olar. 

Tanınmış agent Tural Əsgərov məsələ ilə bağlı sportal.az saytına danışıb. O, düşünür ki, Kadi "Qarabağ" üçün lazımlı futbolçudur:

"Əvvəla, mən müxtəlif futbolçular arasında bu cür müqayisə aparmağın tərəfdarı deyiləm. Bir dəfə belə olar, ikinci dəfə başqa cür. Hətta 10 dəfə belə qayıdan pis qayıtsa da, bu, o demək deyil ki, 11-ci qayıdış da mütləq uğursuz olacaq.

Məsələn, Reynaldonun dönüşü də uğursuz olmuşdu. Siz bilmirsiz, amma mən bilirəm ki, onu qaytaranda faktiki sınaq müddətinə götürmüşdülər və çox kiçik rəqəmlərə, qısa müddətə, əvvəlki xidmətlərini və bacarıqlarını nəzərə alıb özünü yenidən göstərməyə şans yaratmışdılar.

Riçard Almeydanın ilk dönüşü uğursuz olmamışdı. İkinci dəfə dönəndə isə artıq "Zirə"dən qayıdırdı və çox güman ki, "Qarabağ" onun təcrübəsinə, liderlik keyfiyyətlərinə güvənərək bu addımı atmışdı. Ola bilsin ki, heç meydanda ondan xüsusi gözləntiləri də yox idi.

Konkret Kadi Borgesə gəlincə, "o daha dəyərlidir, yoxsa Julio Romao?" sualına cavab axtarmayaq. Hər biri keyfiyyətli futbolçudur və əslində "Qarabağ"ın hər ikisinə ehtiyacı var idi. "Qarabağ" yayda Kadini qaytarmaq istəyirdi. Bilirsiz ki, həmin vaxt olmadı. Bu dəfə dəyişiklik imkanı yarandı və görünür ki, bu gün üçün, yəni hazırkı durumda Kadiniəldə etmək üçün Romaodan vaz keçmək məqsədəuyğun sayılıb. Məncə, Kadinin hücumameyilli futbolçu olması, Aleksey Kaşukun ümidləri doğrultmaması, Yassin Benzianın müqaviləsinin yayda başa çatması, Romaonun getmək istəməsi kimi məqamlar da belə seçimə təkan verdi". 

Xəbər xətti