"Neftçi" ilə matçda yaratdığımız epizodları qola çevirə bilmədik"

16:10 - 8 Aprel 2025

"Şamaxı"nın müdafiəçsi Cəlal Hüseynov Misli Premyer Liqasının 29-cu turunun "Neftçi" ilə matçından sonra Sportal.az saytına açıqlama verib.

Komandanı meydana kapitan kimi çıxaran futbolçu oyunu dəyərləndirib. Hüseynov yaratdıqları fürsətləri reallaşdıra bilmədiklərini deyib:

"Çətin oyun oldu. "Neftçi"nin yaxşı komanda olduğunu bilirik. Matça yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, yaratdığımız epizodları qola çevirə bilmədik. Bəlkə də ilk hissədə qol vursaydıq, gedişat tam başqa olardı. Deyərdim ki, dəqiqlik çatmadı. Bu, futboldur. Elə olur ki, bir təhlükəli epizod yaradırsan, qola çevirirsən və matçın taleyini həll edirsən. Elə də olur ki, xeyli epizod yaratsan da, fərqlənə bilmirsən. Bu gün alınmadı".

"Şamaxı"30-cu turda səfərdə "Sumqayıt"ın qonağı olacaq. Cəlal Hüseynov bu matç haqda danışarkən Sumqayıta qələbə üçün gedəcəklərini bildirib:

"Hər oyuna ciddi yanaşırıq. İstəyirik ki, qalib gələrək turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıraq. "Sumqayıt"la matça da qələbə qazanmaq üçün çıxacağıq".

Elçin Əlixan 

Xəbər xətti