Bakı "İnter"i Çempionlar Liqasında

16:23 - 9 Avqust 2013

Komanda turnirə 16 futbolçu ilə yollanacaq
 
2002-ci ildən etibarən “The children champion cup Lukoil” çempionatı keçirilir. 
 
Sportal.az xəbər verir ki, bu turnir UEFA Çempionlar Liqasının uşaqlar üçün analoqudur. Bu il ilk dəfə həmin turnirə Azərbaycan komandası qatılacaq. Belə ki, “The children champion cup Lukoil” yarışında Azərbaycanı “İnter”in U-12 komandası təmsil edəcək. 
 
Ayın 12-də komanda Anatalyaya yollanacaq. Həmin axşam turnirin püşkatma mərasimi baş tutacaq və 6 klub 2 qrupa bölünəcək. Yarış ayın 13-dən 16-na kimi davam edəcək.
 
"İnter"dən başqa Antalyadakı təsnifat turnirində Türkiyənin "Qalatasaray" və "Antalyaspor", Bolqarıstanın "Slaviya", Makedoniyanın "Vardar" və Gürcüstanın "Dinamo"(Tbilisi) komandaları mübarizə aparacaq.
 
Baş məşqçi Vaqif Hidayətovun komandası turnirə 16 futbolçu ilə yollanacaq.
 
Turnirin final mərhələsinə Antalyadakı yarışın bir qalibi yollanacaq. Türkiyədəki turnirdə öz qruplarında  2-ci və 3-cü yeri tutmuş komandalar isə təsəlliedici yerlər uğrunda mübarizə aparacaq. 
 
Qeyd edək ki, Antalyadakı yarışın rəsmi şəxsi tanınmış türkiyəli futbolçu Rüştü Rəncbər olacaq.

Xəbər xətti