Azarkeşlər "İnter"i dəstəkləməkdə davam edəcək

11:35 - 28 Avqust 2013

Görüş keçirildi
 
Dünən "İnter" Azarkeş Klubunun növbəti iclası keçirilib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə klubun prezidenti Ruslan Muradov və rayon şöbələrinin rəhbərləri, eləcə də klubun bəzi üzvləri iştirak edirdilər. Muradov ötən 4 tur çərçivəsində keçirilən oyunlarda Azarkeş Klubunun gördüyü işlər barədə qısa məlumat verdi və qarşıdakı oyunlarda həyata keçiriləcək fəal dəstək tədbirləri haqqında danışdı. Azarkeş Klubunun prezidenti "İnter" komandasının son turda əldə etdiyi qələbənin bütün azarkeşlər tərəfindən böyük ruh yüksəkliyilə qəbul edildiyini vurğuladı və belə qələbələrin sayının hər tur artacağına ümidvar olduğunu bildirdi. 
 
Görüşdə Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçiriləcək "İnter" - "Simurq" qarşılaşmasına hazırlıq məsələləri də müzakirə olundu. Komandanın dəstəklənməsində yeniliklərə müraciət edilməsinin əhəmiyyəti vurğulandı. Muradov növbəti qarşılaşmalarda da belə yeniliklərdən istifadə edilməsinin mühüm olduğunu xüsusilə vurğuladı.
 
İclasda son zamanlar müxtəlif azarkeş klubları arasında yaranmış vəziyyət də müzakirə olundu. Klub üzvləri müxtəlif azarkeş klubları arasında mehriban dostluq əlaqələrinin yaradılmasının Azərbaycan futbolunun inkişafında mühüm rol oynadığını qeyd etdilər və "İnter" Azarkeş Klubunun bu məsələdə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə davam edəcəyini vurğuladılar.
 
Görüşün sonunda komandanın ev oyunlarında olduğu kimi, səfər oyunlarında da dəstəklənməsinin vacibliyi önə çəkildi. Klub üzvləri bildirdilər ki, "İnter" Azarkeş Klubu "İnter" komandasını həmişə səfər oyunlarında dəstəkləmişdir və bundan sonra da dəstəkləməkdə davam edəcək. 

Xəbər xətti