"Millimizdə qələbə ruhu yoxdur, çox aciz və cılız görünürük" - MÜSAHİBƏ

15:22 - 23 Mart 2025

Azərbaycan milli komandasının sabiq futbolçusu Əfran İsmayılov Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisi Haiti ilə görüşdə məğlub oldu. Sizin üçün gözlənilən nəticə idi, yoxsa millimizin qalib gələcəyinə inanırdınız?

- Açığı millimizin məğlub olacağını ehtimal edirdim. Bilirdim ki, Haiti millisi fiziki cəhətdən çox yaxşıdır, futbolçuları da güclü klublarda oynayırlar. Lakin bu cür məğlubiyyət mənim üçün gözlənilməz idi. Ən azından 1:2 və ya 1:1 olacağını düşünürdüm. Heç olmasa qol vuracağımızı ehtimal edirdim. Amma üzücü məğlubiyyətlə qarşılaşdıq. Nə demək olar? Növbəti görüşə hazırlaşmaq lazımdır.

- Ümumiyyətlə, Azərbaycan millisində oyun sarıdan dəyişən nəsə gördünüz? Yoxsa, nə ruh, nə də oyun sarıdan dəyişən bir şey yox idi?

- Xeyr, oyun cəhətdən dəyişən bir şey görmədim. Əksinə, daha da geriləmə olduğunu düşünürəm. Əks-hücumlara çıxırdıq, amma sonluğu qoya bilmirdik. Dişsizlik var, komanda oyunu yoxdur. Həminki sistemdə oynadıq. Komanda ruhu yox idi.

- Sizcə, Azərbaycan millisi nə vaxt və necə qalib gələ bilər rəqiblərinə? 

- Bilmirəm. Bundan sonra daha ağır oyunlarımız olacaq. DÇ-2026-nın seçmə mərhələsinə hazırlaşırıq. Orada daha çətin və daha güclü rəqiblərimiz var. Strategiyadan və inkişafdan danışırıqsa, uduzmaq problem deyil, heç olmasa komanda ruhunu geri qaytarmaq, oyunu inkişaf etdirmək lazımdır. Bunları görmürük deyə, danışmaq çox çətindir.

- Milli komandamıza yeni oyunçular cəlb edilib. Amma onlara şans verilmədi, meydanda yenə də adət etdiyimiz oyunçular buraxıldı. Yeni tsikl üçün daha yenilənmiş, daha gənc heyətlə oynamaq olmazdı?

- Milliyə yeni elə də çox oyunçu cəlb edilməmişdi. Birinci Liqadan Şahin Şahniyarov idi. Onu da meydana buraxmaq risk idi. Yeni-yeni dəvət olunur. Əsas oralara gedib çıxmaqdır. Bunu bacarıbsa, özünü inkişaf etdirsə, meydana da çıxacaq. Mənim daha çox bəyəndiyim oyunçu var, o da Səbuhi Abdullazadədir. Onu milliyə dəvət edilməsi mənim üçün önəmli idi. O da dəvət edildi, meydana da daxil oldu. Çox yaxşı da oynadı. Azərbaycanda mənim üçün sayılıb-seçilən futbolçulardandır. Özünü inkişaf etdirsə, çox yaxşı klublarda oynaya bilər.

- Belarusla görüşdə millidən hansı nəticəni gözləyirsiz? Sizcə, bir neçə gün əvvəl Tacikistana 5:0 qalib gələn belarusları Bakıda məğlub etmək olacaq?

- Onların Tacikistanı udması elə də problem deyil. Belarus dişimizə uyğun rəqibdir. Oyun cəhətdən Haitidən zəifdir. Yaxşı oyunlarımızdan birini oynasaq, onları uda bilərik. Bu görüşdə qələbə qazanmaq çox vacibdir.  Yoldaşlıq görüşü olsa da, qələbə ruhunu komandaya qaytarmaq lazımdır. Bunu bacara bilmirik. Üzücü olan da budur. Belarusla görüşdə qalib gələ bilərik. Millimizdə qələbə ruhu yoxdur, çox aciz və cılız görünürük. Bunun da nəticəsində uduzuruq. 

- Haiti ilə görüşdən sonra bu qənatə gəlmək olar ki, onsuz da şansı görünməyən millimiz DÇ-2026-nın Ukrayna, İslandiya və Xorvatiya və ya Fransa ilə yer aldığı qrupda bir xal da qazana bilməyəcək?

- Bu haqda danışmaq istəmirəm. Çünki danışmağa da ehtiyac yoxdur. Bu mövzu bağlanıb. Orada bir xal da yığsaq, yaxşıdır. Bu cür oyunlardan sonra DÇ-2026-dakı matçlar haqda danışmağın adı da yoxdur. İnkişafı fikirləşiriksə, öncəliyimiz komanda ruhunu geri qaytarmağımızdır. Bunun üçün kollektivə lider olmalıdır, önə çıxmalıdır. Baş məşqçi önəmli rol oynasa da, futbolçuların özündə qələbə ruhu olmalıdır, vuruşmalıdır. Bunlar yoxdur. Əlimizdə olan oyunçular budur. Aciz görünürük, bu da məğlubiyyətə gətirib çıxarır. Milli üçün hamı vuruşmalıdır, indiki futbolçular da, keçmişdə oynamışlar da. Bundan sonra daha da çətinləşəcək. Çünki legioner limiti də götürülür, azərbaycanlı futbolçuların oynaması da sual altına düşəcək. Oynayanlar da milliyə necə gələcək, hansı durumda olacaqlar? Axırımız qəliz görünür. Yaxşı olmasını hamımız istəyirik. Millimizə uğurlar arzulayıram, milli döyünən ürəyimizdir. Uduzmaq da olar, sadəcə uduzanda da ürəyimizi meydanda qoymalıyıq. Təsir edən məsələ odur ki, çox aciz görünürük, ucuz qollar buraxırıq. Rəqibin oyunçuları cərimə meydançamızda çox rahat oynayırlar, çox rahat dönürlər, çox rahat zərbə vururlar. Biz qalib gələcəyimizi gözləyirik, Haiti millisi isə cərimə meydançamızda rahat hərəkət edir. Nə bilim....Biri var ki, mübarizə aparıb, uduzursan. Amma bu cür ucuz qollar buraxmaq üzücüdür. Bu da ondan irəli gəlir ki, komandada ruh, istək, lider yoxdur. Bu acizliyin sonu necə olacaq, bilmirəm. Axırımız yaxşı görünmür.

Mirbağırağa
 

Xəbər xətti