"Zirə" Misli Premyer Liqasının 23-cü turunda səfərdə "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibin müqavimət göstərəcəyini bilirdik. Oyuna hazırlaşmaq üçün çox vaxtımız olmadı. Sıx qrafik də oynayırıq və itkilərimiz var. Oyunun çətin keçəcəyini bilirdik. İlk hissədə gərgin mübarizə oldu. İki qol vurub, fərqləndik. İkinci hissə daha rahat keçdi. Vacib qələbə qazandıq. Qarşıda 8 gün vaxtımız var. Vacib oyunlarımız olacaq. Yaxşı istirahət edib, hazırlaşmalıyıq".
- “Sumqayıt”ı sizin xal mənbəyiniz hesab etmək olar?
- Qələbə qazansaq da, ciddi müqavimətlə üzləşmişik. Bəlkə də, son dönəmlərin ən stressli komandasına qarşı oynadıq. Yaxşı kollektivdir və heyətlərində yaxşı futbolçular var. Bilirdik ki, maksimal formamızdan bir az aşağı olsaq, çətin olacaq. Uşaqlar oyunun mahiyyətini başa düşürdü.
- Salifu Sumanın “elçiləri” artır. Onu saxlamağın çətin olacağını düşünmürsünüz?
- Futboldur, situasiyanı düzgün dəyərləndirmək lazımdır. Başımızı aşağı salıb, işimizi görürük. Klub və futbolçu üçün xeyirlisi nədirsə, o olsun. Tək Suma yox, bir neçə futbolçumuz üçün təklif almışıq. Bu gün bunu yox, oyunları düşünmək lazımdır.
- Ötən oyunu təhlil edib, kaş nəyisə fərqli edərdim demisiniz?
- “Neftçi” ilə matç bərabərə gedirdi. Qola qədər təhlükəli epizodlar bizdə idi. 88-ci dəqiqəyə qədər ədalətli nəticə bərabərlik idi. “Neftçi”nin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Belə epizoddan sonra məhz qol buraxdıq. Hər şey bundan sonra başladı. Bütün güclə hücuma atılıb, qol vurduq. Bəlkə də, bu, qələbəyə bərabər olacaqdı. Ancaq sanki oyunçular matçın bitdiyini düşündü. Bundan sonra rəqib yenə qol vurdu. Matçdan sonra uşaqlarla danışdıq və bu oyundan dərs çıxarmalı olduğumuzu bildirdik. Rəqibin qələbə qolunda zəncirvari səhvlər etdik. Məyusedicidir, amma oyundan sonra qənaətə gəldim ki, bu məğlubiyyətin bizimçün faydası olacaq. Bu gün də ilk dəqiqədən sona qədər intizamı qoruduq. Ötən oyundakı qol bizi daha böyütdü.
- Bu mövsüm daha məhsuldar oynayırsınız. Oyun planında nələrisə dəyişdiniz?
- Müəyyən dəyişikliklər oldu. Lakin indi detallara varmaq istəmirəm. Ötən il çoxsaylı epizodlar qaçırırdıq. Arada uğursuz seriyaya düşürdük. Qol vura bilmədiyimiz oyunlarda hücumlarımız çox olurdu. Çalışacağıq ki, bütün komponentlərdə inkişaf edək.
saytlarin hazirlanmasi