Albaniya klubunun üzvü: "Azərbaycanda oynamaq istəmirəm, amma məcbur qalanda qayıdıram" - MÜSAHİBƏ

16:22 - 23 Noyabr 2025

Albaniyanın "Lüftetari" klubunun qapıçısı Elməddin Məmmədov Sportal.az saytına müsahibə verib.

- Albaniyada işlərin necə gedir? Komanda 12 komanda arasında 11-ci pillədədir...

Hər şey qaydasında gedir. Amma təbii ki, daha yaxşı ola bilərdi. 11-ci pillədə olsaq da, 6-cı yerlə aramızda 4 xallıq fərq var. Bura elədir ki, hər bir komanda digərini məğlub edə bilər. Bir çox oyunçumuzu zədə səbəbindən itirdik. Elə oyunlar oldu ki, 4-5 futbolçumuzdan əskik çıxmışdıq meydançaya. Burada legioner limiti yoxdur, o biri klublarda çoxlu sayda legioner oynayır. Mənim komandam isə legionerə üstünlük vermir. Digər komandalardakı qədər yaxşı maliyyəmiz yoxdur. Ən ən əsası klubun maddi durumu stabildir. Qışdan sonra nəticələr daha yaxşı olacaq.

- Komanda zəif nəticə göstərsə də, fərdi olaraq vəziyyətin yaxşıdır deyəsən. Çünki daimi oynayırsan. Öz performansından razısan? Albaniyada oynamaq asandır, yoxsa çətin?

- Bəli, 11-ci turdur və ardıcıl olaraq 10 turda qapıda dayanmışam. Performansım normaldır. Kobud səhvim olmayıb, ancaq bəzi matçlarda komandamı xilas edə biləcəyim oyunlar olub. Burada oynamaq çətindir. Çünki azarkeşlərin, rəhbərliyin təzyiqi var. Birinci Liqa olsa da, yüksək ödənişli cənubi amerikalı hücum xətti var. Hər gün yağış yağır, stadionun ot örtüyü qapıçılar üçün də yaxşı olmur. Hətta məğlub olursan, şəhərə çıxanda hər kəs sosuşur ki, nəyə görə uduzdunuz? Qalib gəldiyimiz matçlardan sonra vətəndaşlar yolda saxlayıb, marketdən nəsə almağa çalışır, ya kofe içəndə hesabını ödəyirlər. Albaniya əsl futbol ölkəsidir, burada futbol çox sevilir.

- Albaniya 1-ci liqası və yüksək liqası arasında uçurum var? 

- 2-3 komandanı çıxmaq şərtilə yox dərəcəsindədir. Məsələn, hazırda "Skenderbeu", "Laçi" və "Kukesi" kimi klublar 1-ci liqadadadır. Burada pul hardadırsa, yaxşı oyunçular ordadır. Onlar üçün liqa fərqi yoxdur. 

- Albaniya yüksək liqası klublarından birinə keçmək ehtimalın var? Heç təklif almamısan?

- Xeyr, düzü heç bir klubdan rəsmi təklifim olmayıb. Söhbətlər olub, lakin o təklif gəlməyib.

- Albaniya klubundakı maaşın, maliyyə durumun necədir? Oralarda oynamağa dəyir heç olmasa, yoxsa sən daha çox perspektivini düşünüb bu addımı atdın?

- Azərbaycan 1-ci liqasında qazandığımdan bir az daha yaxşı qazanıram burada. Amma ən əsası burada oynamaq mənə özümü yaxşı hiss etdirir. Hər mənada belədir. Azərbaycanda oynamaq istəmirəm, amma məcbur qalanda qayıdıram(gülür).

- Azərbaycan millisində oynamış Yusif İmanov Kosovoda qısa müddət oynadı, sonra geri qayıtdı o da. Amma sən tək-tük futbolçularımızdansan ki, uzun illərdir xaricdə oynayırsan. Malta, Maldiv adaları klublarının formasını geyinmisən...

Yusifin Azərbaycana geri qayıtmasından xəbərim var. Orada nə baş verib, vəziyyət necə olub, bilmirəm. Yusif də çox yaxşı qapıçıdır. Gələcəkdə daha yaxşı olacaq, daha yaxşı liqalarda oynayacaq. Mən özüm də, həmişə kənarda oynamağa can atmışam. Çox yüksək səviyyəli çempionatlarda oynamasam da, mənim üçün önəmli olan oynamaqdır. Mənə kənarda oynamaq daha rahatdır, xaricdə yaşamaqla bağlı adaptasiya problemim olmur, darıxmıram.

Mirbağırağa

Xəbər xətti