Klub sferasında ən çətin sayılan işlərdən biri də transfer siyasətidir. Xüsusilə, bahalı futbolçuların alışı daha həssas yanaşma tələb edir. Çünki aşağı qiymətə gətirilən oyunçunun zəif performansı o qədər gözə girməsə də, yüksək məvacibli futbolçularla bağlı durum fərqli olur.
Koxalski "Qarabağ"ın bu günə qədər gerçəkləşdirdiyi ən bahalı transfer sayılır. Klub bu barədə heç bir açıqlama verməsə də, Polşa mətbuatı keçidin 800 min avro civarında olduğunu iddia etmişdi.
Mateuş "Qarabağ"a uyğunlaşmaqda çətinlik çəkirdi. Polşada istedadlı qapıçı kimi tanınan Koxalski ilk vaxtlarda özünü yeni klubunda tapa bilmirdi. Tərslikdən Buntiç də ümidləri doğrultmurdu. "Qarabağ"ın avrokuboklarda qapıçı səhvlərindən yediyi qollar, uğursuz çıxış... Belə bir təəssürat yaranmışdı ki, "Qarabağ" mütləq yeni qapıçı gətirməlidir.
Lakin publika bu mövsüm qarşısında fərqli Koxalski görür. Elə bil başqa adamdır, elə bil başqa qapıçıdır çərçivədə. Bu Koxalski ötən mövsümdəkinə qətiyyən bənzəmir. "Napoli"ylə oyunda onun dəyişimini biz də izlədik, Avropada da gördülər. Penalti qurtarışı, seyvləri Koxalskinin həftənin rəmzi yığmasına düşməsini şərtləndirdi.
Buna qədər də Koxalskinin Avropanın bəzi klublarının maraq dairəsində olmasına dair xəbərlər yayılmışdı. Xüsusilə, "Borussiya" Dortmund klubunun onu transfer eləmək istəməsi, "Qarabağ"ın bunun qarşılığında 3 milyon avro tələb etməsi məlumatı diqqət çəkirdi.
Bu xəbərlərin nə qədər doğru, nə qədər yalan olmasını demək olmur. Amma bu gedişlə Koxalskiyə görə "Qarabağ"ın qapısının döyüləcəyi şübhə doğurmur. Onu da nəzərə almaq lazımdır ki, Koxalski polşalıdır. Bu ölkənin qapıçılıq məktəbi dünya səviyyəsində qəbul olunur. Bu amil Koxalskinin daha böyük klublara transfer edilməsində müəyyən rol oynaya bilər.
Həmid
saytlarin hazirlanmasi
